Məhəmməd Nəbi oğlu Əsədov — həyatı və yaradıcılığı

Şrift
Məhəmməd Nəbi oğlu Əsədov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məhəmməd Nəbi oğlu Əsədov — həyatı və yaradıcılığı.

Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il dekabrın 5-də Zəngilan rayonunun Baharlı kəndində doğulub. 4-cü sinfi bitirəndən sonra təhsilini Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən orta məktəbdə davam etdirib. 1958-ci ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb. 1961-1964-cü illərdə orduda xidmət edib. Sonra Sumqayıt şəhərinə gəlib və 1 saylı trestdə betonçu kimi işləyib. 1965-ci ildə S.

M. Kirov adına Azərbaycan Dövlət Universitetinin "Maliyyə və kredit" fakültəsinə daxil olub. 1965-ci ildə 2 saylı trestdə mühasib işləyib, 1967–1968-ci illərdə Plan şöbəsinin müdiri vəzifəsində çalışıb. 1968-ci ildə Sumqayıt Şəhər Partiya Komitəsinin Sənaye şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkilib. 1973–1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin, 1975–1978-ci illərdə isə Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1978-ci ildə Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib. 1980-ci ilə qədər Ağsu rayonunda fəaliyyət göstərib. 1982 -ci ildə Moskva Təhlükəsizlik Akademiyasını fərqlənmə diplomu ilə başa vurub.

Azərbaycan təhlükəsizlik orqanlarında məsul vəzifədə çalışıb. 1983–1986-cı illərdə Jdanov (Beyləqan) Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. 1986–1988-ci illərdə Mərkəzi Komitədə yüksək vəzifədə işləyəndə dəfələrlə Xankəndiyə gedir. 1988–1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyir. 1989–1990-cı illərdə bu fəaliyyətini Quba Rayon Partiya Komitəsinin birinci katibi kimi davam etdirir.

Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilir. Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni təcavüzünü gözləri ilə görən nazir Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır, asayişi qorumaq üçün silah-sursat tələb edirdi. O, tez bir zamanda Xüsusi Təyinatlı Milis Dəstəsi yaradır.

Xocalı hava limanında ermənilərin gediş-gəlişinə nəzarəti gücləndirmək üçün DİN-in qüvvələrini səfərbər edir. 1990-cı il noyabr ayının 5-də ona general-mayor rütbəsi verilir. 1991-ci ilin noyabr ayına qədər Daxili İşlər naziri vəzifəsində çalışır. Göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının dövlət və müdafiə təhlükəsizliyi üzrə müşaviri təyin edilir.

O, yenidən sərhəd rayonlarına, Qarabağa, Ağdama, Göygölə, Gədəbəyə, Kəlbəcərə, Laçına, Goranboya, Tərtərə gedir. Çaykənd, Qarabulaq, Todan, Erkəç, Mənəşli və digər kəndlərin quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edir. Bölgələrdən Bakıya dönən Əsədov müdafiənin gücləndirilməsi üçün təxirəsalınmaz, təcili tədbirlərin görülməsi barədə Baş nazirə və Prezidentə kəskin müraciətlər edir, təkliflərini bildirirdi.

1991-ci il noyabrın 20-də saat 12. 57-də Ağdam uçuş zolağındakı Mi-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər- 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi. İkinci vertolyot-Mİ-8 N72 isə birincini müşayiət etməli idi.

Amma, ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13. 48-də birincinin yerinə havaya qalxır. Hesablamalara görə, Qarakənd üzərində 300 metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulur. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır.

Lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə saat 15:30-da yayımlanmışdı. Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verdi. Həlak olan 22 nəfər arasında Məhəmməd Əsədov da var idi…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗