Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cəfər Məhəmmədəli oğlu Məmmədzadə(Kavian) — həyatı və yaradıcılığı.
Cəfər Məhəmmədəli oğlu Məmmədzadə(Kavian) 1895-ci ildə Təbrizdə doğulub. 1908-ci ildə atası və qardaşı ilə birlikdə Səttar xanın rəhbərliyi ilə Məşrutə hərəkatında iştirak edib. Hərəkat məğlub olduqdan sonra qardaşı İsrafillə birlikdə Bakıya gəlib. Bakıda yaşadığı müddətdə dərzilik edib.
İki ildən sonra 1914-cü ildə Təbrizə geri qayıdıb. 1918-ci ilə qədər Sosial-Demokrat Partiyasının üzvü kimi gizli inqilabi fəaliyyət göstərib. Fədailər və yoldaşları arasında "Məşədi" ləqəbi ilə tanınıb. Təqiblərdən qurtulmaq üçün bir müddət Bakıda və Naxçıvanda yaşayıb. 1920-ci ildə Xiyabani hərəkatında iştirak edib."Xalqın qəzəbi" adlı fədai dəstəsinə başçılıq edib.
1922-ci il fevralın 1-də Təbrizdə Əbülqasım Lahutinin rəhbərliyi ilə hökumət idarələri ələ keçirildi və Milli Komitə yaradıldı. Bu hərəkatda Cəfər Kavian fədailərin başçısı kimi iştirak edib. Bir neçə müddət sonra hərəkat kazak dəstələri tərəfindən yatırılıb,Cəfər Kavian təqiblərdən qurtulmaq üçün Əbülqasım Lahuti ilə birlikdə Tiflisə gedib.
Birləşmiş Zaqafqaziya Federal Partiyasına üzv olub və partiya tərəfindən siyasi təhsilini artırmaq üçün Bakıya göndərilib. 1922–1924-cü illərdə Lenin adına Ali Partiya Məktəbində siyasi işçi ixtisası üzrə təhsil alıb. 1925-ci ildə Azərbaycan Kommunist Partiyasının sərəncamı ilə Naxçıvanda yerləşən Dağ-Mədən Fəhlə Həmkarlar İttifaqının sədri təyin olunub. 1926-cı ildə Naxçıvan MSSR-nin nümayəndəsi kimi Bakıda keçirilən Mədən İşçilərinin Ümumittifaq Qurultayında iştirak edib. 1927-ci ildə "Komintern"in tapşırığı ilə İrana göndərilib. Təbrizdə, Rəştdə, Mazandaranda, Tehranda gizli inqilabi iş aparıb.
İran Kommunist Partiyasının yaradılmasında iştirak edib. 1930-cu ilin sonlarında həbs olunub. 6 il 7 ay Qəsri-Qacar həbsxanasında tək adamlıq kamerada cəza çəkib. 1937-ci ildə həbsdən azad olunduqdan sonra Zəncan şəhərinə sürgün edilib. Cəfər Kavian 1941-ci ildə Sovet ordusu İrana girdikdən sonra sürgündən azad olunaraq Təbrizə gəlir.
Tudə partiyasına üzv olur və Mərkəzi Komitəsinin üzvü seçilir. 1944-cü ilə qədər Təbrizdə müxtəlif təşkilatlarda fəaliyyət göstərir. 1945-ci il sentyabrın 14-də Təbrizdə Azərbaycan Demokrat Partiyasının qurulması ilə bağlı Cəfər Kavianın da üzv olduğu 14 nəfərlik Təşkilat Komitəsi yaradıldı. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başladı.
Cəfər Kavian da Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib. Azərbaycan Milli Hökumətinin Milli Məclisinin birinci iclası dekabrın 12-də keçirilib. Seçilən nümayəndələrdən 26 nəfəri cəbhədə olduqları üçün məclisin ilk iclasında iştirak edə bilmirlər.
Onlardan biri də Cəfər Kavian olub. Elə həmin gün yeni qurulan hökumətin rəhbəri Seyid Cəfər Pişəvəri tərəfindən Xalq qoşunları naziri təyin olunub. Cəfər Kavian Azərbaycan Milli hökumətinin qərarı ilə general-mayor rütbəsi ilə təltif olunub.
Azərbaycan Milli Hökumətinin Milli Məclisi 1945-ci il dekabrın 20-də "Qızılbaş" xalq qoşunlarının yaradılması haqqında qanun qəbul etdi. Milli Hökumət yeni yaranmış qoşunlarına Şah İsmayıl Xətainin öz ordusuna verdiyi adı, "Qızılbaş" adını verdi. "Qızılbaş" Xalq Qoşunlarının baş hərbi qərargahı yaradıldı.
Bu qərargahda Cəfər Kavian da var idi. 1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün və Milli Hökumətin qurulmasında göstərdiyi şücaətə görə "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif edilib. Milli Hökumət dağıldıqdan sonra, 1947-ci ildə Bakıya köçüb.
Mir Cəfər Bağırovun göstərişi ilə o və digər firqə rəhbərləri əvvəlcə Mərdəkanda yerləşdiriliblər. 1953-cü ilə qədər Bakıda Azərbaycan Demokrat Firqəsinin fəaliyyətində iştirak edib. 1975-ci ilin yanvar ayında Bakıda dünyasını dəyişib. Dövlət tərəfindən Fəxri Xiyabanda dəfn olunması nəzərdə tutulsa da ailə üzvlərinin istəyi ilə Bakıxanov qəsəbəsinin qəbiristanlığında dəfn olunub… RUHU ŞAD OLSUN!
