Yusif Bəhlul oğlu Yusifov — həyatı və yaradıcılığı

Şrift
Yusif Bəhlul oğlu Yusifov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Yusif Bəhlul oğlu Yusifov — həyatı və yaradıcılığı.

Yusif Bəhlul oğlu Yusifov 1929-cu il sentyabrın 23-də Qərbi Azərbaycanın Vedi rayonunda doğulub. 1946-cı ildə İrəvanda Azərbaycan Pedaqoji Texnikumunu bitirdikdən sonra təhsilini Leninqrad Universitetində davam etdirib və orada qədim Şərq dilləri (şumer, akkad, elam, iran) üzrə yüksək filoloji hazırlıq keçib. 1952-ci ildə Universitetin İran filologiyası şöbəsini bitirən Yusif Yusifov vətənə qayıdır və 1952–1953-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix və Fəlsəfə İnstitutunda əmək fəaliyyətinə başlayır. Qədim Şərq tarixinə maraq və universitetdə aldığı zəngin biliyi elmi-tədqiqat sahəsində reallaşdırmaq arzusu onu yenidən Leninqrada aparır. 1953–1956-cı illərdə o, görkəmli şumerşünas və assurşünas İ.

M. Dyakonovun rəhbərliyi ilə aspiranturada təhsilini davam etdirir, dünya tarixşünaslığında az öyrənilmiş mövzulardan olan Elam tarixini mövzu kimi seçir. Yusif Yusifovun Elam tarixinin son dövrünə aid ilk irihəcmli məqalələri və 1958-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası görkəmli şərgşünas alimlərin diqqətini cəlb edir, onu nüfuzlu elamşünas alim kimi tanıdır.

Elmdə öz sözü və istiqaməti olan alim kimi vətənə dönən Yusif Yusifov 1967-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışır. Elam, Midiya, Assuriya və Urartu tarixinin mühüm problemlərinə aid məqalələr nəşr etdirir, Elamın ictimai-iqtisadi tarixinə aid doktorluq dissertasiyasını başa çatdırır və 1965-ci il tarixində Tbilisidə uğurla müdafiə edir. 1968-ci ildə Moskvada Elamın ictimai-iqtisadi tarixinə həsr olunmuş irihəcmli monoqrafiyası nəşr olunur. 1967-ci ildən pedaqoji fəaliyyətə başlayan Yusif Yusifov M.

F. Axundov adına Pedaqoji Dillər İnstitutunun Azərbaycan tarixi kafedrasında professor, 1971-ci ildən ömrünün sonunadək isə Azərbaycan Pedaqoji Universitetində professor, kafedra müdiri, fakültə dekanı vəzifələrində işləyib. Yusif Yusifov 1993-ci ildə ömrünün ən dəyərli kitablarından birini-ali məktəblər üçün "Qədim Şərq tarixi" dərsliyini nəşr etdirir.

Onun maraq dairəsi Azərbaycan tarixinin demək olaraq ki, dörd min illik (e. ə. III min.

– b. e. I min.) dövrünü əhatə edirdi.

O, hazırda ali məktəblərdə fundamental elmi vəsait olan "Azərbaycan tarixi" dərsliyinin redaktoru (akademik Z. Bünyadovla birlikdə) və müəlliflərindəndir. Onun qədim yazılı abidələr, Şumer dili üzrə işləri, həmçinin türkoloji və toponimik tədqiqatları bu elm sahələrinin inkişafında mühüm rol oynayıb.

Monografiya və məqalələri dünyanın bir çox universitetlərində bu günədək əsas dərs vəsaitləri və mənbə kimi istifadə olunur. Yusif Yusifovun həyatının son illəri fəal elmi və tədris fəaliyyəti ilə xarakterizə olunur. 4 yanvar 1998-ci ildə Bakıda dünyasını dəyişən alim Azərbaycan və dünya elminin tarixində silinməz iz qoyub. O, Böyük Sovet Ensiklopediyasının 1981-ci il tarixli nəşrinə Azərbaycan SSR-nin görkəmli tarixçi alimi, ilk və yeganə elamşünası kimi daxil edilib…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗