Məhəmməd Hacı İlyas oğlu Sarıkərimli — həyatı və yaradıcılığı

Şrift
Məhəmməd Hacı İlyas oğlu Sarıkərimli — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məhəmməd Hacı İlyas oğlu Sarıkərimli — həyatı və yaradıcılığı.

Məhəmməd Hacı İlyas oğlu Sarıkərimli 1889-cu ildə Şəkidə doğulub. Şəkidəki rus-tatar məktəbində ibtidai təhsilini başa vurduqdan sonra atası Hacı İlyas Osmanlı dövlətinə köçməyə qərar verir. Ailə Bursaya yerləşdikdən qısa müddət sonra Hacı İlyas Sarıkərimli vəfat edir.

O və qardaşı Bursada Hərbi liseyə, sonra Bursa Ali Hərbi Məktəbinə qəbul olur. 1909-1912-ci illərdə Osmanlı Hərb Akademiyasında təhsil alır. 1912-ci ilin mart ayında leytenant kimi Vanda xidmət edir. 1913-cü ilin aprelində Vandakı 52-ci alayın birinci bölüyünə təyin edilir və rus ordusunun analiz edilməsi üçün qısa bir müddətə Cənubi Azərbaycana göndərilir. 1913-cü ilin iyul ayında Osmanlı dövlətinə geri dönür və baş leytenant rütbəsi alır. 1916-cı ilə qədər 33-cü tümən komandanı general Qalatalı Şövkətın əmr zabiti olaraq Sarıqamış əməliyyatına qatılır. 11 iyul 1916-cı ildən 12 fevral 1917-ci ilə qədər Ərzurumda II Qafqaz ordu korpusunun bütün cəbhə döyüşlərində iştirak edir. 1917-ci ilin mart ayında İstanbulda Ənvər paşanın qərargahında kəşfiyyat şöbəsinə təyin edilir.

Burada qısa bir müddət işlədikdən sonra gizli pasportla bir il Stokholm və Kopenhagendə, daha sonra Peterburq və Moskvada kəşfiyyat tapşırıqlarında iştirak edir. Bu dövdə türk hərbi əsirlərin rus müharibə əsirləri ilə dəyişilməsi üçün Qırmızı Aypara Cəmiyyətinə üzv olaraq Sankt-Peterburqa göndərilir. Birinci Dünya müharibəsinin sonlarına yaxın mayor rütbəsi alır.

1918-ci ildə Türkiyəyə dönərək 24 oktyabr 1919-cu ildə Hərbi Akademiyaya qəbul olur. 18 may 1921-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsinə qatılmaq üçün Anadoluya gedir. Baş Qərargahda Şərq İşləri müdiri, 1921-ci ilin noyabr ayından 1921-cü ilə qədər Qərb cəbhəsi qərargahında III şöbənin müdiri olur. Müharibə zamanı marşal Fevzi Çaxmaqın rus dili üzrə tərcüməçisi olaraq xidmət edir.

1921-cü ildə Hərbi Akademiyadakı təhsilinə davam edir. 1925-ci ildə akademiyanı bitirir və İzmir Mövqe Komandanlığının Kəşfiyyat şöbəsinin müdiri təyin edilir. 1927-ci ildə Ankarada Milli Təhlükəsizlik Xidmətinin müdiri olur, 1929-cu ildə 189-cu Alayın II Taboruna komandanlıq edir. 30 avqust 1930-cu ildə polkovnik-leytenant rütbəsi alır və Baş Qərargahın Kəşfiyyat şöbəsinin müdiri təyin edilir. 30 avqust 1933-cü il tarixində polkovnik rütbəsi alır. 1933-cü ilin oktyabr ayında Cümhuriyyətin 10-cu ildönümü mərasimlərinə qatılan və aralarında marşal Kliment Voroşilov, marşal Semyon Budyonnı, SSRİ xarici işlər nazirinin köməkçisi Lev Karaxan, SSRİ-nin Ankaradakı keçmiş səfiri Semyon Aralov, SSRİ təhsil naziri Bubnov, təhsil nazirinin köməkçisi Krijanovskinin yer aldığı Sovet heyətinə mehmandar olaraq təyin edilir. Məhəmməd Sarıkərimli bu tədbirdə və digər rəsmi görüşlərdə Atatürkün şəxsi tərcüməçisi olub və o, Atatürkün ən çox etibar etdiyi zabitlərdən biri idi.

1936-cı ildə Moskvada Türkiyənin hərbi ateşesi təyin olunur. 1939-cu ilin 30 avqustunda o, briqada generalı, 1941-ci ildə general-mayor, 1946-cı ildə general-leytenant rütbəsi alır. ABŞ Hərbi Nazirinin müavini Vilyam Draper, Xarici İşlər Nazirinin müavini Frank Visner və ABŞ Baş Qərargah Heyəti Planlar və Hərəkat şöbəsinin müdiri general-polkovnik Albert Redemayerlə müxtəlif görüşlərə qatılanlar arasında general Mahmud Bərköz və qardaşı general Mehmet Bərköz də vardı. 6 aprel 1949-da ABŞ-nin yüksək rütbəli hərbçilərinin Ankaraya ikinci səfəri zamanı Türkiyədə nümayəndə heyətini qarşılamağa general Mahmud Bərköz və qardaşı general Mehmet Bərközə həvalə edilir.(Türkiyədə "Soyad haqqında" qanun qəbul ediləndən sonra Məhəmməd Sarıkərimli və qardaşı bu adı götürüb).

1947-ci ildə Baş Qərargah Rəisliyinin Əməliyyat Yarbaşqanlığına, 1949-cu ildə Jandarma Ümumi Komandanlığına təyin edilir. 1950-ci ilin iyununda təqaüdə çıxır. Ancaq bir həftədən sonra, 13 iyunda o, daha önəmli bir vəzifə olan olan Milli Təhlükəsizlik Təşkilatının Baş katibi təyin edilir.

6 sentyabr 1951-də bu vəzifədən öz istəyi ilə təqaüdə çıxır. 1975-ci ildə İstanbulda vəfat edir… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗