Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Fatma Əfəndiyeva — həyatı və yaradıcılığı.
Fatma Əfəndiyeva 1906-cı ildə Qaraqoyunlu mahalının Çəmbərək rayonunun Çaykǝnd kəndində doğulub. İlk təhsilini də Çaykənddə alıb. 1927-1929-cu illərdə Ermənistan SSR İctimai Təminat komissarı və 1935-1937-ci illərdə Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi olan Bala Əfəndiyevin əmisi qızı və eyni zamanda həyat yoldaşı olub.
Sovet Ermənistanında Türk Qadınlar Klubunun təşkilatçısı və ilk müdiri olan F. Əfəndiyeva orada mədəni-maarif sahəsində xeyli işlər görüb. Türk Qadınlar Klubunun təşkilatçısı və ilk rəhbəri kimi, o, kluba qadınları cəlb edib, onların savadlanması uğrunda maarifçilik işi, təbliğat aparıb.
Fatma Əfəndiyeva Ermənistanda XX əsrin 20-ci illərində latın əlifbasına keçidin də öncülərindən biri olub və həyat yoldaşı Bala Əfəndiyevlə birlikdə İrəvanının mədəni və maarif həyatında fəal rol alıb. Bala Əfəndiyev 1938-ci ildə represiyaya məruz qalaraq güllələndikdən sonra Fatma xanım Əfəndiyeva da 8 il müddətinə azadlıqdan məhrum edilib. Hər ikisi təxminən 20 il sonra tam bəraət alıb.
1924-cü il teatr prosesinin maraqlı hadisələrindən biri də o olub ki, "azərbaycanlı Fatma xanım Əfəndiyeva ilk dəfə İrəvanda səhnəyə çıxıb. Gənc qız "İki yol və yaxud Məhəmmədəmin Azəri" pyesində Gülsüm rolunda oynayıb" ("Yeni fikir", 3 mart, 1925-ci il). Fatma xanım Əfəndiyeva İrəvan Dövlət Azərbaycan Dram Teatınının fəal üzvü olmaqla yanaşı, məsul vəzifələrdə çalışan həyat yoldaşı Bala Əfəndiyevin rəhbərliyi ilə İrəvanda yeni əlifba ilə ana dilində nəşr olunan "Zəngi" və "Rəncbər" qəzetlərində də müxbir kimi fəaliyyət göstərib.
Fatma Əfəndiyeva 1982-ci ildə Bakıda vəfat edib… RUHU ŞAD OLSUN!
