Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Maral Rəhmanzadə — həyatı və yaradıcılığı.
Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakının Mərdəkan qəsəbəsində doğulub. 1922-ci ildə Bakı şəhərində H. Cavid adına 8 saylı qız məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illərdə "Ana dili" kitabındakı xalq nağıllarına və "Aran köçü" hekayəsinə ilk şəkillərini çəkib. 1930–1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, 1934–1940-cı illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.
O, tanınmış heykəltəraş və Qazaxıstan Rəssamlıq Akademiyasının fəxri üzvü Vaqif Rəhmanovun böyük bacısıdır. Maral xanım 1940-cı ildə Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. 6 ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M.
Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıdır. "Mənim bacılarım"da, "Bizim qızlar"da Azərbaycan qadınlarının obrazları var. "Doğma Vətənim", "Azərbaycan" tabloları ölkəmizi ibtidaidən aliyə vəsf edir.
Böyük Vətən Müharibəsi zamanı vətənpərvərlik mövzusunda bir sıra əsərlər yaradır. Müharibə illərində sovet qadınlarına həsr etdiyi silsiləyə “Xalq könüllüləri”, “Cəbhədə qadınlar”, “Partizan qızı” və “Rabitəçi” daxildir. 19 çapdan ibarət silsilə isə arxa cəbhədəki əmək fəaliyyətinə həsr olunub: “Təsərrüfatda iş”, “İctimai fəallar” və “Cəbhəçilər üçün çıxış edən aktyorlar”. “Arvadlar ərlərini əvəz edir” adlı əsərində zavodlarda çalışan qadınları təsvir edib.
1940-cı illərdə bədii ədəbiyyat əsərlərinə illüstrasiyalar çəkir. 1945-ci ildə Xətainin “Dəhnamə” və Zöhrabbəyovun “Odlar yurdu” kitablarını təsvir edir. “Dəhnamə”də qadın obrazlarının poetik təqdimatına nail olur. O,Cəfər Cabbarlının “Qız qalası” və “Gülzar” əsərlərinin də illüstrasiyalarını yaradıb. 1947-ci ildə neft sənayesinə həsr olunmuş 10 əsərdən ibarət “Neft” adlı avtolitoqrafiya silsiləsini ilk dəfə sərgiləyir.
Digər əsərlər arasında “Yeni müəssisə”, “Neft buruğunda”, “Vintli nasos” və “Borulara vurulan fontan” yer alır. 1948-ci ildə 10 əsərdən ibarət “Sosialist Bakı” silsiləsini tamamlayır. Bu silsiləyə sənaye və şəhər mənzərələri, həmçinin “Növbə dəyişikliyi”, “Növbə günü” və “Yeni binanın inşasında” kimi əsərlər daxildir.
O, neft mədənlərində işləyən ilk rəssam olub. Neftçilərin gündəlik həyatını və Xəzər dənizindəki neft yataqlarını təsvir edib. “Xəzər dənizində” adlı avtolitoqrafiya seriyası yaratmış və 15 rəngli litoqrafiyadan ibarət albom Moskvada nəşr olunub.
1950-ci ildə Cəfər Cabbarlının iki cildlik şeir toplusuna illüstrasiyalar çəkib.“Sevil”, “Almaz” və “Solğun çiçəklər” əsərlərinin personajlarını təsvir edib. M. F.
Axundovun “Aldanmış kəvakib” pyesinin illüstrasiyalarını da hazırlayıb. A. S.
Puşkinin “Yevgeni Onegin” və M. Y. Lermontovun “Zəmanımızın qəhrəmanı” kimi tərcümə olunmuş nəşrlərin illüstrasiyaları üzərində işləyib.
1950-ci illərin sonunda o, “Bakı” adlı rəngli avtolitoqrafiya seriyası hazırlayıb.“Bakı” silsiləsi 1959-cu ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənətinin onilliyinə həsr olunmuş sərgidə nümayiş etdirilib. M. Rəhmanzadə linogravüra texnikasında da çalışib və ilk əsərləri Sumqayıt və Rustavi şəhərlərindəki sənaye və şəhər mənzərələrinə həsr olunub. 1960-cı illərdə Azərbaycanın ucqar bölgələrinə səyahət edib və “Vətənim” və “Azərbaycan” adlı rəngli linogravüra silsilələri yaranıb.
Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilib. Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri göstərilib. Əsərləri Tretyakov qalereyası (Moskva), R.
Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. "Azərbaycan neft ölkəsidir", "Bizim Xəzərdə" və "Avtoportret" tabloları rəssamın ən məşhur əsərləridir.
Maral Rəhmanzadə 2008-ci il martın 16-da vəfat edib və Mərdəkan qəbiristanlığında dəfn olunub…
