Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cövdət Hacıyev — həyatı və yaradıcılığı.
Cövdət Hacıyev 1917-ci ildə Nuxa (Şəki) şəhərində doğulub. Orta təhsilini başa vurduqdan sonra, 1935–1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938–1941-ci illərdə isə Moskva Konservatoriyasında oxuyub və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, 1957–1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışıb.
Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynayan Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərib. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirən gözəl pedaqoq olub. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən, Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunub.
Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də, ömrünün 85-ci ilində vəfat edib. Rəqqasə, Azərbaycan SSR Xalq artusi Əminə Dilbazinin həyat yoldaşıdır. Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.
Hacıyev "Sülh uğrunda" simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib. Qara Qarayevlə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortopiano əsərləri də C. Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur.
O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli "Simfoniya"nı, iki simfonik poemasını, "Azərbaycan süitası"nı simli kvartet və sair əsərlərini bəstələyib. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı "Vətən" operasına görə "Stalin" mükafatına layiq görülüb. Cövdət Hacıyev ümumilikdə 8 simfoniya, həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifıdir.
Cövdət Hacıyevin "Zirvələrə" adlanan altıncı və "Şəhidlər" adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. Cövdət Hacıyevin "Onu zaman seçib" adlı səkkizinci simfoniyası Heydər Əliyevə həsr olunub.
O, aşağıdakı mükafatlara layiq görülüb: "Azərbaycan SSR xalq artisti" fəxri adı-24 may, 1960; "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı, 26 aprel, 1958; "Stalin" mükafatı (2-ci dərəcə)-1946 ("Vətən" operasına (1945) görə); "Stalin" mükafatı (3-cü dərəcə) — 1952 ("Sülh uğrunda" simfonik poemasına (1951) görə); "Lenin" ordeni-20 avqust 1986; "Oktyabr inqilabı" ordeni-1977; "Qırmızı əmək bayrağı" ordeni-9 iyun 1959; "Şərəf nişanı" ordeni-1961; "Şöhrət" ordeni-17 iyun 1997; 7 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb… RUHU ŞAD OLSUN!
