Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İskəndər bəy Rüstəm bəy oğlu Sultanov — həyatı və yaradıcılığı.
İskəndər bəy Rüstəm bəy oğlu Sultanov 1897-ci il mayın 25-də Zəngəzur qəzasının Qasımuşağı obasında doğulub. 1909-cu il yanvarın 20-də Bakı Kommersiya Məktəbinə daxil olub və 1916-cı ildə təhsilini başa vurub. Bir müddət Şuşa Qəza Polis İdarəsində işləyib.
İskəndər bəy Sultanov 1918-ci ilin sentyabr ayında Bakının azad olunmasında iştirak edib. Döyüşdə göstərdiyi şücaətə görə "Məcidiyyə" türk hərbi ordeni ilə təltif olunub. 1919-cu ilin yanvar ayından etibarən Qarabağın general-qubernatoru olan əmisi Xosrov bəy Sultanovun yavəri olub. Qarabağda və Zəngəzurda baş vermiş döyüşlərdə iştirak edib.
Bu döyüşlərin birində sol gözünü itirib. Xosrov bəy Azərbaycan Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarova göndərdiyi 1919-cu il 14 iyul tarixli teleqramında İskəndər bəydən də bəhs edib və bu teleqramdan sonra İskəndər bəy Sultanov hərb nazirinin əmri ilə praporşik rütbəsi alıb. AXC Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul etdi.
Qərarın icrası üçün 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edildi. İskəndər bəy Sultanov da ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub.
Xaricə göndərilən tələbələr, o cümlədən də İskəndər bəy 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıblar. İskəndər bəy əvvəlcə Batuma, daha sonra Fransaya, oradan isə Almaniyaya gedib. Berlində yerləşən Şarlottenburq Politexnik İnstitutunda təhsil almağa başlayıb.
Azərbaycan Xalq Cümhuriyyəti dağıldıqdan sonra 1921-ci ildən etibarən Azərbaycan SSR tərəfindən təqaüd almağa başlayıb. Azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün hazırladıqları məlumatda Sultanovun təhsilinin bitməsinə 2 il qaldığı göstərilib. 1928-ci ildə İsgəndər bəyin təqaüdü kəsildiyi üçün müəllimlik edib, çertyojlar çəkib və kinofirmalarda statist işləyib. 1928-ci ildə təhsilini başa vurub. 1933-cü ilin sentyabr ayında Azərbaycan Sovet Sosialist Respublikasına gəlib.
"Azərneft"də elektrik kəşfiyyatı mühəndisi kimi işə düzəlib. 1935-ci il may ayının 15-də XDİK tərəfindən həbs olunub. 15 maydan 27 oktyabradək 18 dəfə dindirilib. 1935-ci il dekabrın 27-də Aqaparon Orbelyanın sədrliyi ilə Azərbaycan SSR Ali Məhkəməsinin Xüsusi Kollegiyasının qərarı ilə İskəndər bəy Sultanov 10 il azadlıqdan məhrum edilib və 1936-cı il yanvarın 29-da Orta Asiya İslah Əmək Düşərgəsinə (Sazlaq) göndərilib.
İskəndər bəyin bacısı Dilarə Sultanovanın 1991-ci ildə Azərbaycan SSR DTK Repressiya və bəraətlər şöbəsinə yazdığı məktubda qeyd edib ki İskəndər bəy 1942-ci ildə Zərəfşanda İslah Əmək Düşərgəsində dünyasını dəyişib. İskəndər bəy Sultanovun atası Rüstəm bəy Sultanov 1875-ci ildə Qasımuşağı obasında dünyaya gəlib. Qarabağ xanlığının Qaraçorlu mahalının naibi olmuş Həmzə bəyin nəslindəndir.
Mühəndis olub və Bakı neft mədənlərində işləyib. Anası isə Balış xanım Mustafa bəy qızıdır. Bu evlilikdən Leyla, Diləfruz, Dilarə adlı qızları və İskəndər adlı oğulları dünyaya gəlib.
Əmisi Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru və Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri olub…
