Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Leyli Azolina — həyatı və yaradıcılığı.
Leyli Azolina 1922-ci ildə Bakıda doğulub. Atası, Bakı Dövlət Universitetinin professoru və Azərbaycan poeziyası ilə muğamının böyük bilicisi Ağabəy Firudinbəyov qızına Şərqin sevgi dastanı olan “Leyli və Məcnun”un qəhrəmanının adını verib. Leylinin anası Valentina Viktorovna Azolina onun tələbəsi olub.
Lakin, Leylinin valideynlərinin evliliyi baş tutmayıb və o, tezliklə anası ilə Moskvaya köçüb. Orada anası yenidən ailə qurub və Leylinin iki kiçik bacısı dünyaya gəlib. Leyli atasının soyadı Firudinbəyov kimi deyil, anasının qızlıq soyadı olan Azolina kimi qeydə alınıb.
1939-cu ildə Liliya 236 nömrəli orta məktəbi bitirib və Moskva Geoloji Kəşfiyyat İnstitutuna daxil olub. O, yaxşı tələbə və sinif yoldaşları arasında hörmətli bir şəxs idi. Öz-özünə alman dilini öyrənir, çoxlu kitab oxuyur və idmanla məşğul olurdu.
Ailəsinin kasıb olmasına baxmayaraq, institutun ən gözəl qızı hesab edilirdi. Onun haqqında yazırdılar: “Leylinin tünd gözləri və qıvrım saçları var, hündür və heyrətamiz dərəcədə gözəldir. Təəccüblü deyil: o, Azərbaycan və rus qanının qarışığıdır.
İncə, uzun ayaqları olan Leyli çox düz gəzir və heç nədən qorxmur.” O, 1941-ci ilin oktyabrında Moskvanın Krasnopresnenski Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Təcrübəli telefon operatoru və alman dilini səlis bilən Leyli düşmən xətlərinin arxasında telefon danışıqlarını dinləmək üzrə-texniki kəşfiyyat sahəsində ixtisaslaşıb. Leylinin düşmən arxasındakı ilk əməliyyatı 12 noyabrda polkovnik Sergey İovlevin komandanlığı altında yeni yaradılmış dəstənin tərkibində həyata keçirilib.
Basqın Uqodski zavodu, Çernaya Qryaz və Vısokiniç ərazilərində baş tutub. Onun əsas missiyası texniki kəşfiyyat idi: gizli şəkildə alman kabellərinə qoşularaq, əla alman dilində danışan Lilya düşmən qoşunlarının hərəkəti, silahları və hücum planları barədə məlumat toplayırdı. Araşdırmaçı alim, Prof.
Dr. Zaur Əliyev qeyd edir ki, o, 11 dekabr 1941-ci ildə Moskva vilayətinin Zveniqorod (indiki Odintsovo) rayonunda düşmən xətlərinin arxasında Birləşmiş Millətlər Cəbhəsinin döyüş əməliyyatı zamanı qayadan sürüşərək yıxılıb və əsir düşüb. Leylinin yeganə xatirəsi Kremlin yaxınlığındakı Geoloji Kəşfiyyat İnstitutunun köhnə binasındakı xatirə lövhəsindəki addır və o, həlak olan tələbələr arasında qeyd olunub.
Bu gün Rusiyada çox mübahisəli bir məsələ davam edir: qəhrəman Zoya Kosmodemyanskayadır, yoxsa Leyli? Əsgər döyüş yoldaşları iddia edirlər ki, almanlar tərəfindən edam edilən və özünə “Tanya” deyən qız əslində Leyli olub. Zoya isə Sovet İttifaqı Qəhrəmanı adını ona bənzədiyi üçün alıb və o dövrdə millətçilik edən sovet rəhbərliyi Leylinin haqqını əlindən alaraq Zoyaya verib.
Bununla bağlı araşdırmalar 1967-ci ildən davam edir və əldə edilən faktların əksəriyyəti göstərir ki, əsl qəhrəman Leylidir, Zoyaya isə onun uğurları aid edilib. Komsomol Mərkəzi Komitəsinin arxivləri Zoyanın cəbhəyə göndərilməsini xahiş etdiyi ərizəni tapa bilmir, onun məktubları və qeydləri yoxdur. Əvəzində Vətəni qorumaq üçün ön cəbhəyə getmək istəyən Leylinin ərizəsi ortaya çıxır.
Bütün faktlar qəhrəmanın Leyli olduğunu təsdiq edir, Zoyanın adı əsas sənədlərdə yer almır. Rusiyalı tarixçi Aleksandr Sokolov Leylinin “Qərb Cəbhəsi Xüsusi Təyinatlı Dəstəsinin” əsgərləri ilə birgə çəkilmiş şəklini aşkar edərək itkin düşmüş qızın taleyinə işıq salıb. Fotoşəkili o vaxt hələ sağ olan müharibə veteranları imzalayıblar: “Kəşfiyyatçı Azolin Liliya (Leyli)”.
Bu fakt sübut edir ki, məhz Zoya deyil, Leylinin qəhrəmanlıqları ona Sovet İttifaqı Qəhrəmanı adını qazandırmalı idi. Davam edən mübahisələrdə rus şovinizmi üstünlük təşkil edir. Dövlət İstintaq Komissiyası 18 yaşlı Moskva məktəblisi Zoya Kosmodemyanskayanın 1941-ci ilin noyabrında Petrişçevo kəndində edam edildiyi qənaətinə gəlib və bununla da Leyli Azolinanın xidmətləri onun adına yazılıb.
Beləliklə, daha bir azərbaycanlı qəhrəmanın adı və xidməti rus şovinizminin qurbanına çevrilib…
