Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Arif Nəzər oğlu Heydərov — həyatı və yaradıcılığı.
Arif Nəzər oğlu Heydərov 1926-cı il iyunun 28-də Ağdaşda doğulub. 17 yaşında, 1943-cü ildə SSRİ Xalq Dövlət Təhlükəsizliyi Komissarlığının Kəşfiyyat İdarəsində işə qəbul olunaraq dövlət təhlükəsizliyi orqanlarında çalışmağa başlayıb. Moskvada XDTK-nin xüsusi təyinatlı məktəbini bitirdikdən sonra könüllü olaraq cəbhəyə yollanıb və İkinci Dünya müharibəsinin döyüş əməliyyatlarında-Polşa və Almaniya cəbhələrində kəşfiyyat bölmələrinin tərkibində iştirak edib. 1946-cı ilin sentyabrına qədər Leypsiq şəhərində, daha sonra isə 1947-ci ilə qədər Saksoniya vilayətində sovet hərbi komandanlığının operativ şöbəsində xidmət edib. 1945-ci ildə Vistula-Oder əməliyyatında iştirak etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunub, lakin, "Qırmızı bayraq" ordeni ilə təltif edilib.
1944–1970-ci illərdə Azərbaycan dövlət təhlükəsizliyi orqanlarının kəşfiyyat bölmələrində müxtəlif vəzifələrdə çalışıb. Onun sonuncu vəzifəsi Türkiyədəki xarici əks-kəşfiyyat sahəsinə nəzarət edən rezidenturanın rəis müavini vəzifəsi olub. 1970-ci ilin mart ayında Heydər Əliyevin təşəbbüsü ilə Arif Heydərov Azərbaycan SSR daxili işlər naziri vəzifəsinə təyin edilib. 1976-cı ildə ona daxili xidmət general-leytenantı ali xüsusi rütbəsi verilib.
SSRİ-nin "Qırmızı bayraq", "Şərəf nişanı" ordenləri və bir çox sovet və xarici ölkə medalları ilə təltif olunub. 1978-ci il iyunun 29-da Arif Heydərov Bakıdakı iş otağında Şuşa həbsxanasının əməkdaşı Ziya Muradov tərəfindən güllələnərək ölümcül yaralanıb. İstintaq materiallarına əsasən aydın olub ki, Ziya Muradovun ilkin hədəfi müavin Salahəddin Kazımov olub.
Onlar arasında Ziya Muradovun vəzifədə irəli çəkilməsi məsələsinin uzun müddət həll olunmaması səbəbilə ciddi narazılıq yaranmışdı. Ziya Muradov əvvəlcə nazirin köməkçisi, polkovnik Əziz Safixanovu güllələyərək öldürüb, sonra nazirin iş toplantısı keçirdiyi otağa daxil olub. Hücum zamanı otaqda olan Salahəddin Kazımova da üç dəfə atəş açıb.
Toplantının digər iştirakçısı polkovnik İbrahimov hücuma heç bir şəkildə maneə törətmədən otaqdan qaçıb. O, sonradan verdiyi ifadəsində qatilin atəşlərinin ardıcıllığını təsdiqləsə də, hadisə yerini dərhal tərk etdiyinə görə əlavə məlumat verməyib. Bəzi məlumatlara görə, Arif Heydərov Ziya Muradovu silahsızlaşdırmağa cəhd edib və bu zaman yaralanıb.
Hadisədən sonra Ziya Muradov özünü güllələyərək intihar edib. Ağır yaralanan Arif Heydərov xəstəxanaya çatdırılsa da, həmin gün vəfat edib. Arif Heydərov Fəxri Xiyabanda, atasının məzarının yanında dəfn olunub.
Arif Heydərov Azərbaycan Dövlət Universitetində 1951–1957-ci illərdə təhsil aldığı dövrdə və sonrakı illərdə təhlükəsizlik orqanlarında əməkdaşlıq etdiyi Heydər Əliyevlə yaxın şəxsi və peşəkar münasibətlərə malik olub. Arif Heydərovun Daxili işlər naziri vəzifəsinə irəli çəkilməsi məhz Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə baş tutub. Atası Nəzər Heydərov 1949–1954-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışıb.
Qardaşı Qaçay Heydərov iqtisad elmləri doktoru, professor olub. Arif Heydərov 1963-cü ildə Adilə Heydərova (1935–2015) ilə ailə qurub. Leyla adlı qızı, Murad və Maqsud adlı iki oğlu olub.
Arif Heydərov alman, rus, türk və fars dillərini, həmçinin işgüzar səviyyədə ingilis dilini bilirdi. 1950-ci illərdə avarçəkmə üzrə iki dəfə Azərbaycan çempionu olub. Bakıda yerləşən küçələrdən birinə, Daxili İşlər Nazirliyinin hospitalına və Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinə, Dövlət Sərhəd Xidmətinin Astara sərhəd zastavasına Arif Heydərovun adı verilib. 1996-cı il iyunun 28-də Arif Heydərovun 70 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən Heydər Əliyev onu "Azərbaycan xalqının generalı" adlandırıb: "Bu, bizim üçün böyük itki oldu, xalqımız, respublikamız üçün böyük itki oldu, şəxsən mənim üçün çox böyük itki oldu.
Onun vəfatı günü bütün Azərbaycan matəmə batdı. Bu, bizim hamımız üçün matəm oldu, bütün Azərbaycan xalqı üçün matəm oldu"… ALLAH RƏHMƏT ELƏSİN!
