Vəcihə Əli qızı Səmədova — həyatı və yaradıcılığı

Şrift
Vəcihə Əli qızı Səmədova — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Vəcihə Əli qızı Səmədova — həyatı və yaradıcılığı.

Vəcihə Əli qızı Səmədova 1924-cü ildə şirniyyatçı Kərbəlayi Əli və evdar qadın Rübabə Səmədovanın ailəsində doğulub. Atası Qars azərbaycanlısı idi. O, qardaşı ilə birlikdə İrəvana, oradan da Bakıya köçərək burada Rübabə xanımla tanış olur.

Rübabə xanım isə İranın Qum şəhərindən gəlmiş azərbaycanlı ailəsindən idi. Vəcihə Səmədovanın uşaqlıq illəri İçərişəhərdə keçib. Kiçik yaşından rəsmə marağı olduğu üçün atası ona məşhur rəssamların kitablarını alır.

O, 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1944-cü ilə qədər təhsilini davam etdirən Vəcihə Səmədova gələcək həyat yoldaşı və müəllimi Lətif Feyzullayevlə məhz burada tanış olur. Məktəbi fərqlənmə ilə bitirdikdən sonra təhsilini Moskvada Surikov adına Rəssamlıq İnstitutunda davam etdirir. L.

Feyzullayev də müharibə səbəbindən yarımçıq qalan təhsilini başa vurmaq üçün Moskvaya gəlir və çox keçmədən onlar ailə həyatı qururlar. 1945-ci il noyabrın 1-də Bakıda ilk övladları Nicat dünyaya gəlir. 1 il fasilədən sonra yenidən təhsilini davam etdirən Vəcihə Səmədova 1949-cu ildə təhsilini başa vuraraq Bakıya qayıdır. O, 1951-ci ildə "Üzeyir Hacıbəyov tələbələri arasında" adlı diplom işini müvəffəqiyyətlə müdafiə edir.

Müəllimi Pavel Korinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova oğlunun 7 yaşı olduğu üçün Bakıya qayıtmağa qərar verir və müstəqil yaradıcılığa başlayır. O, Azərbaycanın ilk peşəkar qadın rəngkarı olur.

Vətənə qayıtdıqdan sonra burada Əzim Əzimzadə adına Rəssamlıq Kollecində müəllim kimi işə başlayır. İlk illərdə maddi sıxıntılara görə onlar bir müddət İçərişəhərdə Vəcihə Səmədovanın ata evində yaşayırlar. 1958-ci ildə rəssamlar evinin tikintisi sona çatdıqdan sonra cütlüyə mənzil verilir.

Rəssamın emalatxanası da bu binada yerləşirdi. 1962-ci ildə ona ayrı bir emalatxana təqdim edilir. Lakin o, bu emalatxanada uzun illər yaradıcılıqla məşğul ola bilmir və ağır xəstəliyə tutulur.

1957-1963-cü illər onun yaradıcılığında ən məhsuldar illərdir. 1962-ci ildə Bolqarıstana yaradıcılıq ezamiyyəti yeni istiqamətin inkişafına təkan verir. Rəssamın bu silsiləyə daxil olan əsərlərindən “Sofiya bazarında”, “Qoca bolqar qadınları”, “Plovdiv qayaları”, “Türk qızı”, “Tırnovo” ” və başqalarını qeyd edə bilərik. O, həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzir.

"Kür qırağında", "Mahnı", "İntizarda", "Toya hazırlıq" tematik tabloları, "Qoşqar yaylağında", "Göy göl", "Kəpəz", "Kür sahillərində" silsilə mənzərələri, "Pambıqçı", "Şamama Həsənovanın portreti" kimi əsərlər yaranır. 1953-cü ildə aktrisa Leyla Bədirbəylinin portretini çəkir. Onun portret əsərlərinə misal olaraq “Avtoportret”, “Sürəyya Kərimovanın portreti”, “Gənc skripkaçı”, “Geoloq Minurə Məmmədbəylinin portreti” və digərlərini göstərmək olar.

Rəssam son tablosu olan "Xəbər gözləyirəm" adlı rəsm əsərini 1963-cü ildə çəkib. Rəsmdə çimərlikdə dayanan və balıqçılardan xəbər gözləyən insanlar təsvir olunub. Əsərdə qəzadan əvvəl yaranan gərginliyi hiss etmək mümkündür.

Bu gərginlik ən çox ön planda dayanan qadının üzündə görünür. Rəssamın oğlu Nicat Feyzullayev deyib ki, bu qadın anasının obrazıdır. O, ağır və sağalmaz xəstəliyindən xəbərdar olan zaman bu şəkli çəkib.

1962-ci ildə Vəcihə Səmədova xərçəng xəstəliyinə tutulur. Həkimi rəssama əməliyyatla qolunun amputasiya edilməsini təklif edir. Lakin, rəssam buna razılıq vermir.

Nəticədə rəssamın vəziyyəti pisləşir. Sonra Moskvada əməliyyat edilsə də çox gec olur. 1965-ci ildə Vəcihə Səmədova 41 yaşına 1 ay qalmış vəfat edir. Mərkəzi Komitə Fəxri Xiyabanda ona yer ayırsa da rəssam vəsiyyəti üzrə müsəlman qəbiristanlığında dəfn edilir.

Vəcihə Səmədovanın vəfatından az sonra adı Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna verilib. Ölümündən sonra həyat yoldaşı Lətif Feyzullayev ona həsr etdiyi “Köhnə qəbiristanlıq”, “Tənha məzar”, “Rəssam Vəcihə Səmədovanın portreti” və “Səhər” tablolarını yaradır…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗