İslam bəy Qəbulzadə 3 may 1879-da Zaqatala Dairəsinin Qax kəndində doğulub.1897-ci ildə Z…

Şrift
İslam bəy Qəbulzadə 3 may 1879-da Zaqatala Dairəsinin Qax kəndində doğulub.1897-ci ildə Z…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İslam bəy Qəbulzadə 3 may 1879-da Zaqatala Dairəsinin Qax kəndində doğulub. 1897-ci ildə Z….

İslam bəy Qəbulzadə 3 may 1879-da Zaqatala Dairəsinin Qax kəndində doğulub. 1897-ci ildə Zaqatala 4-sinifli şəhər məktəbini bitirib. İbtidai məktəb müəllimi və türk dili müəllimi adı almaq uçün Bakı şəhər birinci gimnaziyasında imtahan verib. Hacı Mirzə Səlim Axundzadənin (1872–1930) bildirdiyinə görə, o, "İstanbulda Rüşdiyyə məktəbində türk dili oxuyub" (ancaq Rusiyada həmin təhsil nəzərə alınmadığına görə sənədlərində bunu göstərməyib).10 avqust 1905-ci ildə Qax məktəbinə türk dili müəllimi təyin edilib. 27 sentyabr 1910-cu ilde Bakı şəhər 5 saylı rus-türk məktəbinə müəllim əvəzi, 1 aprel 1911-ci ildə isə müəllim təyin edilib.

İslam bəy 25 avqust 1913-cü ildə yaxın qohumu Firuzə xanım Qəbulova (d. 15. 10. 1896) ilə ailə qurub. Firuzə xanım 1916-da hamiləykən ağır xəstələnib. Onun sonrakı taleyi bəlli deyil, ancaq bilirik ki, İslam bəy sonra Qəntin xanım Qəbulova ilə evlənib və ondan Rüfət adlı yeganə övladı doğulub.

Uslam bəy XX yüzilin başlanğıcındakı ən fəal milli aydınlarımızdandır. O, Azərbaycanda qabaqcıl maarifçi kimi tanınmışdı. Onun "Qəvaidi-lisani-türki" (1902) adlı dərsliyindən Azərbaycan məktəblərində türk dili müəllimləri, "Rəhbəri-hesab" (1910) dərsliyindən isə riyaziyyat müəllimləri uzun illər yararlanıb.

Hələ Qaxda dərs deyərkən mətbuatda çoxlu dəyərli yazılarla çıxış edib. Bakıya gəldikdən sonra fəaliyyəti daha da genişlənib. 1914-cü ildə "Səfa" cəmiyyətinin katibi seçilib. 1917-nin fevralında çarizm devrildikdən sonra Qafqaz qaynar qazana çevrilib. Bu ağır dönəmdə İslam bəy Bakı 5-ci rus-türk məktəbini tərk edərək ata yurduna gəlib və 1917-də müvəqqəti Zaqafqaziya hökuməti (Zaqafqaziya Komissarlığı) onu Zaqatala Dairəsinin komissarı təyin edib.

Gürcüstan Tarix Arxivindəki sənədlər İslam bəyin komissar kimi fəaliyyətini, hədsiz mürəkkəb bir dönəmdə Zaqatala bölgəsi əhalisinin mənafeyini bacarıqla qorumasını əks etdirir. 1918-in başlanğıcında Tiflisdə Zaqafqaziya parlamenti-Seym yaradılarkən o, Zaqatala Dairəsindən bir müsavatçı kimi buraya deputat seçilib (28 fevral 1918). Seym öz üzvlərindən onu və Hacı Mirzə Səlim Axundzadəni Şəki-Zaqatala bölgəsindəki milli münaqişələri öyrənməyə göndərib.

Bu zaman gürcü quldurları onu tutaraq işgəncə veriblər. Bundan sonra İslam bəy bir daha Tiflisə dönməyərək Seym üzvlüyündən çıxıb (8 aprel 1918) və yenə Qaxda müəllimlik edib. Azərbaycan müstəqil olduqdan sonra isə Bakıya gələrək istiqlalımızı möhkəmlətmək yolunda çarpışıb.

Maarif Nazirliyinin xətti ilə faydalı işlər görüb. 2 dekabr 1919-cu ildə "Müsavat" partiyasının 2-ci qurultayı keçirilərkən o, qurultayın katibi seçilib. Bu qurultayda Zaqatala müsavatçılarının nümayəndəsi kimi təbrik çıxışı söylərkən deyib ki, partiyanın 1-ci qurultayının materialları ermənilər "İsmailiyyə"ni yandıran zaman məhv olsa da o, katib kimi qərarın mətnini qoruyub saxlayıb.

Bu məlumatı qurultay alqışlarla qarşılayıb. AXC rus süngüləri ilə devrildikdən sonra azadlığımızı qorumaq üçün sinəsini qalxan edən İslam bəyi kommunistlər məhv etdilər. M.

Ə. Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" kitabında "İstiqlal şəhidləri" adlandırdığı adamlar siyahısında onun da adını ayrıca çəkib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗