Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.
Dəyərli dostlar! İzləyicilərimizin istəyi ilə bu dəfə Corat qəsəbəsi haqqında məlumat verəcəyik… …
XIII–XIV əsrlərin görkəmli dövlət xadimi, tarixçi Fəzlullah Rəşidəddin "Came ət-təvarix" əsərində xatırlanan türk-monqol etnonimləri sırasında Corat qəbilə adını da çəkib ki, bu da Azərbaycan ərazisindəki Corat yer adında öz izini saxlayır. Hazırda dünyada yüzdən çox "Corat" deyilən yer, qəsəbə, insan, hərəkat və s. bildirən ad var.
Məsələn,Tailandda Corat qəsəbəsi mövcuddur. Qalib Qadir "Corat: qloballaşan dünyanın daş yaddaşı" kitabında bu barədə çox maraqlı məlumatlar verib. Bakının tarixinə dair sənəd toplularından birində 1813-cü il aprelin 30-da qədim şəhərin 37 ətraf kəndindən xəzinəyə daxil olan gəlirlər və əhalinin sayı haqqında siyahıda 10-cu sırada Coratın adı çəkilir və göstərilir ki, bu kəndin 88 sakini dövlət xəzinəsinə 114 manat 40 qəpik vergi ödəyib.
Kəndi seçilmiş kəndxuda idarə edirmiş. Hələ XIX əsrdə gəmi ilə İrana, Rusiyaya mal daşıyan tacirlər arasında Coratdan da zirək adamlar olub. "Əkinçi" qəzeti 1877-ci ildə yazırdı ki, güclü tufan nəticəsində Bakıdan Rusiyaya 950 baş qoyun aparan coratlı tacirin gəmisi Xəzərdə batıb.
Coratlılar tarixən balıqçılıq, bağçılıq və bostançılıq, heyvandarlıqla məşğul olublar. XIX əsrin 80-ci illərinə dair bir məlumatda göstərilir ki, Coratda 300, Qobuda 200, Maştağa və Sarayın hərəsində 100 baş iki və bir hörgüclü dəvə saxlanırdı. Dəmiryol nəqliyyatı işə düşəndən sonra Abşeronda dəvəçilik bir təsərrüfat sahəsi kimi sıradan çıxıb.
Keyfiyyətli dəvə yunundan müxtəlif paltar və döşənəcək hazırlanmasında istifadə olunurdu. Dəvə ətindən əsasən qutab bişirilirdi. İndi də Corat dəvə qutabı adı ilə məşhurdur.
Coratın köhnə bağ yerləri-"Çalour", "Dəhnə", "Hacıdərəsi", "Astanbəy", "Möməli yeri", "Həbib bağı" yaşlı sakinlər tərəfindən xatırlanir. "Dadaş bağı" İosif Stalinin inqilabi fəaliyyəti dövründə müvəqqəti daldalandığı yer imiş. Coratlı Hacıbaba Daşdəmirov burada onun təhlükəsizliyini təmin edib.
Coratlıların bostan yerləri əsasən indiki Hacı Zeynalabdin qəsəbəsinin ərazisində, dəniz qırağında olub."Təsdim", "Qurd dərəsi", "Dovşan yatağı", "Sarıqaya" adlanan yerlər indi də el arasında olduğu kimi adlandırılır. Corat ərazi cəhətdən Abşeronun ən iri kəndlərindən olub və Böyük İpək yolunun üzərində yerləşib. El arasında bu yola Karvan yolu, El yolu da deyilib.
Coratda yeddi karvansara fəaliyyət göstərib. Sovet hakimiyyəti qurulandan sonra Coratda "Oktyabr" kolxozu yaradılıb. 1949-cu ildə Sumqayıt şəhərinin salınması ilə əlaqədar bu kolxoz ləğv edilərək Saray qəsəbəsindəki Voroşilov adına kolxoza təhvil verilib və Corat Sumqayıtın tərkibinə daxil edilib. Coratda çoxlu qədim abidələr olub.
Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, XIV əsrə aid hamam, ehsanlıq su quyuları… Təəssüf ki, əksəriyyəti artıq yoxdur. Saray bağlarında, "Qurd dərəsi", "Dovşan yatağı" adlanan yerlərdə, indiki 17–18-ci mikrorayonların ərazilərində qəsəbənin taxıl zəmiləri və meyvə bağları olub. Corat qəbiristanlığındakı sərdabələr, daş kitabələr, sənduqələr, pirlər, qəbirüstü yazılar uzaq keçmişdən soraq verir.
Vaxtilə buradakı daş kitabələrdən biri Sankt-Peterburqdakı Ermitaj muzeyinə aparılıb. Başqa bir kitabə isə Bakıya, Qız qalasının yanındakı daş "qardaş"larının yanına aparılaraq türistlərə nümayiş etdirilir. Tarixi-memarlıq abidələri kimi Corat qəbiristanlığındakı "sandıq" qəbirləri, XVI əsrə aid Hacı Məcid hamamı, XVII əsrə aid qəsəbənin daxilindəki Hacı Əmrulla hamamı və hamamı su ilə təmin edən quyu, XVII əsrə aid məscid, min illik tarixi olan qədim məscid, Şah Abbas karvansarasının qalıqlarını, kənddəki pirləri göstərmək olar…
CORAT SAKİNLƏRİNƏ BÖYÜK HÖRMƏTLƏ, NAMİQ HƏSƏNOV
