Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Zümrüd Axundova — həyatı və yaradıcılığı.
Zümrüd Axundova 1912-ci il martın 1-də Şəkidə doğulub. Orta təhsilini Bakı Pedaqoji texnikumunda alıb(1927-ci ildə bitirib). Həmin ildən dərs deməyə başlayıb.
15 yaşından 5 saylı məktəbdə müəllimlik edib. 1929-cu ildə Xalq Maarif Komitəsi tərəfindən nümunəvi komsomol məktəbinə keçirilib. Eyni zamanda Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda oxuyub. 1931-ci ildə İnstitutu bitirib, aspiranturaya qəbul olunub. 1934-cü ildə aspirant kimi təhsilini Moskvada Ali Kommunist Maarifi İnstitutunda davam etdirib.
Orada akademik Y. N. Medinskinin rəhbərliyi ilə 1 il çalışdıqdan sonra aspiranturanı bitirib.
Bakının müxtəlif ali məktəblərində-Azərbaycan Pedaqoji İnstitutu, Xarici Dillər İnstitutu, Azərbaycan Dövlət Universitetində də pedoqoji fəaliyyətlə məşğul olub. 1943–1948-ci illərdə Qiyabi Pedaqoji İnstitutda pedaqogika kafedrasına rəhbərlik edib. 1948-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetində (ADU) çalışıb. 1951-ci ildə dosent elmi adını alıb. 1949-cu ildə "Azərbaycanda qadın təhsili tarixindən.
1900–1914-ci illər" mövzusunda dissertasiya müdafiə edib. Pedaqoji elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı qadın alimdir. Akademik Y.
Medinski Z. Axundovanın tədqiqatı haqqında rəyində yazırdı: "SSRİ-dəki qeyri-rus xalqlarının maarif tarixi məsələlərini öyrənmək tarixi-pedaqoji tədqiqatın ən mühüm vəzifələrindən biridir. Z.
Axundovanın əsəri bu cəhətdən xüsusilə qiymətlidir, çünki o, Azərbaycanda qadın təhsili tarixini ilk dəfə tədqiq etmişdir."Azərbaycan müəllimi" qəzeti isə Zümrüd xanımın nailiyyətini belə dəyərləndirib: "Bu, yalnız elm sahəsində müvəffəqiyyətlə çalışan Azərbaycan qadınlarının deyil, bütün Azərbaycan sovet mədəniyyətinin yeni nailiyyətidir". Z. Axundova müxtəlif təhsil ocaqlarında məktəblilər, valideynlər qarşısında təlim-tərbiyə mövzularında mühazirələr oxuyub.
Gənc Azərbaycan qadınlarının təhsilə cəlb olunmasında böyük rol oynayıb. İkinci Dünya müharibəsi dövründə ADU-nun qəzetinin redaktoru olub, əhali arasında təşviqat aparıb. Z.
Axundovanın Azərbaycanda uşaq ədəbiyyatının inkişafına dair elmi araşdırmaları da maraq kəsb edir. O, "Azərbaycan qadını" jurnalı ilə müntəzəm əməkdaşlıq edib. Zümrüd xanım ailədə də xanım-xatın bir qadın olub.
Onun sayəsində ailəsi kiçik bir elm və mədəniyyət ocağına çevrilib. Yeri gəlmişkən qeyd edək ki, onun həyat yoldaşı Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə (1904-1975) Azərbaycan tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1936), filologiya elmləri doktoru (1954), professor (1955), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir (1955) və həqiqi üzvü (1958), Azərbaycan SSR əməkdar elm xadimi (1960), Azərbaycan SSR Dövlət mükafatı laureat olub(1974).1963-1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsində çalışıb. Zümrüd xanımın oğlu-Araz Dadaşzadə (1936–1990) filologiya elmləri doktoru, Əməkdar Elm Xadimi, Azərbaycan Ensiklopediyasının baş redaktoru olub.
Nəvələri-Aqşin Dadaşzadə-filologiya üzrə fəlsəfə doktoru, Zümrüd Dadaşzadə — sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi tarixi" kafedrasının professoru, Əməkdar incəsənət xadimidir…
