Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Abdulla Səlim oğlu Bayramov — həyatı və yaradıcılığı.
Abdulla Səlim oğlu Bayramov 1912-ci ildə Yelizavetpol quberniyasının Ağamalıoğlu, hazırkı Goranboy rayonunun Düzqışlaq kəndində doğulub. 8 yaşında olarkən atası vəfat edib, anasının himayəsində böyüyüb. İkisinifli kənd məktəbini bitirdikdən sonra Gəncəyə gələrək burada təhsilini davam etdirib, 1927-ci ildə Bakı Pedaqoji Texnikumuna daxil olub.
Təhsilini bitirdikdən sonra Goranboy rayonuna gedərək burada yeddiillik məktəbin müəllimi, məktəb direktoru, RXMŞ-nın təlimatçı-metodisti işləyib. A. Bayramov 1933-cü ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olub və buranı fərqlənmə diplomu ilə bitirib. 1929-cu ildən komsomol sıralarına qoşulan Abdulla Bayramov institutda təhsil aldığı illərdə komsomol komitəsi katibinin müavini seçilib.
İnstitutu bitirdikdən az sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilib. Böyük Vətən müharibəsi illərində Abdulla Bayramov Sovet Ordusu sıralarında əlahiddə zenit-topçu diviziyasının partiya bürosunun katibi, polk komandirinin siyasi hissə üzrə müavini, diviziya siyasi şöbəsi rəisinin müavini olub. O, Krım və Şimali Qafqaz cəbhələrində döyüşlərdə iştirak edib.
1946-cı ildə ehtiyata buraxıldıqdan sonra o, öz ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunun kiçik elmi işçisi olub. 4 il sonra, 1950-ci ildə isə bu institutunun direktoru təyin edilib Elə həmin ildə namizədlik dissertasiyasını müdafiə edərək geologiya-mineralogiya elmi üzrə alimlik dərəcəsi alıb. 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və mədəniyyət şöbəsinin müdiri işləyib,1956-cı ildə isə Mərkəzi Komitənin katibi seçilib.
O, 1955-1958-ci illərdə Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsində çalışıb. 1960-1963-cü ildə Azərbaycan SSR mədəniyyət naziri, 1963-1965-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin sədri işləyib. 1965-ci ildən 1974-cü ildə təqaüdə çıxanadək Azərbaycan SSR Nazirlər Soveti Geologiya İdarəsinin rəisi olub. Abdulla Bayramov 1939-cu ildən isə Kommunist Partiyası üzvlüyünə qəbul olunub, 1956–1960-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü seçilib.
Abdulla Bayramov 1977-ci ilin may ayında Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. Onun həyat yoldaşı Tahirə Əkbər qızı Tahirova Azərbaycanın tanınmış diplomatı, dövlət xadimi olub. Azərbaycan SSR-in xarici işlər naziri (1959–1983), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1963–1968) vəzifələrində çalışıb…
RUHLARI ŞAD OLSUN!
