Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İbrahim bəy İsa bəy oğlu Heydərov 3 avqust 1879-cu ildə Dərbənddə azərbaycanlı ailəsində….
İbrahim bəy İsa bəy oğlu Heydərov 3 avqust 1879-cu ildə Dərbənddə azərbaycanlı ailəsində doğulub. 1907-ci ildə Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunu bitirib. Ali təhsilini başa vurduqdan sonra İbrahim bəy Azərbaycana üz tutub, Bakıda müxtəlif sahələrdə yol mühəndisi işləyib. 1907-ci ildə Bakıda "Nəşri-maarif" cəmiyyəti idarə heyətinə daxil olub. 1907–1912-ci illərdə 28 yaşlı Heydərov Rusiya 3-cü Dövlət Dumasına Dağıstan vilayəti və Zaqatala dairəsindən deputat seçilərək Peterburqa gedib. 1915-ci ildə Balakişi bəy Ərəblinskinin oğlu Cahangir bəyin qızı Nisə xanım Ərəblinskaya ilə ailə həyatı qurub, Fatma adlı qızı olub. Fatma xanım və onun qızı Mina xanım Türkiyədə yaşayıb.
1913-cü ildə Bakı Şəhər İdarəsinin üzvü seçilmiş İbrahim bəy elə həmin ildə də 1913-cü ildə A. Babayevlə birlikdə "Dəyanət" neft-sənaye cəmiyyətini təşkil edib. 1914-cü ilin yanvarında "Səfa" xeyriyyə cəmiyyəti idarə heyətinin üzvü, 1916-cı ilin martında isə "Nicat" cəmiyyətinin sədr müavini seçilib.
1917-ci il martın 16-da Bakıda keçirilən iclasına sədrlik edib, 1917-ci il 15–20 aprel Qafqaz müsəlmanları qurultayı rəyasət heyətinin üzvü seçilib 1917-ci ildə Xüsusi Zaqafqaziya Komitəsi Heydərovu Dağıstan vilayətində Müvəqqəti hökumətin komissarı təyin edilib, lakin Dağıstan İcraiyyə Komitəsinin sosialist üzvləri onun namizədliyinə qəti etiraz etmişdilər. Xüsusi Zaqafqaziya Komitəsi güzəştə gedərək, Dağıstanda idarəçiliyi həyata keçirmək üçün Heydərovun da daxil olduğu üç nəfərdən ibarət xüsusi heyət yaratmışdı. 1917-ci ilin mart ayında Bakıda Müsəlman İctimai Təşkilatları Komitəsi yaradılır və 16 martda keçirilən azərbaycanlı ziyalıların nümayəndələrinin iclasına İbrahim bəy sədrlik edir. Heydərov türk dilinin təhsil dilinə çevrilməsi ideyasını dəstəkləyir, hətta 1917-ci il iyunun 15-də Temirxan-Şurada müəllimlər üçün türk dili kursları açanlardan biri olur.
Heydərov Dağıstan Müsəlman Milli Komitəsinin üzvü idi. Komitənin siyahısı ilə Rusiya Müəssislər məclisinə seçilmişdi. İbrahim Heydərov Zaqafqaziya seymində sosialist blokunun üzvü, 1918-ci il aprelin 26-da yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində dövlət nəzarəti naziri idi.
Seymin nümayəndə heyətinin tərkibində Trabzon konfransında iştirak edib. Bakıda türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik qüvvələri tərəfindən törədilmiş soyqırım ilə bağlı 1918-ci il aprelin 20-də Zaqafqaziya seyminin adından Bakı Soveti ilə danışıqlara göndərilib, Bakıya çatan kimi bolşeviklər tərəfindən həbs olunmuşdu. Zaqafqaziya seyminin üzvü Cəmo bəy Hacınski Heydərovun azad edilməsi üçün təcili tədbirlər görməyi təklif etmişdi.
Bir müddət Bakı Xalq Komissarları Sovetində quberniya komissarı vəzifəsində işləyib,bu vəzifədən "Hümmət" təşkilatının təklifi ilə kənar edilib. Heydərov Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası hökumətinin səlahiyyətli nümayəndəsi kimi, 1918-ci il noyabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası arasında müqaviləni imzalayanlardan biri olub. Dağlılar Respublikası hökumətinin 1918-ci il dekabrın 19-da təşkil olunan yeni tərkibində yollar və poçt-teleqraf naziri təyin olunub.
Hökumət tərəfindən Avropa dövlətləri ilə danışıqlara göndərilən yeni nümayəndə heyətinə daxil edilib. Denikin qoşunlarının müdaxiləsi nəticəsində Dağlılar Respublikası hökumətinin buraxılması ilə və sabiq hökumət üzvlərinə qarşı təqiblərlə əlaqədar Bakıya qayıdıb, Azərbaycanın ictimai-siyasi həyatında, teatr tamaşalarının, o cümlədən Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının, Ağa Əminovla birlikdə "Azərbaycan gecələrinin" təşkilində fəal iştirak edib. 1920-ci ilin yazında Qızıl Ordu işğalından sonra gəldiyi Bakıda aldadılaraq həbs edilir.
Azərbaycan bolşeviklərinin lideri və köhnə dostu Nəriman Nərimanov sayəsində qaça bilib və Tblisiyə yollanıb. Qızıl Ordunun Gürcüstanı işğal etməsindən sonra ailəsiylə birlikdə Fransaya mühacirət edib. 20 mart 1949-cu ildə Ankarada vəfat edib…
RUHU ŞAD OLSUN!
