Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ənvər Qasımzadə — həyatı və yaradıcılığı.
Ənvər Qasımzadə 1912-ci il fevralın 12-də Bakı quberniyasının Salyan şəhərində tanınmış maarifçi, Azərbaycanda rus dili və ədəbiyyatı üzrə ilk müəllimlərdən biri olan Əli bəy Qasımovun ailəsində dünyaya göz açıb. İlk təhsilini Bakı Müəllimlər Seminariyasının nümunəvi məktəbində alıb. 1930-cu ilin dekabrında N. Nərimanov adına Azərbaycan Sənaye Texnikumunun inşaat şöbəsini bitirib və M.
Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna göndərilib. 1936-cı ildə ali təhsilini bitirib və mühəndis-memar ixtisasına yiyələnib. 1942-ci ilin əvvəllərində könüllü zabitlər hazırlığı kurslarına daxil olub və aprel ayından İkinci Dünya müharibəsi iştirak edib. Terek sahillərindən Berlinə qədər döyüş yolu keçib.
"Qırmızı Bayraq", "Qırmızı Ulduz", I və II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri ilə və altı medalla təltif edilib. 1946-cı ilin iyununda Azərbaycan hökumətinin müraciəti əsasında hərbi xidmətdən geri çağrılıb. O, tələbəlik dövründən-1934-cü ildən əmək fəaliyyətinə başlayıb, "Azərdövlətlayihə" təşkilatında çalışıb.
Həmin dövrdə həmçinin Bakı İnşaat Texnikumunda dərs deyib. 1941-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Xalq Komissarlığı yanında Mənzil Kommunal Baş İdarəsinin rəisi və eyni zamanda, Bakı İnşaat Texnikumunun direktoru vəzifələrinə təyin edilib. 1947-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin Memarlıq İşləri üzrə İdarəsinin rəisi, 1951–1952-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin sədr müavini, 1952–1953-cü illərdə isə Bakı Vilayət Zəhmətkeş Deputatlar Sovetinin sədr müavini, 1953–1955-ci illərdə tikinti naziri, 1955–1957-ci illərdə Dövlət Tikinti Komitəsinin sədri, 1957–1959-cu illərdə nazir -Dövlət Plan Komitəsi sədrinin I müavini vəzifələrində çalışıb. Ənvər Qasımzadə dəfələrlə Bakı Şəhər Sovetinə və Azərbaycan SSR Ali Sovetinə deputat, Azərbaycan Kommunist Partiyasının Bakı Şəhər Komitəsinə və Azərbaycan KP Mərkəzi Komitəsinə üzv seçilib.
Ə. Qasımzadə 1959-cu ildə Azərbaycan Memarlar İttifaqına rəhbərlik edib, 1962-ci ildə Azərbaycan Politexnik İnstitutuna rektor təyin olunub. Onun rektorluğu dövründə Azərbaycan Politexnik İnstitutunun Gəncə şəhərində filialı açılın, avtomatika, sintetik materialların texnologiyası, metallurgiya və poliqrafiya fakültələri təşkil edilib.
Ənvər Qasımzadə 1964-cü ildə memarlıq doktoru, 1966-cı ildə professor, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olub. 60-dan çox elmi məqalənin və 7 monoqrafiyanın müəllifidir. O, "Əməkdar inşaatçı" fəxri adı ilə təltif olunub. Onun layihələri əsasında Bakıda, Gəncədə, Daşkəsəndə, Xankəndidə onlarla yaşayış evi və ictimai binalar ucaldılıb.
Bakının Azərbaycan və İnşaatçılar prospektindəki, keçmiş Şimali Sovet meydanındakı, Ağa Nemətulla küçəsindəki evləri, Gömrük Komitəsi və Maliyyə Nazirliyinin inzibatı binalarını, Bakixanov küçəsindəki Azərbaycan Tibb Universitetinin əsas korpuslarını, metronun "Ulduz" stansiyasını və başqalarını yada salmaq kifayətdir. Ə. Qasımzadə 1969-cu il mart ayının 12-də, 57 yaşında vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Bakıda və Salyanda onun adına küçələr var. 100 illik yubileyi təntənə ilə ölkə səviyyəsində qeyd edilib. Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin atasıdır…
ALLAH RƏHMƏT ELƏSİN!
