Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rəhim Əlihüseyn oğlu Hüseynov — həyatı və yaradıcılığı.
Rəhim Əlihüseyn oğlu Hüseynov 1936-cı il aprelin 5-də Bakı şəhərində ziyalı bir ailədə doğulub. 1943-cü ildə Lənkəran şəhərində birinci sinfə daxil olan R. Hüseynov 1953-cü ildə Bakı şəhərində orta məktəbi müvəffəqiyyətlə bitirib. O, təhsilini davam etdirmək üçün Moskvaya gedir.
1953-cü ildə Moskva Polad İnstitutuna daxil olur. 1959-cu ildə həmin institutu metallurq-mühəndis kimi bitirən R. Hüseynov vətənə qayıdaraq Azərbaycan Boru-Prokat zavodunda əmək fəaliyyətinə başlayır. 1959–1962-ci illərdə R.
Hüseynov bu zavodda əvvəl usta köməkçisi, sonralar isə boru-prokat sexində usta, sexin baş texnoloqu, rəisi vəzifələrində çalışır. R. Hüseynov 1962–1965-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində baş mütəxəssis, şöbə rəisi vəzifələrində işləyib.
R. Hüseynov 1965–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini, 1974–1978-ci illərdə bu idarənin rəisi, 1978–1989-cu illərdə isə Respublika Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri vəzifələrində çalışıb. 1989–1992-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub.
1992-ci il mayın 14-də Ali Sovetin sessiyası çağırılır. Bu sessiyada Xocalı faciəsi üzrə komissiyanın qərarı elan olunur, A. Mütəllibov prezidentliyə qaytarılır və təklif edilir ki, bu sessiyada baş nazir də seçilsin.
Respublikanın tanınmış iqtisadçısı kimi R. Hüseynovun namizədliyi irəli sürülürvə o, Azərbaycan Respublikasının baş naziri seçilir. R.
Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın baş naziri vəzifəsində çalışıb. AXC hakimiyyəti dövründə könüllü olaraq baş nazir vəzifəsindən gedir. 1990-cı ildə yaranan ictimai təşkilatlardan biri də Azərbaycan Alimlər və Mühəndislər Birliyi olur.
R. Hüseynov həmin birliyə yarandığı gündən bəri sədrlik edir. 1994-cü ildə isə Beynəlxalq "Xəzər" fondu təşkil olunur.
Onun təsis konfransında R. Hüseynov yekdilliklə fondun prezidenti seçilir və ona başçılıq edir. Eyni zamanda o, 1994-cü ildən Beynəlxalq Alimlər və Mühəndislər Birliyinin vitse-prezidenti olub.
2023-cü ilin noyabrın 12-də vəfat edib. "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının məzarının yanında dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!
