Əli Azərtəkin — həyatı və yaradıcılığı

Şrift
Əli Azərtəkin — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əli Azərtəkin — həyatı və yaradıcılığı.

Əli Azərtəkin 1905-ci ildə Bakıda İskəndər Tağızadənin ailəsində doğulub. Anası şair Səməd Mənsur Kazımzadənin yaxın qohumlarından idi. Əli Azərtəkin ali təhsilini Pedaqoji İnstitutda alıb, Gəncədə müəllim işləyib.

O, "Müsavat" Partiyasının Gəncədəki gizli təşkilatına üzv olub. Partiyanın ideoloji işlərində, 1936-cı ildə Varşavada təşkil edilən konfransında yaxından iştirak edib. 1928-ci ildə "Müsavat" Partiyasının üzvləri təqib olunduğu üçün İrana mühacirət edib.

Təbrizdə olduğu vaxt o, Tehranda mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu əlaqə saxlayıb və onun təşəbbüsü ilə münasibət yaratdığı Türkiyənin Azərbaycanda ilk səfiri olmuş Məmduh Şövkət Esendalın maddi və mənəvi dəstəyi ilə İstanbula gedib. Əli Azərtəkin İstanbulda olarkən təhsilini davam etdirib. O, İstanbulda filologiya fakültəsini bitirib.

1933-cü ildə Mirzəbala Məhəmmədzadənin tövsiyəsi ilə M. Ə. Rəsulzadə tərəfindən Varşavaya dəvət edilib və onun yanında katiblik edib.

1939-cu ildə, müharibə başlayanda Əli Azərtəkin Tehrana qayıdıb. 1941-ci ildə isə Tehranın rusların qırmızı ordusu tərəfindən ələ keçirilməsi təhlükəsinə görə o, Tehranda tanış olduğu Kurtulan ailəsi ilə birlikdə İsfahana gedib. Rusların təqiblərindən yaxa qurtarmaq üçün ingilis hərbçiləri tərəfindən Kurtulan ailəsi ilə birlikdə Qahirəyə yola salınıb. 1943-cü ildə təkrar İrana qayıdıb, lakin, bu dəfə Sovetlərə yaxın olan Suheyli hökuməti tərəfindən həbs edilib və müharibə qurtarana kimi Kurtulan ailəsi ilə birlikdə həbsxanada qalıb.

Əli Azərtəkin və Kurtulan ailəsi İranda Suheyli hökumətini əvəz edən, İranın Bakıdakı keçmiş baş konsulu, Azərbaycana yaxınlığı ilə tanınan Məhəmmədsəid kabinetinin müdaxiləsi ilə həbsdən azad edilib. Əli Azərtəkin "İstiqlal" qəzetində, "Kurtuluş" dərgisində "A T" imzası ilə məqalələr yazıb. Türkiyəyə son dəfə gəldikdən sonra isə "Azərbaycan" dərgisinə məqalələr hazırlayıb.

O, həm də tərcüməçiliklə məşğul olub. Azərtəkin Münhendə çıxan, Amerikanın Sovet İttifaqını Öyrənmə İnstitutunun çap etdiyi "Dərgi" adlı jurnal üçün rusca materialları türk dilinə çevirib. O, rus dili ilə yanaşı, polyak və fars dillərini də bilib.

Əli bəy "Azərbaycan" jurnalının 1956-cı ildə çap olunan 48-ci sayında yayımlanmış yazısında M. Ə. Rəsulzadə haqqında belə qeyd edib: "Onunla 12 il (1928–1940) yaxın iş yoldaşı olan biri kimi deyə bilərəm ki, ən böhranlı anlarda milli imanında ən kiçik sarsıntı belə keçirmədi… O, Azərbaycan xalqı üçün yaşayan bir qüdrət, iman nümunəsi və milli birlik amilidir".

O, Mircəfər Bağırovun öldürülməsindən sonra "Azərbaycan" jurnalının 1956-cı ildə çap olunan 50–51-ci sayında yazdığı "Bir edamdan alınacaq dərs" adlı məqaləsində ruslara qulluq edən həmyerlilərinə səslənib: "Əgər insanlıqdan və düşünmək qabiliyyətinizdən bir parça qalıbsa, – ki, qalmış olduğunu düşünürük – bütün bunlardan yurdunuzun faydasına bir dərs almaq lazım gəlməzmi? Elə bir dərs ki, rus nökərçiliyinin ən mükəmməl bir nümunəsinin, rejimin ən qatı tərəfdarı olanların ən nəhayətdə qazandıqlarının bir güllə olduğunu bütün çılpaqlığı ilə önünüzə sərir və bundan ibrət almanızı gözləyir. Əcəba, aqibət belə olduqdan sonra mövcud şərtlər altında öz milli varlığınızı qorumaq və digərləri kimi yurd və millətinizin müstəqilliyi, əbədiliyi yolunda çalışaraq ən sonda alacağınız gülləni şirin bir şey kimi yeməniz daha yaxşı olmazmı?

Heç olmasa, bu dünyadan xain damğası ilə köçməz, öz yurd və millətiniz üçün faydalı bir iş görmüş olarsınız. Necə olsa, sonu bir güllə deyilmi?" Əli Azərtəkin 20 oktyabr 1967-ci ildə, axşam saat 20 radələrində Heydərpaşa Nümunə Xəstəxanasında mədə qanamasından vəfat edib. O, oktyabrın 21-də Kadıköy Osmanağa məscidində cənazə namazı qılındıqdan sonra Karacaahmet məzarlığında, Mirzəbala Məhəmmədzadənin məzarının yaxınlığında dəfn edilib.

Nəşinə Azərbaycandan gətirilən torpaq və su səpilib. Əli Azərtəkin dəfnində Krım, Türküstan, İdil-Ural və Şimali Qafqazdan olan mühacirlər iştirak ediblər… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗