Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mirəli Seyidəli oğlu Qaşqay — həyatı və yaradıcılığı.
Mirəli Seyidəli oğlu Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində doğulub. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasına yiyələnib. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olub. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə edib. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafisıns görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilib.
Akademik M. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənib, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürüb. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən, iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir.
Geokimyəvi tədqiqatlarının nəticələri ona "Azərbaycanın geokimyəvi xəritəsi"ni tərtib etməyə əsas verib. O, Daşkəsən filiz rayonunun faydalı qazıntılarının və Zəylik alunit yatağının tədqiqatçısıdır. Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidian və perlit yataqları kəşf edib(A.
Məmmədovla birgə) və filizəmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll edib. O, respublikada 220-yə qədər mineral və termal mənbələrin olduğu müəyyən edib. 1938-ci ildə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu), 1945-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən biri və Akademiyanın ilk akademik katibi olub.
Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda filiz yataqlarının mineralogiyası, petroqrafiyası və geokimyası şöbəsinə rəhbərlik edib. Onun təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılıb. Uzun illər ərzində Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və minerologiya şöbəsinə rəhbərlik edib və böyük bir məktəb yaradıb.
Onub rəhbərliyi ilə 35 namizədlik, 10 doktorluq dissertasiyası müdafiə edilib. 600-dən artıq elmi əsərin və 35 monoqrafiyanın müəllifidir. Leninqrad, Moskva, Lvov mineralogiya və geologiya cəmiyyətlərinin üzvü, Böyük Britaniya və İrlandiya, ABŞ mineralogiya cəmiyyətlərinin həqiqi üzvü, Ümumittifaq Mineralogiya Cəmiyyətinin fəxri üzvü seçilib.
İran, Meksika, İngiltərə, İsveçrə, Çexoslovakiya, Danimarka, Norveç, Hindistan, Bolqarıstan, Türkiyə, ABŞ və b. ölkələrdə beynəlxalq geoloji konqreslərdə və simpoziumlarda çıxış edib. İsveç sülh konfransının iştirakçısı olub.
Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı", Oktyabr İnqilabı ordenləri və medallarla təltif olunub. M. S.
Qaşqay 23 aprel 1977-ci ildə Bakıda vəfat edib. Mərhum akademik Bakıda I Fəxri Xiyabanda dəfn olunub. Tanınmış tarixçi-alim Solmaz Qaşqay və coğrafiya elmləri doktoru Rəna Qaşqayın əmisidir…
Bakıda adına küçə var… RUHU ŞAD OLSUN!!!
