Cəmil İbrahim oğlu Ağayev — həyatı və yaradıcılığı

Şrift
Cəmil İbrahim oğlu Ağayev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cəmil İbrahim oğlu Ağayev — həyatı və yaradıcılığı.

Cəmil İbrahim oğlu Ağayev 1906-cı il, yanvarın 27-də Şuşada doğulub. İlk təhsilini Şuşa Real məktəbində alıb. 1925–1927-ci illərdə pioner təşkilatçısı, 1927–1929-cu illərdə isə Azərbaycan Mərkəzi Partiya Məktəbinin müdavimi olub. 1929–1932-ci illərdə Şəmkir rayonunun Zəyəm və Anino kənd məktəblərində müəllimlik edib.

1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1936-cı ildə təyinatla Nuxaya göndərilib və 1940-cı ilin fevralına qədər Stalin adına pedaqoji məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib. 1940-cı ildə Bakıya gəlib və N. Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi işləyib. 1941-ci il avqustun 15-də ixtisara düşüb və həmin il oktyabrın 25-dən 94 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi işləyib. 1941-ci ildə cəbhəyə göndərilib.

İkinci Dünya müharibəsi illərində Azərbaycan legionunun mətbu orqanı olan "Azərbaycan" qəzetində Anar imzası ilə şeirləri çap olunub. Qəzəlləri Mustafa Haqqı Türkəqul tərəfindən toplanaraq, müəllifin razılığı ilə 1962-ci ildə İstanbulda "Mirzədən qəzəllər" adı altında çap olunub. 1947-ci ilin sonlarına qədər AFR-in Münhen şəhərində yaşayır. Burada olduğu müddətdə "Onlar türklərdi" memuar romanını yazmağa başlayır.

Bu əsər 1951-ci ildə Ankarada "Rəna" gizli imzası ilə nəşr olunur. 1947-ci ilin sonlarında Türkiyəyə mühacirət edib. Burada Sakarya və Adapazarı liseylərində müəllimlik edib.

Abay Dağlı kimi tanınan Cəmil Ağayev bir neçə başqa təxəllüslərdən də istifadə edib. "Qırmızı Şamxor", "Nuxa işçisi", "Ədəbiyyat", "Kommunist", "Gənc pedaqoq", qəzetlərində "Şuşalı", Ağayev Cəmil", "A. Cəmil" imzaları ilə məqalə və şeirlərini dərc etdirib.

Mühacirət illərində isə "A. M. D.", "M.

D", "Rəna", "A. Anar", "A. Dağlı", "Abay Mirzə", "Abay Mirzə Dağlı", Abay Dağlı" və başqa təxəllüslərlə yazıb-yaradıb.

Bakıda yaşayan qohumlarına və bacısı Xanıma yazdığı məktubları isə "Abay Ağa" kimi imzalayıb. 1951-ci ildə Ankarada nəşr etdirdiyi "Onlar türklərdi" kitabı Sibirə sürgün olunmuş türklərin mübarizəsi haqqındadır. Abay Dağlı bu əsəri cəbhədə həlak olmuş bir soydaşının qanlı çantasından tapılmış yazılar əsasında işlədiyini qeyd edib.

Əsərin birinci hissəsində Sibirə sürgün edilən türklərin çəkdikləri əziyyət və bundan qurtulmaq üçün təşkil etdikləri qiyamlar haqqında danışılır. Əsərdə əsasən 3 nəfərin-Nadir, Kamran və Muradağanın mübarizəsi təsvir edilib. Nadir-azərbaycanlı şagirdlərə türk uşaqları dediyi üçün həbs edilən müəllim, Kamran-rus zabitlərini şillələdiyi üçün həbs edilən hərbçi, Muradağa isə kolxoz əleyhdarı kimi yaxalanan və əsl adını gizlədən Qaçaq Qarabəkirdir.

Bu üç nəfər düşərgədəki 95 dəstəni birləşdirib, qiyama qaldırırlar. Əsərin ikinci hissəsində sovet hərb sistemi, Kremlin velikorus şovinizminə söykənən antitürk, antimüsəlman siyasəti əsas ifşa hədəfi kimi seçilib. 1965–1974-cü illərdə Türkiyə İstiqlaliyyət müharibəsi mövzusunda "Sakarya" (1965), "Atatürk" (1966), "Sakarya çetəsi" (1969), "Malazgirtdən Sakaryaya" (1971), "Sakaryada 22-ci gün" (1971) və "Ata anıları" (1974) adlı 6 pyes çap etdirib."Sakarya qərargahı" adlı pyesində İstiqlal savaşı tarixinindramatik mənzərəsini təsvir edib.

Onun mənzum "Füzuli" pyesi ilk dəfə 1961-ci ildə Ankara, 1968-ci ildə isə türk füzulişünası, professor, doktor Əli Nihad Tərlanın müqəddiməsi ilə İstanbulda nəşr olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Abay Dağlının "Onlar türklərdi" (1993), "Dədə Qorqud" (2000) və "Səslərəm səni" (2000) kitabları Bakıda nəşr olunub. 2000-ci il noyabrın 6-da Abay Dağlının bacısı Xanımın arxivə təqdim etdiyi 310 sənədin əsasında Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivində "Şair, publisist, ədəbiyyatşünas Mirzə Abay Dağlı (Ağayev Cəmil İbrahim oğlu)" fondu yaradılıb.

Abay Dağlı əvvəlcə Almaniyada daha sonra isə Türkiyədə ailə həyatı qurub. Türkiyədəki həyat yoldaşının adı Əminə, övladının adı isə Nursən olub. 1989-cu ildə vəfat edib…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗