Məhəmməd Kəngərli — həyatı və yaradıcılığı

Şrift
Məhəmməd Kəngərli — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məhəmməd Kəngərli — həyatı və yaradıcılığı.

Məhəmməd Kəngərli 1914-cü ilin yanvarın 10-da Şuşada doğulub. 1928-ci ildə, 14 yaşında ikən "Müsavat" partiyasının Gənc Azər təşkilatına üzv olub. Orta təhsilini başa vurduqdan sonra 1933-cü ildə Universitetin tibb fakültəsinin rus bölməsinə daxil olub, daha sonra Leninqrad Hərbi Akademiyasına daxil olaraq 1939-cu ildə də oranı bitirib. Akademiyanı bitirdikdən sonra SSRİ-Finlandiya müharibəsində hərbi həkim kimi iştirak edib.

O,Tibbi batalyonla birgə finlərə əsir düşür. Bir il sonra əsirlər tərəflərə geri verilərkən Məhəmməd bəy sovet ordusuna geri qaytarılır. 1940-cı il avqust ayının ilk həftəsində SSRİ-nin Baltikyanı ölkələrə qarşı işğal hərəkatında Estoniyanın Tartu şəhərinə, sonra isə Vilyandi və Pyarnu şəhərlərinə göndərilib. 1940-cı ilin sentyabr ayında Latviyanın Siqulda qəsəbəsinə, daha sonra isə Belarusiyanın Qomel şəhərinə göndərilsə də yerli əhali ilə münasibətlər qurmaqda ittiham edilərək işğal bölgəsindən uzaqlaşdırılıb.

1941-ci il iyunun 21-də Almaniya ilə başlayan müharibədən sonra avqust ayında 44-cü ordu korpusu ilə birlikdə İrana göndərilir. Sonrakı əmrdə isə 404-cü bölmə ilə Krım cəbhəsinə gəlir. 1942-ci ildə Krım cəbhəsində yaralanaraq almanlara əsir düşüb.

Berlində müalicə aldıqdan sonra burada Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur. Bir müddət sonra isə onun şəxsi həkimi olur. Almanlar tərəfindən Ukraynanın Xerson, Nikolayev və Odessa şəhərlərində qurulmuş səhra xəstəxanalarında hərbi həkim kimi fəaliyyət göstərdikdən sonra Rumıniyanın Konstansa şəhərinə göndərilib. 1944-cü ildə Macarıstana keçən Məhəmməd Kəngərli Balaton gölü yaxınlığında baş vermiş hava hücumu nəticəsində yaralanıb.

Avstriyanın Qrats şəhərində müalicə edildikdən sonra may ayının ilk həftəsində ABŞ Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. 1946-cı ildə, M. Ə.

Rəsulzadənin göstərişi ilə yaradılan Azərbaycan Demokrat Birliyinə rəhbərlik edib. Birliyin əsas hədəflərindən biri əsir düşmüş azərbaycanlıların SSRİ-yə qayıtmasının qarşısını almaq və onları Türkiyəyə keçirmək olub. 1947-ci ilin qış aylarında Almaniyada Mittenwald Toplama Düşərgəsində olan 101 azərbaycanlı SSRİ vətəndaşı olduqları üçün SSRİ hərbi qüvvələrinə təhvil veriləcəkdi. Əsir azərbaycanlılar təhvil verilmək üçün Melrixştata göndəriləndə Məhəmməd Kəngərli bu prosesə müdaxilə edir və ABŞ hərbi rəsmiləri ilə keçirdiyi görüşlərdən sonra həmin əsirlərin Amerikanın nəzarətində olan bölgədə qalmalarını təmin edir.

O dövrdə bu hadisə alman mətbuatında "101-lər edamdan qayıtdılar" başlığı ilə işıqlandırılıb. Məhəmməd Kəngərli 1952-ci ildə Türkiyəyə gəlir. Ankarada Azərbaycan Milli Mərkəzində və Azərbaycan Kültür Dərnəyində fəaliyyət göstərir. 1954-cü ildə ailə həyatı qurub.

İki il Azərbaycan Kültür Dərnəyinə rəhbərlik edib. 1952–1979-cu ildə Türkiyənin Sağlıq və Sosial yardım nazirliyinin müxtəlif xəstəxanalarında baş həkim, sağlıq müdiri, Türkiyənin Bonndakı səfirliyində müşavir vəzifələrində fəaliyyət göstərib. 1963-cü ildə Kipr hadisələrində ora gedərək Qızıl Aypara xəstəxanasını qurub. 1971-ci ildə Hindistan və Pakistan arasındakı Kəşmir müharibəsi dövründə "Qızıl Aypara" dərnəyi adından müharibə bölgəsinə ezam olunub.

Oradakı fəaliyyətinə görə də dəfələrlə şərəf medalları ilə təltif edilib. Sonradan Türkiyədə Anıtlar dərnəyinin rəhbəri olaraq fəaliyyət göstərib. Yaşadığı dövr ərzində Ankarada nəşr edilən "Azərbaycan" jurnalında milli mübarizə ilə bağlı məqalələri dərc edilib.

2006-cı il avqustun 17-də Ankarada dünyasını dəyişib və Qarşıyaxa qəbiristanlığında dəfn edilib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗