Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Tofiq Məsim oğlu Bağırov 25 fevral 1926-cı ildə Gəncə şəhərində doğulub..
Tofiq Məsim oğlu Bağırov 25 fevral 1926-cı ildə Gəncə şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra (1943) Tiflis Dəmiryol Mühəndisləri İnstitutuna daxil olub. 1948-ci ildə təhsilini başa vurub. Əmək fəaliyyətinə 1948-ci ildə Orconikidze Dəmiryol İdarəsinin Mahaçqala şəbəkəsində yol növbətçisi kimi başlayıb.
Dərbənd stansiyasında dispetçer işləyib. 1949-cu ildə Azərbaycana gələrək Biləcəri stansiyasında böyük dispetçer, stansiya rəisinin müavini olub. SSRİ Dəmiryol Akademiyasının ali mühəndislər kursunu bitirdikdən (1953) sonra isə Biləcəri stansiyasının rəisi vəzifəsində çalışıb.
1956-cı ildən etibarən rəhbər vəzifəsində Azərbaycan Dəmiryol Hərəkət Xidmətinin rəis müavini (1956–1958), iki ildən sonra isə Bakı şöbəsinin rəisi (1958–1960), Kommunist Partiyasının Bakı şəhəri Nərimanov rayonunun birinci katibi (1960–1961), Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1961–1963), Azərbaycan KP Gəncə (Kirovabad) Şəhər Komitəsinin birinci katibi (1962–1966), Azərbaycan KP Mərkəzi Komitəsində Təşkilat və Partiya orqanları şöbəsinin müdiri (1966–1971), Azərbaycan Dəmiryol İdarəsinin rəisinin birinci müavini (1971–1983) olub. Azərbaycan SSR Ali Sovetinə, bir dəfə isə SSRİ Ali Sovetinə deputat seçilib. "SSRİ-nin fəxri dəmiryolçusu" adına layiq görülüb. 1983-cü ildən təqaüdə çıxan T.
Bağırov 1988-ci ildə, Dağlıq Qarabağ hadisələri başlanan zaman aktiv fəaliyyətə başlayıb. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müşaviri, "Qayğı" və "Qarabağa yardım" cəmiyyətlərinin idarə heyəti sədrinin müşaviri olub. 1988–2003-cü illərdə Azərbaycan Respublikasının Ali Soveti (Milli Məclisi) sədrinin müşaviri olub.
Tofiq Bağırov Kirovabad adını rəsmi yerlərdə çəksə də, Gəncə adını bərpa etməyə xeyli cəhd göstərir. Şəhərin müxtəlif yerlərində "Gəncə" adını mehmanxana, univermaq, küçəyə verdirir, tanıdığı şair və yazıçılardan "Gəncə" adı ilə şeirlər, məqalələr yazmağı xahiş edir. Cavad xanın yeganə əksi onun səyi ilə xalça üzərinə köçürülərək Azərbaycana gətirilir.
T. Bağırov 1965-ci ildə Azərbaycan KP MK-nın Rəyasət heyətinə göndərdiyi məktubunda Kirovabad şəhərinin Gəncə adlandırılması məsələsini qaldırıb. Azərbaycanın Rusiyaya birləşdirilməsinin 150 illiyi ölkədə qeyd ediləndə Azərbaycana qonaq gələn SSRİ Ali Sovetinin sədri Nikolay Podqornının rəsmi səfər proqramında Gəncəyə səyahəti də nəzərdə tutulmuşdu.
Tofiq Bağırov N. Podqornı ilə söhbətdə "Kirovabad" adının, "Gəncə" adı ilə əvəzlənməsi barədə söhbət salır, dəlil və sübutlarla onu inandırır. Podqornı isə deyir: "Bu, sizin özünüzdən asılıdır.
Biz etiraz etmərik". Lakin, o dövrdə T. Bağırovu müdafiə edənlər olmadı.
O, 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilib. Müstəqillik Aktının müəlliflərindən biri olub və Komissiya Sədri kimi onun təklifi ilə 18 oktyabr tarixi 1991-ci ildən etibarən Azərbaycanda Müstəqillik bayramı kimi qeyd olunur. 1991-ci ildə Gəncə Şəhər Xalq Deputatlar Sovetinin qərarıyla ona Gəncənin Fəxri Vətəndaşı adı verilib.
Tofiq Bağırov 27 aprel 2003-cü ildə vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!
