Manaf Abbas oğlu Xəlilov — həyatı və yaradıcılığı

Şrift
Manaf Abbas oğlu Xəlilov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Manaf Abbas oğlu Xəlilov — həyatı və yaradıcılığı.

Manaf Abbas oğlu Xəlilov 1899-cu ildə Bakı qəzasının Qala kəndində doğulub. Çox gənc yaşlarından müstəqil əmək fəaliyyətinə başlayıb. Bir neçə il kənd məktəbində oxuyandan sonra dərsləri buraxmağa və çörək pulu qazanmağa məcbur olub. 1917-ci ildə Balaxanıda kapitalist Mirzoyevin 9-cu mədənində qarovulçu işləyib.

Həmin ildə həmkarlar ittifaqının və 1919-cu ilin fevral ayında bolşeviklər partiyasına üzv olur. Mədəndə işləyərkən bolşevik təşkilatının rəhbərliyi ilə "Müsavat" hökumətinə qarşı mübarizə aparıb. Kazarmalarda və mədənlərdə təşviqat aparıb.

O zaman Həştərxanın neftə ehtiyacı var idi. Neft işçiləri bolşeviklər üçün yanacaq göndərilməsini tələb edirdilər. "Müsavat" hökuməti buna hər vəchlə müqavimət göstərirdi.

Mədən və zavodlarda işçi tətilləri baş verirdi. 9-cu mədəndə də belə tətilləri aktiv təşkilatçılarından biri Manaf Xəlilov idi. Vətəndaş müharibəsindəki qələbədən və Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Bakı partiya təşkilatı Xəlilovu Qızıl Orduya göndərir. 1922-ci ildən Xəlilov rota siyasi rəhbəri kimi işləyir. Ordudan buraxılandan sonra 1924-cü ildə mədənə qayıdır. 7-ci Sabunçu mədənində həmkarlar komitəsinin sədri seçilir.

Həmkarlar təşkilatına rəhbərlik edərkən sosializm yarışını genişləndirir, kollektivi neft planını vaxtından əvvəl yerinə yetirmək üçün səfərbərliyə alır. 1926-cı ildə rəhbər təsərrüfat işinə irəli çəkilir. Lenin rayonunun 12-ci, 18-ci və başqa mədənlərində 4 il müdir köməkçisi işləyir. Mədənlərdə bir neçə il işləmək nəticəsində böyük, təşəbbüsçü neft komandirinə çevrilir. 1929-cu ilin axırında partiya təşkilatı onu S.

M. Kirov adına Sənaye Akademiyasına oxumağa göndərir. Akademiyanın ictimai həyatında fəal iştirak edir, inadla elmə yiyələnir.

1931-ci ildə Sənaye Akademiyasını bitirdikdən sonra Lenin rayonu mədənlərinin direktor müavini təyin edilir. Xalq ağır sənaye komissarı Serqo Orconikidzenin əmrindən sonra könüllü surətdə mədənə gedən birincilərdən olur. Lenin rayonunun 4-cü mədənində rəhbərlik etdiyi üç il ərzində işi yaxşı bildiyinə və kadrlara həssaslıqla, diqqətlə yanaşdığına görə neftçilər arasında böyük nüfuz qazanır.

Azərbaycan K(b)P raykomu Plenumunun və bürosunun üzvü seçilir, 22-ci Bakı partiya konfransında isə Azərbaycan K(b)P Bakı Komitəsinin üzvü seçilir. 12-ci çağırış Bakı Sovetinin üzvü olaraq sovetin neft seksiyası işində aktiv iştirak edir. 1937-ci ilin sentyabr ayında "Əzizbəyovneft" trestinin müdiri vəzifəsi kimi məsul işə irəli çəkilir. Ümumazərbaycan Mərkəzi İcra Komitəsinin Prezidiumunun 1937-ci il 13 noyabr tarixli qərarı ilə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin birinci müavini təsdiq edilir.

SSRİ Ali Sovetinin (Millətlər Palatasının) birinci çağırış deputatı seçilir. Sonra repressiyanın qurbanı olur. 1938-ci ilin iyul ayında "Ehtiyatda olan sağ-trotskiçi mərkəzin əks-inqilabi milliyətçi təşkilatının" rəhbəri olması ittihamı ilə həbs olunur. İttiham əvvəldən axıra kimi Azərbaycanın o zamanki ali hakimiyyəti və onların əlaltıları tərəfindən saxtalaşdırılır.

Bu iş üzrə keçən başqa məhbuslar kimi işgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilir. Ancaq başqa məhbuslarla birlikdə 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdi. Bundan sonra işi üzrə bir neçə dəfə istintaq aparılır.

Nəhayət, 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakının müsadirə edilməsi ilə 15 il müddətinə azadlıqdan məhrum edilir. 1944-cü ildə həbs düşərgəsində vəfat edir. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kolleqiyasının qərardadı ilə bəraət verilir…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗