Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əli Əli oğlu Tağızadə 22 mart 1883-cü ildə Tiflisdə doğulub..
Əli Əli oğlu Tağızadə 22 mart 1883-cü ildə Tiflisdə doğulub. Uşaq yaşlarından ibtidai ruhani məktəbində təhsilini yarımçıq qoyaraq boyaq emalatxanasında usta şagirdi işləyib. 1903-cü ildən inqilabi hərəkata qoşulub, 1906-cı ilin iyunundan RSDF(b)P-nin üzvü olub. Partiyanın tapşırığı ilə bolşeviklərlə birlikdə "Hümmət"in Tiflis, Naxçıvan, Culfa və başqa şəhərlərdəki şöbələrinin yaradılmasında fəal iştirak edib.
1907-ci ildə RSDF(b)P Qafqaz Ölkə Komitəsi tərəfindən Qacar hökumətinə qarşı üsyana qalxmış fəhlə və kəndlilərə kömək etmək üçün Cənubi Azərbaycana göndərilib O, bolşeviklərdən Heydər (Əmi oğlu) Tanrıverdiyev, İ. Mikaladze, S. Banvoryan və başqaları ilə birlikdə çalışıb.
Tiflisə qayıtdıqdan sonra İran inqilabçılarına döyüş sursatı göndərilməsinin təşkilində iştirak edib. Bu fəaliyyətinə görə o, 1908-ci ilin avqustunda xəfiyyə idarəsi tərəfindən həbs edilərək Metex qalasına salınıb. Tutarlı dəlillər olmadığına görə həbsxanadan azad edilib, 1911-ci ildə partiyanın tapşırığı ilə ikinci dəfə İrana gedərək orada inqilabi təşviqat işləri aparıb. 1917-ci il fevral inqilabından sonra kütlələr içərisində inqilabi iş aparıb. 1917-ci ilin sentyabr ayında RSDF(b)P Qafqaz Ölkə Komitəsi onu rus ordusunun əsgərləri və fəhlələr arasında təşviqat aparmaq məqsədilə yenidən Cənubi Azərbaycana göndərib.
O, Dilman şəhərində əsgər deputatları soveti təşkil edib və həmin şuranın icraiyyə komitəsinin tərkibinə seçilib. 1917-ci ildə yenidən Tiflisə qayıdıb. Oktyabr inqilabı ərəfəsində türk və almanlara, eləcə də onların tərəfdarları olan gürcü menşeviklərinə və müsavatçılara qarşı qəti çıxışlar edib, iki dəfə Gəncə və Qazaxa gedərək Qafqaz bolşevik komitəsi üzvlərinə mövcud vəziyyət barədə məruzələr edib.
Partiyanın tapşırığı ilə Əli Tağızadə 1918-ci ilin yayında misəritmə zavodunun fəhlələri arasında təbliğat işi aparmaq üçün Gədəbəyə göndərilib. Həmin vaxtlarda o, Borçalı qəzasının kəndlərində, Tiflisin bir sıra müəssisələrində partiya Kommunist Partiyası özəklərinin təşkili ilə məşğul olub. 1919-cu ilin sentyabrında Əli Tağızadə RK(b)P Qafqaz Ölkə Komitəsi tərəfindən Bakıya göndərilib və bolşevik təşkilatı ilə əlaqə yaradıb.
Azərbaycan dilində çoxlu miqdarda partiya ədəbiyyatı götürərək yenidən Tiflisə qayıdıb. Tiflisdə 6-cı rayonun qərargah üzvü olan Əli Tağızadə Gürcüstan menşevik hökuməti əleyhinə silahlı üsyan hazırlanmasında fəal iştirak edib. 1921-ci ilin fevral ayında Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Əli Tağızadə burada rəhbər partiya və sovet işlərində çalışıb, Vladimir Leninin rəhbərlik etdiyi IX Ümumrusiya Sovetlər qurultayına nümayəndə seçilib. 1924–1925-ci illərdə Gürcüstan K(b)P Borçalı Qəza Komitəsinin katibi, 1925–1927-ci illərdə kənd təsərrüfatı kooperasiyası idarə heyətinin sədri, 1927–1928-ci illərdə Gürcüstan SSR Ali Məhkəməsi kollegiyasının üzvü, 1928–1929-cu illərdə isə Zaqafqaziya Dövlət Ticarəti İdarəsinin şöbə müdiri olub. Əli Tağızadə Ermənistan SSR-ə rəhbər işə göndərilərək 1929–1932-ci illərdə (Bala Əfəndiyevdən sonra) Ermənistan SSR xalq ictimai təminat komissarı, eyni zamanda İrəvanda çıxan "Qızıl şəfəq" qəzetinin redaktoru olub, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü seçilib, 1933–1935-ci illərdə Ermənistan KP Vedi Rayon Komitəsinin birinci katibi işləyib. 1938-ci ildə xalq düşməni kimi həbs olunub, lakin 1940-cı ildə azad edilib.
Bundan sonra o, Vedi rayonunun Qaralar kəndinə kitabxana müdiri göndərilib, lakin sonralar təqiblər səbəbindən Bakıya gəlib. 1946-cı ildən təqaüdə çıxaraq Bakıda yaşayan Əli Tağızadə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, 1959–1963-cü illərdə isə sədri olub. 1957-ci ildən həyatının sonuna qədər Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi yanında İnqilabi Şöhrət Şurasının sədri vəzifəsində çalışıb.
Əli Tağızadə 3 fevral 1966-cı ildə vəfat edib. Bakıdakı küçələrdən biri onun adını daşıyır… ALLAH RƏHMƏT ELƏSİN!
