Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Kərbəlayi Vəli Mikayılov — həyatı və yaradıcılığı.
Kərbəlayi Vəli Mikayılov 1877-ci ildə Bakıda doğulub. Onun ulu babası "Topuz vuran" ləqəbli Eyvaz Bakının Bülbülə kəndindən idi. Vəli ev təhsili alıb.
"Həyat", "İrşad", "Məlumat", "İqbal", "Açıq söz", "Molla Nəsrəddin", "Babayi-Əmir", "Şəhabi-saqib" qəzet və jurnallarda Kərbəlayi Vəli yaxından iştirak edir, "Kərbəlayi Vəli Cəbir Badükubeyi", K. V. M, "Sabir Badükubə", "Mozalan", "Cırtdan" və s.
gizli imzalarla dövrün əksər mətbu nəşrlərində məqalə və şeirlərini çap etdirib. "Müsavat" partiyasının ilk üzvlərindən biri olub. Zaqafqaziya Seyminin və Azərbaycan Milli Şurasının üzvü, 1918–1920-ci illərdə Hökumət mətbəəsinin müdiri olub.
Azərbaycanda "Türk ocaqları"nın açılmasında fəal iştirak edib. Sovet hakimiyyəti zamanı Bakıda 42-ci məktəbdə müəllim, Maarif Komissarlığının nəşriyyat şöbəsində ticarət agenti işləyib. Kərbəlayi Vəli Mikayılov dövrün əksər mətbu nəşrlərində məqalə və şeirlərini çap etdirib.
"Məlumat" qəzetinin bir neçə sayında Kərbəlayi Vəlinin "Sabir Badükubə" imzası ilə kiçik həcmli şeirləri çap olunub. Bu mətbu nəşrin 4 iyul 1911-ci il tarixli 3-cü sayında Kərbəlayi Vəlinin "Məktəb deyir" şeiri dərc olunub. Bu kiçik şeirdə inkişaf edən millətlər, xalqlar sırasında müsəlman xalqlarının elm, təhsil və inkişafda geriliyin səbəblərinin müqayisəsi aparılır.
Hacı Zeynalabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi"ni ilk dəfə Kərbəlayi Vəli Mikayılovun tərcüməsində 1911-ci ildə nəşr olunub. Şair Əliabbas Müznib ilə birlikdə "Molla Nəsrəddin" (1909) və "Bəhlul Danəndə" (1910) lətifələrini nəşr etdirib. Əmisi Yaqubun qızı ilə ailə quran Kərbəlayi Vəlinin bir-birinin arxasınca 3 övladı dünyaya gəlir.
1906-cı ildə doğulan ilk övladına atası Əyyubun adını qoyur. 1908-ci ildə bir qız doğulur, amma iki yaşına çatmamış dünyasını dəyişir. 1912-ci ildə ailəyə növbəti oğlan övladı bəxş olur, adını Məhəmməd qoyurlar.
Çox keçmir ki, bu xoşbəxt ailə növbəti çətinliklə üz-üzə qalır, Məhəmməd iflic xəstəliyinə yoluxur. Kərbəlayi Vəli onu Bakının ən məşhur həkimlərinə və Xarkova müalicəyə aparsa da xəstəliyə əlac tapılmır və gənc dünyasını dəyişir. O, "Gizli Müsavat" təşkilatı ilə əlaqəsinə görə 1923-cü ildə həbs edilib, 25 aprel 1924-cü ildə 3 illiyə Yaroslavla sürgün edilib. 1928-ci ildə yenidən həbs edilib və buraxılıb.
Güney Azərbaycana mühacirət edib və müharibə zamanı sovet qoşunları oraya daxil olarkən kommunistlər onu Zəncanda öldürüblər. Onu da qeyd edək ki, Kərbəlayi Vəli hələ sürgündən qaçıb İrana keçdikdən sonra Sovet hökuməti onun ailəsini Qazaxıstana sürgün edir. Ailəsi ancaq 1953-cü ildə Bakıya qayıda bilib…
RUHLARI ŞAD OLSUN!
