Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qasım bəy Camalbəyov — həyatı və yaradıcılığı.
Qasım bəy Camalbəyov 1881-ci ildə Naxçıvan şəhərində doğulub. 7 yaşında olarkən atası onu təhsil almaq üçün mədrəsəyə verib, daha sonra təhsilini 1896-cı ildə Naxçıvanda türk (ana dili), rus və fars dillərində təlim verən Məktəbi-tərbiyə adında nümunəvi açılan məktəbdə davam etdirib. Burada türk və fars dilləri üzrə onun müəllimi məşhur şair, əslən Ordubadlı Məhəmməd Tağı Sidqi olub. Qasım bəy Camalbəyov 1898-ci ildə təhsilini şəhər dördillik məktəbində davam etdirir.
O, 1901-ci ildə, məktəbi uğurla bitirdikdən bir il sonra, İrəvan Müəllimlər Seminariyasında xalq müəllimi rütbəsi alması üçün sınaqlardan uğurla çıxır. 1901-ci ilin sentyabrından 1912-ci ilin dekabrına qədər İrəvan quberniyasının müxtəlif kəndlərində müəllim işləyir. 1903–1904-cü ildən Qasım bəy Camalbəyov gizli siyasi fəaliyyətə başlayır.
Bir qədər sonra Bakıda başlayan və sonra digər şəhərlərə, o cümlədən, Naxçıvana keçən ermənilərin törətdikləri qətliam Qasım bəy Camalbəyovu Naxçıvana qayıtmağa məcbur edir. Bu zaman Naxçıvanda (bir qədər sonra isə Culfada) RSDFP-nin özəyi yaradılır. Şimal-qərbi Persiyada (İran) Heydər Xan Əmoğlunun (1925-ci ildə Rəştdə fars kazakları ilə döyüşdə həlak olur) rəhbərliyi altında olan azadlıq hərəkatına böyük kömək göstərən bu təşkilatda o, təftiş komissiyasına rəhbərlik edir.
1912-ci ildən Qasım bəy Camalbəyov müəllimlikdən uzaqlaşır, elə həmin ildən, fars dilini bildiyinə görə Persiyanın bir bankının Culfa Agentliyində tərcüməçi işləməyə başlayır. Bir ildən sonra isə onu müvəqqəti olaraq həmin bankın Koçan (Persiya) şəhərindəki agentliyinə keçirirlər. Lakin, bir neçə aydan sonra Bankın Petroqrad idarəsindən gələn göstərişə əsasən heç bir izahat vermədən onu işdən azad edirlər.
Təhlükəni hiss edən Qasım bəy Camalbəyov Bakıya yollanır, lakin sərhədi keçərkən onu həbs edir və Krasnovodska gətirirlər. Qasım bəy Camalbəyov bir gənc jandarmın (partiya üzvü) köməyilə Bakıya qaçmağa nail olmuş və Cəfər Axundov adında bir şəxsin yardımı ilə Bibiheybətdəki "Rapid" mexanika zavodunda yerləşir. Beləliklə, o Bakıda bir neçə ay qeyri-leqal yaşaya bilir, nəhayət, polis onun izinə düşür.
Eyni zamanda ona məlum olur ki, Qafqazın ali administratsiyası tərəfindən onun Qafqazdan Rusiyaya qeyri-müəyyən müddətdə sürgün edilməsi haqqında hökm verilib. Buna görə də onun Naxçıvanda və Bakıda yaşayan qohumlarına rahatlıq verilmir, onların evlərində axtarışlar aparılırdı. Hər an həbs edilmə təhlükəsi var idi.
Bu səbəbdən o, Qafqazı tərk etmək qərarına gəlir, lakin buna imkan tapmır – onu "İslamiyə" mehmanxanası yaxınlığında həbs edirlər. Bu həbsdən də qaçmağa nail olan Qasım bəy dənizlə Həştərxana gəlir. Burada o, silahdaşı İbrahim Əbilovu axtarıb tapır və onun yanında müvəqqəti sığınacaq əldə edir.
AXC parlamentinin üzvü olan 1920-ci illərdə Qasım bəy Camalbəyov Təbrizdə, onun qardaşı İsmayıl Camalbəyov isə Makuda Naxçıvanın ilk konsulları olublar…
