Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1896-cı ildə Şuşada doğulan Ruben Markaryan 1911-ci ildə Şuşada Erməni İlahiyyat Seminari….
1896-cı ildə Şuşada doğulan Ruben Markaryan 1911-ci ildə Şuşada Erməni İlahiyyat Seminariyasının 2-ci sinfini bitirib. Bakıda Saakov və Canumov qardaşlarının şəxsi mağazasının kuryeri, telefon operatoru, Kurinskaya Voda ASC-də su sayğaclarının nəzarətçisi kimi çalışıb. 1915-ci ildən orduda xidmət etməyə başlayıb.
Aleksandropolda 222-ci ehtiyat piyada batalyonunun sıravi, Tiflisdə 5-ci Qafqaz atıcı diviziyasının 17-ci Qafqaz piyada alayının sıravisi olub. Markaryan 1918-ci ildən Qızıl Orduda xidmətə başlayıb. Bakıda yerləşən 24-cü Qafqaz Qırmızı Piyada Batalyonunun təlimatçısı, 1920-ci ildən Şuşa rayon hərbi komissarlığının siyahıalanı və xəzinədarı işləyib.
Ruben Markaryan xüsusi xidmər orqanlarında xidmətə 1923-cü ildən Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasının Şuşa qəzası bürosunda səlahiyyətli nümayəndəsi kimi başlayıb. Markaryan 20 il Azərbaycanda xüsusi xidmər orqanlarında çalışıb. O, Azərbaycandakı repressiyaların aktiv təşkilatçısı və iştirakçısı olub.
Qarabağ və Gəncə bölgəsində xidmət etdikdən sonra aşağıdakı vəzifələrdə çalışıb: 1923-1926-Xankəndində Dağlıq Qarabağ Muxtar Vilayəti Fövqəladə Komissiyasının rəis müavini; 1926-1929-Fövqəladə Komissiyanın Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi; 1929-1930-Fövqəladə Komissiyanın Bərdə rayonu şöbəsinin rəisi; 1930-Fövqəladə Komissiyanın Ağdam rayonu şöbəsinin rəis müavini; 1930-1932-Xankəndində Dağlıq Qarabağ Muxtar Vilayəti Fövqəladə Komissiyasının regional şöbəsinin müdiri; 1932-1934-Dağlıq Qarabağ Muxtar Vilayəti Dağlıq Qarabağ Muxtar Vilayəti Fövqəladə Komissiyasının bölməsinin rəisi; 1934-1935-Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı bölməsinin rəisi; 1935-1936-Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının Xüsusi şöbəsinin rəisi; 1936-1937-Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının 3-cü şöbəsinin 4-cü bölməsinin rəisi; 1937-1938-Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının 3-cü şöbəsinin 7-ci bölməsinin rəisi; 1938-1939-Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının 3-cü şöbəsinin 4-cü bölməsinin şöbəsinin rəisi; 1941-Azərbaycan SSR Xalq Daxili İşlər Komissarının müavini; 1941-Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Xalq Komissarının müavini; 1941-1943-Azərbaycan SSR Xalq Daxili İşlər Komissarının əməliyyat işləri üzrə müavini; 1941-1942-SSRİ Xalq Daxili İşlər Komissarlığının 1-ci İdarəsinin kadrlar şöbəsinin ehtiyatında (ezamiyyətdə); 1943-1953-Dağıstan MSSR Xalq Komissarı-Daxili İşlər Naziri; 1953+SSRİ Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin sərəncamında; 1953-cü ildə yaş həddinin çatması səbəbinə görə SSRİ Daxili İşlər Nazirliyinin kadr idarəsinin qararı ilə təqaüdə göndərilib. Təqaüdə çıxdıqdan sonra Mahaçqala şəhərində məskunlaşıb. 1953-cü ilin yayında Lavrenti Beriya həbs olunduqdan sonra o da istintaqa cəlb edilib.
Ruben Markaryan 1955-ci il yanvarın 26-da həbs olunub. 12 aprel 1956-cı il, Bakıda Ümumrusiya Hərbi Mədəniyyət Şurasının Feliks Dzerjinski adına Mədəniyyət Klubunda (hazırda DTX Mədəniyyət Mərkəzi) Azərbaycan SSR Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırovun və onun rəhbərliyi altında çalışmış Ağasəlim Atakişiyev, Timofey Borşev, Stepan Yemelyanov, Xoren Qriqoryanın və həmçinin Ruben Markaryanın işi üzrə açıq məhkəmə prosesi keçirilib. Məhkəmədə ittihamçı kimi SSRİ baş prokuroru Roman Rudenko çıxış edib.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Ruben Markaryan və digər təqsirləndirilən şəxsləri “xəyanətkar qrupda iştirakda və sovet vətəndaşlarına qarşı terror repressiyaları törətməkdə” və Azərbaycan SSR Cinayət Məcəlləsinin 63-2 və 70-ci maddələrinə əsasən təqsirli bilib. Aprelin 26-da Ruben Markaryan bütün əmlakı müsadirə olunmaqla güllələnmə cəzasına məhkum edilib. Hökm çıxarıldıqdan bir gün sonra, aprelin 27-də Ruben Markaryan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Moskvadakı daxili həbsxanasına aparılıb.
O, 1956-cı il mayın 16-da Bakıda edam edilib. Bəraət almayıb…
