Ağabala Quliyev — həyatı və yaradıcılığı

Şrift
Ağabala Quliyev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ağabala Quliyev — həyatı və yaradıcılığı.

Ağabala Quliyev 1862-ci ildə Bakının Keşlə kəndində doğulub. Atası Cənubi Azərbaycandan gəlmiş yoxsul bir tənəkəçi olub. Yaxın kəndlərdə aftafa ustası kimi tanınırmış.

3 oğlu var idi Ağabala, Sadıq və Baba. Arvadı öz xalası qızı Mələknisa evdə qutab bişirər və böyük övladı Ağabala ilə küçələrdə və bazarda satdırardı. Bir müddətdən sonra Hacıqulu Keşlədən Bakı şəhərinə köçür.

Ehtiyac içərisində yaşayan ata böyük övladı Ağabalanı erməni Tatavosovun buxar dəyirmanında işə düzəldir. Uşaqlıqdan çox fərasətli olan Ağabala burada işlədiyi müddətdə buğda kisələrinin dəyirmana daşınmasından tutmuş buğdanın üyüdülməsinədək dəyirmanın hər işi ilə maraqlanır. Belə çalışqanlığı nəticəsində Ağabala çox keçmədən birbaşa sex müdiri təyin olunur.

Dəyirmanda hələ fəhlə işlədiyi günlərdən qazandığının yarısını atasına verir, qalanını yığıb saxlardı. Onu da deyək ki, fəhlə işlərkən kiçik bir ehtiyatsızlığı üzündən sağ əlinin bir neçə barmağını itirmişdi. Ağabala sex müdiri işlədiyi müddətdə xeyli sərmayə toplamışdı.

Varlanandan sonra dəyirmanı pulla dəyirman sahibindən alır. Bu dəriyman vaxtı ilə onunla bir küçədə olan Malakan varlısı Skobelevin, hətta Sadıxov qardaşlarının, H. Z.

Tağıyevin dəyirmanlarını da geridə buraxmışdı. Vladiqafqazda, Stavropolda, Samarada, Qroznıda, Beslanda, Georgiyevskdə tikdirdiyi dəyirmanlar ona bütün Rusiyada şöhrət qazandırdı. Camaat içərisində o, "dəyirmanlar kralı" kimi ad çıxarmışdı. 1916-cı ildə Bakıda baş vermiş aclıq zamanı onun bu işi özünü doğrultdu, həmin ildə Şimali Qafqaz yolunun bağlanması nəticəsində Bakı dəyirmanları böyük çətinliklə üzləşdilər.

Taxılın daşınmaması nəticəsində bir neçə dəyirman öz işini saxladı. Bu, Ağabala Quliyevin dəyirmanına isə bir o qədər təsir etməmişdi. 1916-cı ilin fevral ayında Bakıda qadınların qiyamı oldu. Çörəyin çatışmazlığı üzündən qadınlar zəngin mağazalara, ərzaq anbarlarına və dəyirmanlara hücum çəkərək, qapıları sındırır, şüşələri qırır və əllərinə keçənləri evlərinə daşıyırdılar.

Dəyirmanlara da, o cümlədən Ağabala Quliyevin dəyirmanına da az ziyan dəyməmişdi. Yalnız qiyamın ikinci günü polis qiyamı yatırda bildi. Ağabala dəyirmanlar kralı kimi tanınmaqdan savayı həm də ictimai xadim olub.

1878-ci ildə Bakıda ilk dəfə olaraq, Səhər Dumasına seçkilər keçirilmişdi. Seçilənlər içərisində H. Z.

Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Əjdər bəy Aşurbəyov, İsa bəy Hacınski ilə yanaşı Ağabala Quliyev də vardı. O,həm də böyük xeyriyyəçi idi. 1905-ci ildə təşkil olunmuş Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk müəssislərindən biri olub. 1917-ci ilin aprel-may aylarında Bakıya Turkiyədən, Rum elindən çoxlu qaçqınlar gəlmişdi. Onları yerləşdirmək üçün cəmiyyət xeyli iş görmüşdü.

Xeyriyyə cəmiyyətinin ümumi fondundan başqa Bakı varlıları və o cümlədən, Ağabala Quliyev qaçqınlar üçün ərzaq: un, düyü ayırırdılar. 1878-ci ildə Bakıdan Batuma neft kəməri çəkilməsi üçün təşkil olunmuş şirkətin sədrliyini də Ağabala Quliyev öz üzərinə götürüb. 1905-ci il rus inqilabından sonra Ağabala Quliyevin görüşlərində dəyişiklik əmələ gəlmişdi. O qatı mürtəce olan Hacı Aslan Aşurbəyovun təsiri altına düşərək, qaragüruhçulara meyil edirdi. 1905-ci ilin noyabrında Bakıda yaranmış "Yakor" təşkilatına daxil olmuşdu.

Ağabala Quliyev Azərbaycanda müstəqil respublika yaradılandan sonra da onların təsirindən qurtara bilməmişdi. Bu iş üstündə o hətta həbs edilib, bir neçə ay həbsxanada qalmışdı. 1920-ci ilin martında Ağabala Quliyev İrana gedir.

O, İranda olarkən Bakıda çevriliş olur. Ağabala Quliyevin də ev-eşiyi talan edilir, arvad-uşaqları çölə atılır. Ailəsi ilə birlikdə Türkiyəyə gedir.

Bir müddətdən sonra, iki qızı: Sara və Rübabəni təhsil almaq üçün İstanbulda qoyur, özü isə arvadı və oğlu Ağa İsmayıl və qızı Səriyyə ilə birlikdə Təbrizə qayıdırlar. Onların hər üçü Təbrizdə ölür və dəf olunur… RUHLARI ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗