Şahmalıyev Məhəmməd bəy Nəsrullah bəy oğlu — həyatı və yaradıcılığı

Şrift
Şahmalıyev Məhəmməd bəy Nəsrullah bəy oğlu — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Şahmalıyev Məhəmməd bəy Nəsrullah bəy oğlu — həyatı və yaradıcılığı.

Şahmalıyev Məhəmməd bəy Nəsrullah bəy oğlu 1870-ci ildə, Yelizavetpol quberniyasında, indiki Samuxda doğulub. İlk təhsilini öz ailəsində alıb. O, 7 yaşınadək rusca bir söz belə bilməyib, ancaq atası 1877-ci ildə onu Tiflisə oxumağa göndərib və bundan sonra o, ruscanı mənimsəyib.

Tiflisdə olarkən Məhəmməd bəyin, Şahmalıyevlər ailəsinin çox yaxın dostu knyaz Orbelianinin himayəsi altında olduğu güman edilir. 1891-ci ildə Tiflis klassik gimnaziyasını bitirən Məhəmməd bəy Novorossiysk Universitetinin Hüquq fakültəsinə daxil olur. O, universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından biri idi.

1896-da universiteti başa vuran Məhəmməd bəy hüquqşünas diplomu alaraq dövlət qulluğuna başlayıb. Rusiya imperatorunun qardaşı, böyük knyaz Nikolay Romanov Nəsrullah bəy Şahmalıyevlə dostluq edirdi. Böyük knyaz Samuxda Nəsrullah bəyin qonağı olarkən bəy ona cins atlar, o isə bəyə içində çox bahalı brilyant qaşlı üzük olan qızıl burunotu qabı-tabakerka bağışlamışdı.

1906-cı ildə Tiflisdə Qafqaz canişininin başçılığı altında onun sarayında keçirilən qurultayda 1905-ci il erməni-müsəlman qırğınının nəticələri müzakirə edilərkən orada Tiflis müsəlmanlarını təmsil edən Məhəmməd bəy Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov və başqa müsəlman nümayəndələriylə birgə çox fəallıq göstərib. Qurultayın çıxardığı qərara məhz onun təklifiylə Azərbaycan əhalisinin xeyrinə bir çox maddələr salınıb. Qurultaydan geniş hesabatlar "Həyat", "İrşad" və "Kaspi" qəzetlərində dərc edilib.

Məhəmməd bəy Şahmalıyev 1913-də Şəki qəzasının, 1914–1915-ci illərdə isə Ərəş qəzasının rəisi olub. O, Azərbaycan hökumətinin 16 mart 1919-cu il tarixli qərarı ilə Zaqatala quberniyasının qubernatoru təyin olunur. O, həmçinin Azərbaycan Cümhuriyyətinin Zaqatala quberniyasıyla Gürcüstan Respublikası Tiflis quberniyasının Siqnax qəzası arasında müvəqqəti sərhədi müəyyənləşdirən beynəlxalq Azərbaycan-Gürcüstan komissiyasının sədri təyin edilib və komissiyanın 25 oktyabr-2 noyabr 1919-da keçirilən yığıncaqlarında Azərbaycan hökuməti adından çıxış edib.

Məhəmməd bəy Şahmalıyevin nəsli bu gün də davam etməkdədir. Onun ilk həyat yoldaşı, dünyadan çox erkən köçmüş Fatma xanımdan (?-1899) bir övladı — anasının adını verdiyi Şahpəri xanım (1898–1981) olub. Atasının əmisi oğlu Mahmud bəy Şahmalıyevlə ailə quran Şahpəri xanımın ondan 3 oğlu (Fərhad, Tofiq, Rüstəm) və 1 qızı (Xədicə) dünyaya gəlib.

Fatma xanımdan sonra Əminəxatın xanım Şahmalıyevayla evlənən Məhəmməd bəyin ondan 3 oğlu (Ehsan bəy (1899-sürgündə ölüb), Şamil bəy (1903–1990), Mehralı bəy və 2 qızı (Səltənət xanım və Ədalət xanım) olub. Onların övladları keçmiş Sovetlər Birliyinə səpələnərək Bakı, Moskva, Odessa, Daşkənd və başqa şəhərlərdə yaşayıb. Bolşeviklər tərəfindən onun əmlakı və var-dövləti müsadirə edilib.

Nəriman Nərimanov Şahmalıyevi və digər bəyləri güllələnməkdən qorumağa çalışsa da, mümkün olur. O, 1920-də məhkəmədə son söz verilərkən demişdi ki, məni keçmiş nökərim Keçəl Dursun mühakimə edir; bu günü görməkdənsə mənə güllələnmək xoşdur. Ancaq Nərimanov işə qarışdıqdan sonra Məhəmməd bəyə "böyük mərhəmət" göstərildi — o, ev dustağı edildi.

İndiki Sabir bağının yerindəki mənzildə 4 il ev dustağı kimi yaşayan görkəmli dövlət xadimi 1924-də dünyasını dəyişir… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗