Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Səməndər Axund Zəki oğlu Axundzadə — həyatı və yaradıcılığı.
Səməndər Axund Zəki oğlu Axundzadə 1898-ci ildə Qubada doğulub. 1906-cı ildə Quba ibtidai üçsinifli məktəbinə daxil olub, sonra Bakıda birinci rus-türk məktəbində və Bakı Realnı məktəbində təhsil alıb. 1917-ci ildə bu məktəbi bitirib. AXC parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini dağ-mədən mühəndisliyi sahəsində davam etdirmək üçün Almaniyanın Frayberq Akademiyasına göndərilib. Təhsil müddətində daş kömür şaxtalarında və neft mədənlərində (xüsusilə Berlin neft mədənlərində) təcrübə keçib.
1925-ci ildə ali təhsilini başa vuraraq dağ-mədən mühəndisi ixtisası üzrə diplom alıb. Təhsilini başa vurduqdan sonra vətənə dönüb. 1917–1920-ci illərdə Bakıda müəllimlik edib.
1925–1929-cu illərdə “Azərneft”in neft mədənlərində çalışıb, eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olub. 1929-cu ildən Nərimanov adına texnikumda, daha sonra Azərbaycan Dövlət Neft İnstitutunda və Azərbaycan Pedaqoji İnstitutunda (APİ) assistent vəzifəsində işləyib. 1932-ci ilin sentyabrından 9 ay müddətində Dövlət Plan Komitəsində məsul icraçı olub, daha sonra fəaliyyətini elmi işlərə yönəldib. 1933-cü ildə “antisovet fəaliyyət” ittihamı ilə həbs edilib.
Ona və Muğanlı Əsildara Almaniyada oxuduqları dövrdə antisovet təşkilatlarla əlaqədə olduqları barədə ittihamlar irəli sürülub. Lakin, istintaq zamanı bu ittihamlar təsdiq olunmayıb və 26 may 1933-cü ildə işin dayandırılması və onların azad olunması barədə qərar verilib. Şahidlərin dediyinə görə, onun anası Seyid Məsumə (Minə xanım) Mircəfər Bağırovun yanında böyük nüfuza malik olub, bu isə Səməndərin və qohumlarının azad edilməsində mühüm rol oynayıb.
Səməndər Axundzadə 22 dekabr 1968-ci ildə Bakı şəhərində vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!
