Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə — həyatı və yaradıcılığı

Şrift
Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə — həyatı və yaradıcılığı.

Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax distansiyasının Salahlı kəndində doğulub. Uşaq yaşlarından yetim qalıb və kənd mollası-əmisi İbrahim əfəndinin himayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alan Hüseyn dini elmlərlə yanaşı, ərəb, fars və türk dilərini, həmçinin, Şərq ədəbiyyatı və tarixini də mükəmməl öyrənir.

O, 17 yaşında ikən oxuduğu Salahlı kənd məktəbində müəllim kimi saxlanılır. 1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd əfəndi H. Qayıbzadənin Tiflisdəki üçillik müsəlman ruhani məktəbində işə düzəlməsinə nail olur.

O, 1858-ci ilin fevralında orada şəriətdən və Şərq dillərindən dərs deməyə başlayır. Müfti Hüseyn Qayıbzadə 1879-cu ildən 1883-cü ilə qədər Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında işləyib. Seminariyanın ilk ərəb və fars dili müəllimi olur.

O,Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açır, XX əsrin əvvəllərində isə buranı genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir. Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil almasının qayğısına da qalıb. Bu çətin işdə özü əvvəlcə şəxsi nümunə göstərir və iki qızını -Nigar və Cövhəri oxutdurur.

O, 1883-cü ilin axırlarında müəllimlikdən azad edilərək Qafqaz müftisi təyin olunur və 1917-ci ilin martınadək bu vəzifədə çalışır. Müfti Hüseyn Qayıbzadə 1917-ci ilin martında Tiflisdə vəfat edib. Onun vəfatından sonra çar üsuli-idarəsi dağıldığı üçün Qafqaz (Zaqafqaziya) Ruhani İdarəsi də öz funksiyasını itirir.

H. Qayıbzadə bir neçə məqalənin və kitabın müəllifi kimi də tanınır. O, müsəlman mədrəsəsi üçün riyaziyyata dair "Məsaili-ammil-hesab" (Hesab ümumi məsələləri) və ana dilini təzə öyrənənlər üçün "Məbdəyi-təlimi-sibyan" (Yeniyetmələr üçün başlanğıc") adlı dərs vəsaitləri də hazırlayıb.

H. Qayıbzadə təkcə maarif sahəsində deyil, ədəbiyyatşünaslıq sahəsində də xeyli işlər görüb. O, çoxlu atalar sözü, zərb-məsələlər, hikmətli sözlər toplayaraq 9 hissədən ibarət "Tövsiyyətnamə" kitabını yazıb.

Eyni zamanda, XVIII–XIX əsrlərdə yaşamış 109 Azərbaycan şarinin əsərlərindən ibarət 4 cildilik antologiya tərtib edib. H. Qayıbzadə qızların yeni məktəblərdə təhsil almalarına təşəbbüs göstərərək, öz xanımı Səadət xanıma Qafqaz Qadınlarının Xeyriyyə Cəmiyyətində iştirak etməyə icazə verir, qızları Nigar (sonralar general Ə.

Şıxlinskinin xanımı) və Gövhər xanımı (sonralar general Usubovun xanımı) rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda oxutdurur. Nigar xanımın 1889-cu ildə, Gövhər xanım isə 1903-cü ildə həmin inistitutu qızıl medalla bitirirlər. Qızı Nigar Şıxlinskayani – Əliağa Şıxlinskiyə, o biri qızı Gövhər Qayıbovanı isə İbrahim ağa Usubova ərə vermişdi.

Bahadır Qayıbov, Nadir Qayıbov, Cahangir Qayıbov adlı 3 oğlu var idi. Oğlu Nadir bəy Hüseyn Əfəndi oğlu Qayıbov 25 sentyabr 1874-cü ildə Qazaxın Salahlı kəndində doğulub. 1893-də Tiflis klassik gimnaziyasını bitirərək Peterburq Yol Mühəndisləri İnstitutuna daxil olub, ancaq xəstəliyi üzündən 1894-cü ildə 2-ci kursdan təhsilini yarımçıq qoyub. Ölüm tarixi məlum deyil.

Azərbaycanın ilk qadın pianoçularından biri olan Xədicə Qayıbova ilə ailə həyatı qurub. Digər iki oğlu haqqında ətraflı məlumat yoxdur. Araşdırmanı davam etdirəcəyik…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗