Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mir Teymur Mir Ələkbər oğlu Yaqubov 24 oktyabr 1904-cü ildə Bakıda doğulub..
Mir Teymur Mir Ələkbər oğlu Yaqubov 24 oktyabr 1904-cü ildə Bakıda doğulub. Ailənin imkansızlığı səbəbindən Mir Teymur yalnız ibtidai təhsil ala bilir. 1916-cı ildə Bakı rus-tatar məktəbini bitirir, 1919-1920-ci illərdə Əliyev qardaşlarının bankında kassir kimi çalışır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı Sovetində işləyir, 1920-1925-ci illərdə kommunal təsərrüfatı idarəsinin böyük nəzarətçisi, 1926-cı ildə təşkilat şöbəsinin məsul katibi olur.
Həmin illərdə fəhlə fakültəsinin axşam şöbəsini bitirib. 1923-cü ildən Rusiya Kommunist Gənclər İttifaqının üzvü, 1925-ci ildən Rusiya Kommunist (bolşeviklər) Partiyası üzvlüyünə namizəd, 1927-ci ildən isə partiyanın üzvü olub. 1926-cı ildə təhsilini davam etdirmək məqsədilə Moskvadakı Yerquruluşu İnstitutunda oxumağa göndərilib. Təhsildə nailiyyətlərinə görə aspiranturada saxlanılıb, eyni zamanda Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasına ezam edilib. Aspiranturanı bitirdikdən sonra Bakıya qayıdıb. 1933-1934-cü illərdə Azərbaycan Ali Kommunist Kənd Təsərrüfatı Məktəbinin tədris işləri üzrə prorektoru işləyib.
1934-cü ilin sentyabrında o, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə irəli çəkilib. 1936-cı ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1938-ci il fevralın 13-də ÜİK(b)P Mərkəzi Komitəsi Siyasi Bürosunun qərarı ilə SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD-nin) Azərbaycan SSR üzrə xüsusi üçlüyünün üzvü təsdiq edilib. Həmin dövrdə həmçinin 1-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1938–1946), Azərbaycan SSR Ali Sovetinin ilk sədri (1938–1941) seçilib.
Mir Teymur Yaqubov 1938-ci ilin mart ayında Azərbaycan KP MK-nın üçüncü katibi, 1939-cu ilin aprel ayında Azərbaycan KP MK-nın təbliğat-təşviqat üzrə katibi təsdiq edilib. 1941-ci ilin martında Azərbaycan SSR Xalq daxili işlər komissarı təyin edilib, 9 il bu vəzifədə (1946-cı ilin mart ayından Azərbaycan SSR daxili işlər naziri kimi) çalışıb. 1950-ci ildə partiya işinə keçməsi ilə əlaqədar olaraq daxili işlər orqanlarından ehtiyata buraxılıb, iyun ayında Azərbaycan KP MK-nın ikinci katibi seçilib. 1952-ci ildə Bakı vilayəti təşkil olunduqda Azərbaycan KP Bakı Vilayət Komitəsinin birinci katibi olub.
Azərbaycan KP MK bürosunun 6 aprel 1953-cü il tarixli qərarı ilə Mir Teymur Yaqubov Azərbaycan KP MK-nın birinci katibi təsdiq edilib, bu vəzifədə Mir Cəfər Bağırovu əvəz edib. O, 1953-cü ilin iyul ayında keçirilmiş Azərbaycan KP MK və Azərbaycan KP Bakı Komitəsinin birgə plenumunda Mir Cəfər Bağırovun fəaliyyətini mənfi qiymətləndirən məruzə etmişdi. Lakin, qısa müddət sonra özü də tənqidlərə məruz qalmışdı.
Sov. İKP Mərkəzi Komitəsinin 1953-cü ilin sentyabr plenumunda Mir Teymur Yaqubovun mövqeyinə ilk ciddi zərbə endirilir, nitqləri Vyaçeslav Molotov və Lazar Kaqanoviç tərəfindən istehzalı replikalarla müşayiət olunur. 1954-cü ilin yanvarında Sov.
İKP MK əməkdaşlarından ibarət bir qrup Bakıya səfər edir, vəziyyət barədə Nikita Xruşşova göndəriləcək qeydlər hazırlayir. Həmin yazıda M. T.
Yaqubovun respublika rəhbəri kimi fəaliyyəti son dərəcə mənfi qiymətləndirilir. Sov. İKP MK əməkdaşları qüsurlara görə onun vəzifədən kənarlaşdırılmasını tövsiyə edir.
Ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Mir Teymur Yaqubov 1954-cü ilin may ayından 1956-cı ilə qədər SSRİ Sənaye və Ərzaq Məhsulları Nazirliyinin "Azkonservtrest" respublika trestinin Xaçmaz konserv zavodunun direktoru vəzifəsində çalışıb. Azərbaycan KP MK bürosunun 28 avqust 1956-cı il tarixli qərarı ilə o, Bağırovun cinayətkar, antipartiya və dövlət əleyhinə fəaliyyətlər həyata keçirmiş, sovet xalqının qırğınında bilavasitə iştirak etmiş, sosialist qanunauyğunluğunu pozan fəal şəriki kimi partiya üzvlüyündən xaric edilir. 1957-ci ildən "Azprodstroy" respublika trestinin layihə-smeta qrupunda mühəndis işləyib.
13 fevral 1970-ci ildə Bakıda vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!
