Əbülfəz Fərəc oğlu Qarayev — həyatı və yaradıcılığı

Şrift
Əbülfəz Fərəc oğlu Qarayev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əbülfəz Fərəc oğlu Qarayev — həyatı və yaradıcılığı.

Əbülfəz Fərəc oğlu Qarayev 1885-ci il, aprelin 20-də Bakıda doğulub. 1896-cı ildə Bakı Gimnaziyasına daxil olub. 1907-ci ildə gimnaziyanı bitirdikdən sonra Odessa şəhərində Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olub. 1912-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirən Əbülfəz Qarayev universitetdə saxlanılıb.

Uşaq Xəstəlikləri Klinikasında iki il ordinator kimi çalışan Əbülfəz Qarayev 1915-ci ildə Bakıya qayıdıb. O, 1917–1918-ci illərədək, yəni Oktyabr inqilabı və AXC qurulanadək həm diaqnost, daha sonralar isə həm də nəzəriyyəçi kimi böyük ad-san qazanmışdı. İlk azərbaycanlı pediatr olan Əbülfəz Qarayev Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısıdır.

O, Respublika Uşaq Xəstəxanasının təşkilatçılarından biridir. 1930-cu ildən Əbülfəz Qarayevin praktiki, elmi və pedaqoji fəaliyyəti N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlıdır.

Həmin il Tibb institutunun Pediatriya kafedrasına assistent kimi qəbul olunan Əbülfəz Qarayev 1931-ci ildə dosent, 1939-cu ildə professor və kafedra müdiri seçilib. 1938-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Əbülfəz Qarayev 1938-ci ildən ömrünün sonuna qədər Azərbaycan Uşaq Həkimləri Cəmiyyətinə rəhbərlik edib. O, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri və Uşaqlara Müalicə-Profilaktika Yardımı Şurasının üzvü olub.

Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsi onun təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılıb. Onun pedaqoji fəaliyyəti dövründə yetişmiş mütəxəssislərin çoxu bu gün Azərbaycan pediatriyasının qabaqcıl nümayəndələridir. Əbülfəz Fərəc oğlu Qarayev 1952-ci il oktyabrın 24-də qəflətən vəfat edib.

Bakıdakı 2 saylı Uşaq Klinik Xəstəxanası onun adını daşıyır. O, "Əməkdar həkim" və 1940-cı ildə "Əməkdar elm xadimi" fəxri adlarına layiq görülmüşdür. İki "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunub.

Qeyd edək ki, Odessadan Bakıya qayıtıqdan sonra gənc həkim, gələcək həyat yoldaşı Sona xanım Axundova ilə tanış olur. Sona xanım Axundova Azərbaycanda tanınmış vəkil İskəndər bəy Axundovun qızı idi. Sonanın valideynləri mütərəqqi fikirli insanlar idi və o vaxtın sərt şəriət qaydalarına baxmayaraq qızlarına mükəmməl təhsil vermişdilər.

Sona xanım Peterburq Smolnı İnstitutunun Bakı filialı olan Müqəddəs Nina gimnaziyasında, habelə Rusiya Musiqi Cəmiyyətinin nəzdindəki Bakı Musiqi Məktəbinin fortepiano ixtisası üzrə təhsil almışdı. Əbülfəz Qarayevlə Sona xanımın iki oğlu dünyaya gəlir. Bunlar dünya şöhrətli, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev və Azərbaycan SSR Səhiyyə Nazirliyinin cərrahı Mürsəl Qarayevdir.

Mürsəl Qarayevin böyük oğlu Cahangir Qarayev (1951–2013) görkəmli pianoçu və caz bəstəkarı idi. Kiçik oğlu Əbülfəs Qarayev, 1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Mədəniyyət naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri, 2018–2020-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət naziri olub…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗