Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əmir bəy Ağayev — həyatı və yaradıcılığı.
Əmir bəy Ağayev 1886-cı ildə Gəncədə dogulub. Atası Məşədi Əlibala ticarətlə məşğul olub. Məşədi Əlibala 1879-cu ildə Nərgiz xanımla evlənib, onların Həcər, Kübra, Zəki, Abdulla, Əmir adlı övladları olub.
Əmir bəy Ağayevin böyük qardaşı Abdulla bəy Gəncənin ilk əczaçılarından biri idi, 1917-ci ildə Xarkov Universitetinin tibb fakültəsinin əczacılıq şöbəsini bitirərək Gəncəyə qayıdıb. Abdulla bəy Ağayevin əmisi oğlu AXC-nin yaradıcılarından olan Həsən bəy Ağayev Gəncənin ilk azərbaycanlı general-qubernatoru olmuş Xudadat bəy Rəfibəyli ilə birlikdə Yelizavetpol Tibb Cəmiyyətini yaradaraq imkansız insanlara dərman yazarkən reseptə işarə qoyarmışlar. Xəstələri Abdulla bəy Ağayevin aptekinə göndərər, o da reseptdəki işarəyə görə dərmanı pulsuz verərmiş.
Abdulla bəy Ağayev XI qızıl ordu tərəfindən qətlə yetirilib. Əmir bəy Ağayev 2 yaşında olarkən atası vəfat edib, qohumlarının maddi köməyi ilə Gəncədə Molla Məhəmməd Pişnamazzadənin məktəbini, 1911-ci ildə Müəllimlər Seminariyasını bitirib. Bir neçə il müəllimlik etdikdən sonra təhsilini davam etdirmək üçün anası Nərgiz xanımla Bakıya gəlib.
H. Z. Tağıyevin himayəsində yaşayıb.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil-Ədəbiyyat fakültəsini bitirib, dərs deyib və kafedra müdiri vəzifəsində çalışıb. Ədəbiyyata olan həvəsi Əmir bəy Ağayevi böyük mütəfəkkir Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşviq, Abdulla Şaiq və başqaları ilə yaxınlaşdırır, onlarla əməkdaşlıq edir. Əmir bəy Ağayev əmisi oğlu, böyük ictimai-siyasi xadim Həsən bəy Ağayevin yaxın silahdaşı olub.
Əmir bəy Ağayev 1937-ci repressiyaya məruz qalib, həbs edilərək Arxangelskə sürgün edilib. Həbs düşərgəsində meşə qırmağa məhkum olunub. Əmir bəy Ağayev həbsdə olarkən SSRİ Baş prokuroruna çatdırmaq üçün ailəsinə iki məktub göndərib.
Onun ikinci məktubunda yazılir: "Həbs olunmağım barədə hökm çıxarılmasına əsas verən səbəblər mənə məlum deyildir, mənə yalnız məhkumluq müddətini bildirmişlər. İstintaqın gedişindən və müstəntiqin mənə verdiyi suallardan çıxardığım nəticələrə görə Müsavat partiyasına üzv olmağıma və Bakı şəhər fəhlə fakültəsində bir yerdə işlədiyimiz Türkiyə konsulluğunun katibi Ruhi ilə tanış olmağıma görə günahkar hesab edilirəm. Mənim 27 illik müəllimlik fəaliyyətimi, Sovet hakimiyyətinə sədaqətliyimi nəzərə alaraq, xahiş edirəm həbsimlə əlaqədar olan sənədləri yoxlayıb, məni azad edib, sevimli peşəmə və körpə övladlarıma qaytarasınız" Əmir bəy Ağayevin birinci məktubu Bakı vağzalından göndərilmişdi.
Həyat yoldaşı Tuqra xanım məktubu alan kimi dərhal yerinə çatdırdıqda, başına nə müsibət gətirmişdilərsə, dəniz kənarındakı binadan çıxanda nəinki evinin ünvanını, öz adını da unutmuşdu. Buna görə ikinci məktubu göndərilməmişdi. 30 iyun 1940-cı ildə sürgündə vəfat edən görkəmli pedaqoq 1956-cı ildə bəraət alıb.
Əmir bəy Ağayevin oğlu Azər Ağayev 1928-ci ildə Bakı şəhərində doğulub. Onun adını Hüseyn Cavid qoyub. Əmir bəy Ağayev həbs ediləndə Azər Ağayevin 9 yaşı olmuşdu.
O, gənclik illərindən atasını axtarmaq fikri ilə Sibirə səfərlər edir, Əmir bəy Ağayevin nəşini gətirib vətənində dəfn etmək istəsə də, arzusuna çata bilmir. 2007-ci ildə Azər Ağayev vəfat edib. Doğmaları onun arzusunu yerinə yetirərək Hüseyn Cavidin adqoyma günündə dediyi sözləri, atasının rəsmini məzar daşının üzərində həkk etdirirlər.
Onun ikinci övladı Solmaz Əmir bəy qızı 1936-cı ildə Bakı şəhərində doğulub. Solmaz Ağayeva 1945–1955 illərdə Bakı şəhərindəki 132 saylı məktəbdə təhsil alib. 1956-cı ildə Surxay Tağızadə ilə ailə qurub.
Onların Namiq, İmran, Aytən adlı üç övladı olub. Namiq Tağızadə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi metodik və texniki-kriminalistika şöbəsinin rəisi, ədliyyə müşaviri vəzifəsində çalışıb. Kiçik oğlu İmran Tağızadə də hüquqşünas olub.
Aytən Tağızadə isə musiqi sahəsində fəaliyyət göstərib, maestro Niyazi haqqında ilk tədqiqat əsərinin müəllifidir…
