Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qəribsoltan Həsən bəy qızı Məlikova 11 iyun 1896-cı ildə Göyçay qəzasının Zərdab kəndində….
Qəribsoltan Həsən bəy qızı Məlikova 11 iyun 1896-cı ildə Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində), Azərbaycan mətbuatının banisi Həsən bəy Məlikov-Zərdabi və onun həyat yoldaşı Hənifə xanımın ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Tiflisdə Rus Qızlar Gimnaziyasında təhsil alıb. Atası Həsən bəy Zərdabinin vəfatından 3 il sonra Bakıya köçməyə məcbur olur və 1910-cu ildə pedaqoji fəaliyyətə başlayır. 1914-cü il mayın 10-da ona ibtidai sinif müəllimi adı verilməsi haqqında Şəhadətnamə təqdim edilir.
1915-1918-ci illərdə Bakıdakı rus-tatar (Rus-Azərbaycan) qız məktəbində dərs deyir. 1918-1920-ci illərdə çətinliklərə sinə gələrək Bakıdakı üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs deyir və pedaqoji kursda təhsilini artırır. Ona ibtidai məktəb müəllimi adı verilməsi haqqında 1938-ci il, noyabrın 4-də Attestat təqdim edilir. 1956-cı ilədək Bakının bir sıra orta məktəblərində çalışır.
Maarifpərvər ziyalı Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat edir. Onu da qeyd edək ki, ailə üzvlərinin repressiyası səbəbindən o, Gəncəyə köçərək bir müddət orada sakit həyat yaşamaq istəyib. İkinci Dünya müharibəsi illərində görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanımla (Nanə xanım Zərdablı olduğu üçün) Zərdaba gedir və hər ikisi orta məktəblərdə müəllim kimi çalışır.
Bu cəfakeş xanım ailə həyatı qurmayıb, ömrü boyu ədəbi irsi təqib olunan, yasaq edilən atasının, repressiya qurbanı olan qardaşının, Fransada yaşamağa məcbur olan bacı və qardaşının, yeznəsi Əlimərdan bəy Topçubaşovun, bu üzüntülərə dözə bilməyən anası Hənifə xanımın dərdi ilə yaşayıb. Həsən bəyin ailəsindən yeganə yadigar qalan Qəribsoltan xanımı qardaşı Midhətin faciəli həyatı, anası Hənifə xanımın vaxtsız ölümü, Bibiheybət məscidinin yanından atası Həsən bəyin məzarı yerləşən qəbiristanlığın dağıdılması xəbəri çox sarsıdır. Çox çətinliklə də olsa cənazənin qalıqlarını Həsən bəyin ömür-gün yoldaşı Hənifə xanım Məlikova-Abayevanın yanında basdırır.
Bütün bu çətinliklərə baxmayaraq vətənpərvər müəllimə Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk illərdə yeni yaradılan məktəblərin, kursların təşkilində yaxından iştirak edir, qabaqcıl bir pedaqoq kimi respublikada maarifin inkişafında əlindən gələn köməyi əsirgəmir. Azərbaycan elm və mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərinə görə Qəribsoltan Məlikovaya 1948-ci ildə “Azərbaycan SSR-in Əməkdar müəllimi” adı verilir, "Lenin ordeni" ilə təltif edilir. Hətta, bəzi tarixi mənbələrdə Qəribsoltan xanımın İmperator III Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedaqoji Şurasında bütün sınaqlardan keçərək “Xalq məktəblərinin müəllimi” adına layiq görüldüyü də göstərilir…
RUHU ŞAD OLSUN!
