Sara Zeynalabdin qızı Tağıyeva — həyatı və yaradıcılığı

Şrift
Sara Zeynalabdin qızı Tağıyeva — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sara Zeynalabdin qızı Tağıyeva — həyatı və yaradıcılığı.

Sara Zeynalabdin qızı Tağıyeva 1899-cu il mayın 20-də Bakıda doğulub. İbtidai təhsilini atasının açdığı Qızlar Məktəbində alıb, sonra isə Peterburq Universitetində oxuyub. 1916-cı ildə Zeynal bəy Səlimxanovla ailə həyatı qurub. 1917-ci ildə bir qız övladı (Səfiyyə Səlimxanova) dünyaya gəlib.

Atasının vəfatından (1924) sonra sovet hökuməti tərəfindən sıxışdırılan Sara 1931-ci ildə ailəsindən ayrılaraq Peterburqa köçüb. Orada zavodların birində çilingər köməkçisi işləyib. Eyni yerdə mühasib işləyən tatar mənşəli Nikolay Sarayevlə ailə həyatı qurub.

Oleq və Lev adında iki oğlu dünyaya gəlib. Nikolay Sarayev II Dünya müharibəsi cəbhəsində həlak olub. O, 1934-cü ildə S.

M. Kirovun qətlə yetirilməsində şübhəli bilinərək saxlanılıb. Heç bir sübut olmadığından bir müddət sonra azadlığa buraxılıb.

Müharibədən sonra Sara Sarayeva Bakıya qayıdıb. 1955-ci ildə M. F.

Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda kitabxanaçı işləməyə başlayıb. Lakin burada atasının maarifpərvər və xeyriyyəçi fəaliyyətinin təbliğatı ilə məşğul olduğuna görə sıxışdırılıb və 1957-ci ildə müxtəlif bəhanələrlə işdən çıxarılıb. Ömrünün sonuna qədər heç bir yerdə işləməyib.

1991-ci il dekabrın 15-də Bakıda vəfat edib. Cənazəsi özünün doğulduğu, sonradan Tarix Muzeyi olmuş binadan götürülüb. Sara xanım bütün ömrü boyu Hacı Zeynalabdin Tağıyev şəxsiyyətinin həqiqi qiymətinin verilməsi, atasının təmiz adının bərpası uğrunda mübarizə aparıb.

O, sovet dövrünün tarix kitablarında Hacı Zeynalabdin Tağıyevin "sinfi düşmən" kimi təqdim olunmasının düzgün olmadığını, onun bir milyonçu olsa da inqilabdan əvvəl Azərbaycanda elmin, təhsilin və mədəniyyətin inkişafında misilsiz xidmətləri olduğunu arxiv sənədləri ilə sübuta yetirib. Sara xanım atasının maarifpərvər və xeyriyyəçi fəaliyyəti haqqında topladığı çoxsaylı faktları və arxiv materiallarını dövlət idarələrinə, elm və təhsil müəssisələrinə təqdim edib. Hətta bu mövzuda dissertasiya da yazıb.

Sara Sarayeva öz məqsədinə yalnız ömrünün son illərində qismən nail olub. Belə ki, 1980-ci illərin axırlarında artıq mətbuat səhifələrində Hacı Zeynalabdin Tağıyev şəxsiyyətinin həqiqi qiymətinin verildiyi yazılar yazılmağa, böyük xeyriyyəçi haqqında ictimai tədbirlər keçirilməyə başladı. Sara xanım ilk dəfə dövlət televiziyasının efirinə çıxdı.

Onun haqqında hətta sənədli film də çəkildi… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗