Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qəmər Ağaoğlu — həyatı və yaradıcılığı.
Qəmər Ağaoğlu 1903-cü il oktyabrın 15-də Şuşada doğulub. Sovet dövrü təhsili ilə bağlı verilmiş sənəddə doğum ili 1902-ci il olaraq göstərilib. 1921-ci ilin mayında 4-cü Sovet məktəbinin ikinci dərəcəli (əvvəlki Bakı qız gimnaziyası) kursunu bitirib. Atası Qarabağ xanlarının ailəsindən olan Talıbxan bəy Talıbxanov (1859–1920) həm çar, həm də AXC dövründə müxtəlif inzibati vahidlərin rəisi vəzifəsində çalışıb.
Böyük bacısı Sürəyya Talıbxanbəyli İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib. İlk nikahla Cümhuriyyətin sonuncu hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutmuş siyasi mühacir Mustafa Vəkilli (1896–1965) ilə ailə qurub. Azərbaycan və Anadolu türkcəsinin dialektoloji baxımdan müqayisəli tədqiqi istiqamətində araşdırmalar aparıb.
Türkiyədə atom fizikası üzrə ilk mütəxəssislərdən biri olan professor Dilşad Talıbxan-Elbrus (1915–1979) da Qəmər Ağaoğlunun bacısıdır. Elmi fəaliyyətinə Universitetin nəzdində Təcrübi Fizika İnstitutunda assisent kimi başlayıb, 1961-ci ildə isə İzmirdə yeni qurulan Egey universitetinin professoru olmuşdu. Professor Dilşad Elbrus Türkiyədə atom fizikası sahəsində çalışan ilk qadın tədqiqatçı idi.
Dayısı Hüseyn bəy Mirzəcamalov XX əsrin əvvəllərində milli ziyalıların tanınmış nümayəndələrindən idi. AXC dövründə Azərbaycan Parlamentində qanunvericilik şöbəsinə rəhbərlik etmişdi. 1919-cu il dekabrın 7-də Daxili işlər nazirinin şəxsi katibi, gənc şərqşünas alim Məhəmməd Ağayev (Qəmər Ağaoğlunun gələcək həyat yoldaşı) ilə birlikdə Parlament nəzdində fəaliyyətə başlayan İstiqlal Muzeyinin qurulmasında mühüm xidmətləri olub.
Qəmər xanım Məhəmməd Ağaoğlu ilə ailə həyatı qurub, onunla birlikdə xaricdə oxuyub və çalışıb. Lakin, sonradan boşanmışdırlar. Gültəkin adında qızları olub.
Gültəkin xanım Ohayo Universitetinin sənət tarixi bölümünün rəhbəri, professor Franklin Luddenlə (1921–2001) ailə qurub. O, 95 yaşında, 2018-ci ilin oktyabrında yaşadığı Ohayo şəhərində vəfat edib. Qəmər Ağaoglu İstanbula dönəndən sonra muzeyçilik sahəsində çalışır.
İki il sonra isə Detroyt İncəsənət İnstitutunun əməkdaşlıq təklifini qəbul edən əri Məhəmməd Ağaoğlu ilə birlikdə Amerikaya köçür. İstanbul Universitetindən aldığı Şərq tarixi üzrə magistr dərəcəsinin ardınca Qəmər Ağaoğlu 1938-ci ildə Miçiqan Universitetində kurs keçərək Şərq incəsənətinin tarixi üzrə də magistr olur. İkinci Dünya müharibəsi illərində qısa müddətə ABŞ ordusunun tədris proqramına cəlb edilmişdi.
İkinci cəbhənin açılması ərəfəsində amerikalı zabitlərlə rus dili məşğələləri aparırdı. Müharibə qurtarandan dərhal sonra-1945-ci ildə Antropologiya Muzeyinin Asiya Kolleksiyası adlandırılan Şərq bölümündə mühafiz asissenti kimi işini davam etdirmişdi. 1951-ci ildə mühafiz yardımçısı, 1956–1974-cü illərdə isə baş mühafiz olmuşdu.
Qəmər Ağa-Oğlu 1980-ci illərə qədər ABŞ muzeyçiliyi tarixində yeganə qadın mühafiz olaraq qalmaqda idi. Muzeydəki işi ilə yanaşı pedaqoji fəaliyyətini də davam etdirirdi. 1949–1962-ci illərdə Miçiqan Universitetinin Antropologiya fakültəsində müəllim, 1962-ci ildən həmin fakültədə, 1964-cü ildən isə İncəsənət tarixi bölümündə professor (dosent) vəzifəsini tutmuşdu.
Həmin vaxtdan 1974-cü ilə qədər incəsənət tarixi professoru olmuşdu. O, Cənub-Şərqi Asiya keramikası üzrə beynəlxalq miqyasda tanınan nüfuzlu tədqiqatçı və ekspert idi. 1944–1974-cü illərdə Şimali Amerikanın, Avropa və Asiya ölkələrinin çeşidli muzey kolleksiyalarında araşdırma aparmışdı.
1974-cü ildə 30 il çalışdığı Miçiqan Universitetindən təqaüdə çıxıb. 1984-cü ilin avqustunda vəfat edib… RUHU ŞAD OLSUN!
