Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Triniç Əhməd Rəcəb oğlu — həyatı və yaradıcılığı.
Triniç Əhməd Rəcəb oğlu 1893-cü ildə Skopye şəhərində doğulub. 1912-ci ildə Balkan müharibəsi zamanı ailəsi ilə birlikdə Türkiyəyə gəlib. Burada qaçqın kimi dövlət hesabına liseyə daxil olub. Liseyi bitirdikdən sonra hərbi xidmətə göndərilib, Dardanel cəbhəsində döyüşlərdə iştirak edib.
1916-cı ilin avqustunda Əhməd Triniç Kürdüstan cəbhəsində rus ordusuna əsir düşüb, əvvəlcə Tiflisə, sonra isə Kostroma quberniyasının Narıxta şəhərinə göndərilib. Oktyabr inqilabından sonra Əhməd Triniç Türkiyəyə qayıtmaq ümidi ilə Bakıya gəlir. Lakin, burada Türk ordusunun baş qərargahının üzvü Rövşən bəy ona Türkiyəyə qayıtmağa izn vermir.
O, məcburiyyətdən Bakıda qalır, türk dilindən evlərdə dərs keçməyə başlayır. Mart soyqırımı zamanı İsmailiyyə binasında keçirilmiş mitinqdə çıxış edir. Bakıda daşnakların təqibinə məruz qalan Əhməd Triniç Dağıstana gedir.
Bir müddətdən sonra Yelizavetpol şəhərinə gedərkən, Qubada Rövşən bəy tərəfindən həbs edilir və bolşeviklərin xeyrinə casusluqda günahlandırılaraq güllələnməyə məhkum olunur. Hökm icra edilməyə başlanmazdan öncə Əli bəy Zizikski Rövşən bəyə əllərinin onun qanına bulaşdırmamasını, türklərin özlərinin onun dərsini verəcəyini deyir. 1918-ci ilin may ayında Gəncəyə gələn Nuru Paşanın əmrilə Dağıstanda əsir alınmış bütün türk əsgərlərinin səfərbərliyə alınmasına başlandı. Rövşən bəy isə Nuru paşa tərəfindən həbs edildi.
Yenidən Bakıya qayıdan Triniç "İttihad" qəzetində fəaliyyətə başlayır. Əhməd Triniç 1919-cu ildə İttihad Partiyasına üzv olur. 1919-cu il fevralın 18-də AXC Parlamentinin mühafizə dəstəsinin yaradılması barədə qanun qəbul edildikdən sonra Əhməd Triniç də 200 nəfərlik mühafizə dəstəsinin tərkibində olmaq üçün parlamentə müraciət edir.
1918-ci ildə Qubada Mir Cəfər Bağırov ilə tanış olur. 1927-ci il sentyabrın 19-da Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin qərarı ilə "Kommunist" qəzetinin redaktoru Əhməd Triniçin məzuniyyət müddəti oktyabr ayının 15-dək heç bir əsas olmadan uzadılır, qəzetin redaktorluğu Əliheydər Qarayevə həvalə edilir. 1928-ci ildə yenidən öz vəzifəsində fəaliyyətə başlayan tanınmış ziyalını Almaniyaya, Köln şəhərində keçiriləcək mətbuat sərgisinə rəsmi dəvət edirlər.
Levon Mirzoyan Mərkəzi Komitənin Rəyasət Heyətinin 1928-ci il 10 may tarixli qərarı ilə Ə. Triniçin Almaniyaya səfər etməsini məqsədəuyğun hesab etmir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Əhməd Triniçin işini araşdırmaq üzrə Mərkəzi Komitənin komissiyası yaradılır. 1933-cü il mayın 19-da komissiya üzvləri-Boqdanov, Aqrba, Baba Əliyev hazırladıqları arayışı MK katibi Ruben Rubenova təqdim edir.
Əhməd Triniç həmin dövrdə Azərbaycan Türk Dram Teatrının direktoru vəzifəsində çalışırdı. "Kommunist" və "Bakinski raboçiy" qəzetlərinin 27 aprel 1933-cü il tarixli sayında "Türk teatrının 60 illiyi" başlığı altında gedən rəsmi materialdan məlum olur ki, təntənəli yığıncaqda Mir Cəfər Bağırovun imzaladığı rəsmi qərar elan edilib: "SSRİ Mərkəzi İcraiyyə Komitəsindən xahiş edilsin ki, Şahbazov, Cuvarlinski və Triniç Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunsunlar". Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İmam Mustafayevin 1954-cü il mart ayının 9-da Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin partiya, həmkarlar ittifaqları və komsomol orqanları şöbəsinə, N.
İ. Şubinə göndərdiyi aşağıdakı sənədlərdən aydın olur ki, Əhməd Triniçin ordenlə təltif edilməsi barədə təklif M. C.
Bağırovun istintaq materiallarına salınıb. 1936-cı il yanvar ayının 23-də Bakı şəhəri, Böyük Qala küçəsi, ev 45, mənzil 1 ünvanda yaşayan Əhməd Triniçdən Tiflisə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsinin katibi Lavrenti Beriyaya məktub göndərilir. İşə Mir Cəfər Bağırov qarışır.
Ə. Triniç büdcəni talamaqda, bolşevik Müxtədir Aydınbəyovun qətlində və s. "cinayətlərdə" təqsirləndirilir və 1936-cı il aprelin 19-da həbs olunur.
Lakin, onu güllələyə bilmirlər. Əhməd Triniç həbsxanada intihar edir…
