Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1860-cı ildə Qazaxda dünyaya göz açan Camal ağa Dilbazi Xanlıqlar kəndinin bəylərindən bi….
1860-cı ildə Qazaxda dünyaya göz açan Camal ağa Dilbazi Xanlıqlar kəndinin bəylərindən biri,Vəhidi təxəllüslü şair Hacırəhim ağanın üçüncü oğludur. İlk təhsilini atasından alıb, türk,ərəb və fars dillərini öyrənib. Camal ağa eyni zamanda “Giryan” ("Ağlar" mənasında) təxəilüsü ilə şeirlər yazırdı. 1905-ci ildə Qazax şəhərinə köçür, ev tikdirir, həyatını ticarətlə, kirayə verdiyi mənzillərdən gələn gəlir və Xanlıqlardakı təsərrüfatından götürdüyü gəlirlə təmin edirdi.
Evində ədəbi məclis təşkil etmişdi. Şahniyar xanım Rəncur, Salahlıdan Şəhla təxəllüslü Şəmşi bəy Vəkilov və İbrahim Əfəndi Qayıbov, Barxudarlıdan Ağacıq oğlu Nəbi ağa, Daş Salahlıdan el şairləri Vəli ağa Alaybəyov və Mirzə Səməd Həsənov, Çaylı kəndindən şair və müəllim Hacıkərim Saniyev, Kəsəmənli İsrafil ağa Kərbəlayev və s. bu ədəbi məclisin daimi iştirakçıları idilər.
Camal ağa 1912-ci ildə Qazax şəhərində İsrafil ağa Kərbəlayevin mehmanxanasının bir otağında öz hesabına qiraətxana və kitabxana açır. Bakıdan, Tiflisdən, İstanbuldan çoxlu kitab, qəzet, jurnal gətirir. Yerli ziyalıların gəlib-gətdikləri bu qiraətxana 1918-ci ildə Müəllimlər Seminariyasının açılışı ilə daha da canlanır.
Tez-tez qiraətxanaya gələn seminaristlərdən biri də sonralar şöhrətlənən Səməd Vəkilov (Vurğun) idi. Teymur Miralayevin yazdığına görə, "Camal ağa demokrat fikirli mülkədar olmuşdur. Səməd ağa Ağamalıoğlu, "Molla", "Qarasaqqal" təxəllüslü Muxtar Hacıyev,Məmməd Kosayev, Məşədi Abbas Poladov kimi qəzada siyasi fəaliyyətlə bağlı adamlar bu qiraətxanaya gəlir, onunla açıq və gizli söhbətlər edirdilər".
Onun açdığı bu maarif ocağı 1920-ci ilin aprel çevrilişinə qədər fəaliyyət göstərmişdi. Camal ağa 1917-19-cu illərdə Qazax şəhər idarəsinin başçısı idi. Camal ağa rus çarizminin, velikorus şovinizminin əleyhdarı idi.
Firidun bəy Köçərlinin sədrliyi ilə Qazaxda "Müsavat" Firqəsinin yerli təşkilatı yaradılanda, bu partiyanın məramına rəğbətlə yanaşmaqla, istiqlal Hərəkatına qoşulmuşdu. Qafqaz İslam Ordusunun komandanı Nuru paşa 1918-ci ildə Qazaxa gələndə onu qarşılayanlar arasında Camal ağa da vardı və bir şəhər basçısı olaraq bu münasibətlə atəşin nitq söyləmiş və paşanın şərəfinə öz hesabına ziyafət vermişdi. O, 1801-ci ildən sonrakı dövrdə Qazax mahalında və ətrafında cərəyan etmiş tarixi hadisələri qələmə almışdı və bu qiymətli əsərlərin çapı barədə düşünürdü.
1931-ci il martın 12-də onun həbsi ilə bağlı istintaqın yekununda "antisovet təbliğat və banda ilə əlaqə saxlamaq" ittihamı irəli sürülur. Camal ağa bu ittihamı rədd edir. Onun işinə məhkəmədən kənar qaydada – Gəncə Dairəsi ərazisində Fövqəladə Üçlüyün (troykanın) 25 mart 1931-ci il tarixli iclasında baxılaraq belə Qərar çıxarılır: "Camal ağa Dilbazı-60 yaşında, türk.
Azərbaycan vətəndaşı. Qazax şəhər sakini, keçmiş mülkədar, səs hüququndan məhrum edilib, AzSSR CM 72-ci maddəsinin 2-ci hissəsi və 18/79-cu maddəsi ilə ittiham olunur, ailəsi ilə birlikdə beş il müddətinə Qazaxıstana sürgün edilsin". Onun evində axtarış aparılarkən çapa hazırladığı üç kitabından ikisi ələ keçir və çekistlər onu müəllifin gözü qarşısında buxarıda yanan ocağa atırlar.
Üçüncü kitabı və vaxtilə onun evində qonaq qalmış istanbullu Xülusi Efendinin “Nicati-əbədiyyə" əlyazma kitabı xəstə yatan balaca qızı Sənəmin döşəyinin altında gizlədildiyindən salamat qalır. Camal ağa həmin kitabları məscidə qoyulması üçün Abuhəyat adlı qonşu qıza verir. Camal ağanın Qazaxdakı evi və əmlakı müsadirə edilir.
Arvadı Zeynəb xanım (Şıxlinskaya) və azyaşlı qızı Sənəmlə birlikdə Qazaxıstandakı sürgün illəri çox üzüntülü kecir. Bu ağır sürgün dövründə xəstə qızcığaz Sənəm tələf olur (8 yaşında idi) və onu səhrada böyük bir kədər və hüznlə qumsalda dəfn edirlər… …1945-ci ilin payızında Qazax şəhərində dünyasını dəyişən Camal ağa Xanlıqlar kəndi, Baba dərviş qəbiristanlığında Xülüsi Efendi İstanbulinin məzarı yanında dəfn edilib…
RUHLARI ŞAD OLSUN!
