Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məhəmməd Sadıq bəy Ağabəyzadə — həyatı və yaradıcılığı.
Məhəmməd Sadıq bəy Ağabəyzadə 1865-ci il martın 15-də Bakı quberniyasının Göyçay şəhərində doğulub. Bakı Real Məktəbini, 1886-cı ildə isə Peterburq Hərbi Piyada və Artilleriya Məktəbini bitirib. Hərbi Nazirliyin Baş qərargahının Şərq dilləri kursunda qiyabi oxuyub. 1886-cı ildə, Qafqazda podporuçik rütbəsində xidmət etməyə başlayıb. 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilib. 1913-cü ildə xəstəliyinə görə general-mayor rütbəsində təqaüdə çıxaraq, Göyçaya qayıdan Ağabəyzadə Birinci Dünya müharibəsi başladıqdan sonra yenidən orduya səfərbər edilib.
O, Türkmənistanda, hərbi xidmət keçdiyi müddət ərzində, bir şərqşünas alim kimi xalq rəvayətlərinin, dastanlarının və əfsanələrinin toplanması ilə məşğul olub. Böyük əmək nəticəsində Sadıq bəy "Türkmən Ləhcəsi" dərsliyini nəşr etdirib, Buxara əmiri onu xüsusi fərmanla mükafatlandırıb. Sadıq bəy Qafqaz, Ukrayna cəbhəsində döyüşlərdə iştirak edib.
1917-ci ilde bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra Sovet Rusiyasının müharibədən çıxdığını və ordunu buraxdığını elan etməsi ilə əlaqədar ordudan tərxis olunan Sadıq bəy Ağabəyzadə general-mayor rütbəsində Göyçaya qayıt. 1918-ci il, oktyabrın 23-də AXC hökumətinin qərarı ilə Daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə o 1919-cu ilin dekabr ayına qədər fəaliyyət göstərib. Sadıq bəy Ağabəyzadə tərəfindən polis işçi rütbələrinin təsnifat sistemi hazırlanıb.
1919-cu il oktyabrında hökumətin tapşırığı ilə Sadıq bəy Batumi şəhərində ABŞ prezidentinin şəxsi nümayəndəsi general Ceyms Xarbortu qarşılayıb. Sadıq bəy oktyabrın 4–10-na kimi prezident nümayəndəsini müşayiət edib və onu mühafizəçi ilə təmin edib. Bakıya gələrkən general Xarbort Hacı Zeynalabdin Tağıyevin evində qonaq olub.
AXC süquta uğradıqdan sonra Sadıq bəy ailəsi ilə birlikdə 1920-ci ildə Türkiyəyə mühacirət edib və İstanbulda qohumları ilə yaşayıb, əmisi oğlu Əli bəy Hüseynzadə ilə görüşüb. 1921-ci ildə Parisə köçüb və 2 il Sorbonna şəhərində fars və türk dillərini tədris edib. Parisdə alim-şərqşünas taleyin agır zərbəsinə məruz qalır- istəkli həyat yoldaşı Gülnarəni itirir.
O, Parisin müsəlman qəbirstanlığında dəfn olunur. Bu hadisədən sonra alimi Parislə heç bir şey bağlamır və o, 1927-ci ilin fevral ayında Ziqmunt Smoqojevskinin dəvəti ilə Lvov şəhərinə köçür. O, Lvov universitetinin fəlsəfə fakültəsində işləyir, Lvov Ali Ticarət məktəbində türk, fars və ərəb dillərini tədris edir, eyni zamanda polyak və ukrayna dillərini öyrənir.
Lvov universitetində Sadıq bəy bir sıra fənnləri, o cümlədən, türk dili (müasir və əski), fars, ərəb dilləri, ərəb qrammatikası, islamşünaslıq, müsəlman paleoqrafiya, kalliqrafiya və epiqrafiyası və s. tədris edib. 1931-ci ildə Sadıq bəy Ağabəyzadə polyak dilində özünün türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qrammatikasını (fonetika və morfologiya) nəşr etdirir.
Faşist işğalı zamanı hitlerçilər qocaman alimi öz mənzilindən çıxarırlar. O, pis qızdırılan bir yerdə yaşamalı olur. Sadıq bəy Ağabəyzadə 1943-cü ildə ağır xəstələnit və 9 oktyabr 1944-cü ildə Lvov azad ediləndən sonra vəfat edir.
Son günlərində tələbəsi Olqa Bak və onun əri alimin qayğısını çəkirlər. Cümhuriyyətin 21 generalından biri olan Sadıq bəy Ağabəyzadə Lvovda, Liçakovski qəbiristanlığının 84-cü sırasında dəfn edilib. Bakı və Göyçay şəhərlərində Sadıq bəy Ağabəyzadənin adını daşıyan parklar salınıb.
Göyçayda bir kitabxana Sadıq bəy Ağabəyzadənin adını daşıyır. Ukraynanın Lvov şəhərində Məhəmməd Sadıq bəy Ağabəyzadənin adını daşıyan küçə və büst var…
