Yefim İvanoviç Rodionov — həyatı və yaradıcılığı

Şrift
Yefim İvanoviç Rodionov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Yefim İvanoviç Rodionov — həyatı və yaradıcılığı.

Yefim İvanoviç Rodionov 1889-cu ildə Saratov quberniyasının Xmelyovka kəndində doğulub. Kənd məktəbində təhsil alıb, 13 yaşından Volqaboyunda tacir mağasında çalışıb. 1904-cü ildə ailə üzvləri ilə Bakıya köçüb və mətbəələrindən birində şagird kimi işləməyə başlayıb. 1905-ci ilin yazında Yefim Rodionov doğulduğu kəndə qayıdıb, lakin həmin ilin payızında yenidən Bakıya gələrək müxtəlif müəssisələrdə kağızpaylayan işləyib.

1906-cı ildən 1908-ci ilədək Dadaşovların tərsanəsində çilingər köməkçisi və şagirdi, 1908–1911-ci illərdə isə çilingərlik edib. 1911-ci ilin sonlarında çar ordusunda hərbi xidmətə çağırılıb və əvvəlcə sıravi, sonra isə 1917-ci ilədək silah emalatxanalarında usta işləyib. 1918-ci ilin əvvəllərində Bakıda aparılan inqilabi işlərdə iştirak edib. 1918–1919-cu illərdə Xatisovun zavodunda çilingərlik edib, 1919-cu ildə bolşeviklər partiyasına daxil olub.

Yefim Rodionov 1919-cu ildə mərkəzi tətil komitəsinin işlərində iştirak etdiyinə görə iki dəfə həbs olunub, sonra isə Azərbaycandan sürgün edilib 1920-ci ilin yanvar ayında Bakıya qayıdan Yefim Rodionov partiya tərəfindən ictimai işə göndərilib, Zavağzal işçi klubu idarə heyətinin sədri olmaqla yanaşı, gizli praktika işi aparmış və rayon partiya komitəsinə başçılıq edib. O, Azərbaycan Kommunist Partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilib və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra İnqilab Komitəsinin sədri, Zavağzal rayonu icraiyyə komitəsinin sədri vəzifələrində işləyib. Bakı İstehlak Cəmiyyətinin sədri vəzifəsinə irəli çəkilib.

Yefim Rodionov 1921-ci ilin noyabr ayından 1922-ci ilin may ayınadək Xalq Poçt-Teleqraf Komissarlığının Azərbaycan müvəkkili vəzifəsində, sonra isə 1927-ci ilin iyun ayınadək "Azərittifaq"da çalışıb. 1927-ci ilin iyununda o, Xalq Ticarət Komissarlığı müvəkkili təyin edilib. 1930–1933-cü illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini, Xalq İşçi-Kəndli Müfəttişliyi Komissarlığının kollegiya üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin üzvü, Azərbaycan SSR Xalq Təchizat komissarı və Bakı Soveti sədrinin müavini vəzifələrində çalışıb.

1934–1936-cı illərdə Bakı Şəhər Sovetinin sədri olub, 1937-ci ilin avqust ayında isə SSRİ Xalq Rabitə Komissarlığının Azərbaycan müvəkkili təyin edilib. Yefim Rodionov Azərbaycan KP Bakı Komitəsinin, SSRİ və Azərbaycan SSR mərkəzi icraiyyə komitələrinin üzvü olub. SSRİ Ali Sovetinin (Millətlər Palatasının) birinci çağırış deputatı seçilib.

1932-ci ildə ZSFSR-in "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunub.[1936-cı ildə isə Sovet Azərbaycanının 15 illiyi münasibətilə "Qırmızı əmək bayrağı" ordeninə layiq görülüb. Yefim Rodionov Stalin repressiyalarının qurbanı olub. O, 18 iyul 1938-ci ildə "Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" rəhbərlərindən biri olması ittihamı ilə həbs edilib.

İşgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilib, lakin 1939-cu ildə öncəki ifadələrindən imtina edib. 30 avqust 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum edilib. 13 aprel 1942-ci ildə həbs düşərgəsində vəfat edib.

1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə ona bəraət verilib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗