Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əziz dostlar!.
Əziz dostlar! Azərbaycanın qəhrəman qadınları haqqında paylaşımlarımızı davam etdiririk. Bu dəfə Qaratel xanım haqqında məlumat verəcəyik.
Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində doğulub. 1962-ci ildə həmin kənddə orta məktəbi bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1970–1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1976–1991-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib. Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub.
1990-cı ildə kiçik qardaşı Hümbətlə son dəfə Meydanda rastlaşırlar. Qaratel Hacımahmudova ondan fikrini soruşur. Hümbət Qarabağa gedəcəyini deyir.
Hacımahmudova qardaşına Aşağı Əskiparada müharibə getdiyindən, ona ora getməyi məsləhət görür. Hümbət Qarabağ döyüşlərinə yollanır. O isə öz kəndlərinə gəlir və kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur, döyüşçülərin yeməyini bişirir və paltarını yuyurdu.
Yemək çatmayanda, gedib bağlardan göy–göyərti yığıb bişirərdi ki, döyüşçülər ac qalmasın. Qaratel Hacımahmudova həm də Azərbaycan döyüşçüləri ilə birgə səngərdə bərabər döyüşürdü. 1992-ci il iyunun 8-də ermənilər güclü hücuma keçdilər. O, hərəyə 1 avtomat və 2 ədəd qumbaraatan verilən, 28 nəfərlik dəstədə idi.
Bütün çətinlikliyə baxmayaraq, dəstə ermənilərin hücumu dəf edə bilmişdi. 1992-ci il iyunun 14-də səhər tezdən ermənilər rus hərbi bölmələrinin köməyi ilə növbəti güclü hücuma keçdilər. O, komandir Yaşar Qasımovun taqımında döyüşürdü.
Fələməz deyilən mövqe hər tərəfdən top və tank atəşinə tutulmuşdu. Qaratel Hacımahmudova komandirin çətin tapşırığını yerinə yetirmişdi. O, başqa səngərdən qumbaraatan mərmisini gətirmişdi.
Düşmənlə Azərbaycan döyüşçülərinin qüvvəsi qeyri–bərabər olduğundan, hər an vəziyyət pisləşə bilərdi. Komandir Qasımov Hacımahmudovaya səngəri tərk etməsini, hətta kənddən çıxmasını əmr etmişdi. Lakin, o, geri çəkilmir, arabir mövqeyini dəyişirdi.
O, döyüşçü Mərdan Əsgərovla bərabər döyüşürdü. Bu son döyüşün şahidi olan kənd ağsaqqalı Vəli kişi də onların yanında olur. Ermənilər onu əsir götürürlər.
Ermənilər Qaratel Hacımahmudovanın başına pul qoymuşdu. O, həmişə özündə zəhər gəzdirirdi, köynəyinin yaxalığına tikmişdi. Qaratel Hacımahmudova düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurmuşdu.
Komandir Yaşar Qasımovun sözlərinə görə, o uzaqdan Hacımahmudovanın bərkdən qışqırtısını eşitmişdi. Onu sonra saçından tutub sürüyə–sürüyə komandirin yanına gətirdilər. Cəsədi qan içindəydi.
Ermənilər onunla bərabər həlak olmuş Alıyev Alı, Əsgərov Mərdan, Əmiraslanov Şəmistanın meyitlərini də götürüb aparırlar. Həmin ilin iyunun 26-da, onun cəsədi, Mərdan Əsgərovun, Şəmistan Əmiraslanovun, Surxay Məmmədovun və Alı Alıyevin cəsədləri və əsir düşmüş kənd sakini Vəli Namazov erməni girovlarla dəyişdirilir. Qaratel xanım subay idi və rəhmətə getmiş qardaşı Məhəmmədin üç uşağını böyütmüşdü.
O, 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub… Şair Məmməd İlqar Qaratel Hacımahmudovaya poema həsr edib. Onun haqqında "Dağların telli havası"(2003) və "Qaratel"(2009) adlı filmlər çəkilib…
RUHU ŞAD OLSUN!
