Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qaçaq Kərəm — həyatı və yaradıcılığı.
Qaçaq Kərəm 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində doğulub. Onun atası Molla Zal oğlu İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilib, lakin, sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünüb. Molla Zal oğlu İsgəndər öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürüb.
15 il qaçaqlıq edən Kərəm Azərbaycan və Dağıstanda, bütün Qafqazda ümumxalq sevgisi qazanır. M. Qorki yazırdı; "Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir".
Qafqazın müxtəlif guşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında bir sıra yer adları var; "Kərəm körpüsü", "Kərəm bazarı"; "Kərəm çalası", "Kərəm yolu", "Kərəm bulağı", "Kərəm meydanı" və s. Qaçaq Kərəmin silahdaşları:Balasöyün- Kərəmin bibisioğlu,İsmayıl- İncəli (Aslanbəyli), İsfəndiyar-Haqqıxlı, Təhməz, Omar-Gürcüstanlı, Cahangir, Bayram- İncəli, Usuf, Abbas,Nirvəli- Kəsəmən, Alıcan, Səməd idi. Dəstənin əsas üzvləri Kərəmlə birlikdə 13 nəfər olub.
Qaçaq Kərəm Türkiyəyə keçdiyi vaxt sərhədçilər tərəfindən təqib olunarkən sərhəd rəisi Navim bəyi öldürür. Yenidən öz torpaqlarına qayıdan Kərəm günahsız kəndlilərin çar məmurları tərəfindən incidildiyini görüb, XIX əsrin 90-cı illərində yenidən Cənubi Azərbaycana keçir, orada ailə qurur. Qaçaq Kərəm əvvəl Kazımxan hərəkatına, sonra isə Səttarxan hərəkatına dəstək olur.
O, Səttarxanla həm də yaxın qohum olub. Kərəmin babaları Xoydan gəlib Qazaxda məskunlaşmışdılar. Kərəmin atası Qaçaq İsgəndərin bibisi oğlu məşhur Qazax Məmməd olub.
Səttarxan da Qazax Məmmədin bacısı oğludur. Qaçaq Kərəm həm də İosif Stalinin (Soso Cuqaşvili) həyatını xilas edən adam kimi tanınır. Stalinin ilk siyasi həbsi 1902-ci ildə Batumidə kütləvi iğtişaşlar zamanı baş verir.
5 aprel 1902-ci ildə onu həbsxanaya salırlar. Burada da onun dinc durmadığını görən rəsmilər onun başqa həbsxanaya köçürülməsinə qərar verilər. Soso Cuqaşvili Gəncəyə “yatab” ediləcəyini öyrənir.
O, sevdiyi parolla, “Pəncərədən daş gəlir” mahnısını ifa edərək daş bükülmüş kağız vasitəsilə dustaqlara ötürüb, bu barədə yerli qaçaqlara məlumat verilməsini istəyir. Bu məktub Qaçaq Kərəmə çatır. Kərəm Tiflisdən Gəncəyə bir vaqon dustaq, bir vaqon da pul göndərildiyi haqda Qaçaq Süleyman adı ilə məşhurlaşan Qaçaq Gülsümə məlumat göndərir.
Qaçaq Süleyman bu məlumatı alan kimi Gürcüstanla əlaqəyə girir. Ona məlumat verirlər ki, “yatab” gətirən qatarda külli miqdarda pul və siyasi baxışlarına görə həbs edilən dustaqlar var. Qatar Gəncə yolunda olanda Qaçaq Süleyman Kərəmin ona başa saldığı plan üzrə hərəkətə keçir.
İlk olaraq qatara öz adamlarını yerləşdirə bilən qaçaqlar boş ərazidə maşinisti öldürüb, qatarı dayandırırlar. Əməliyyat uğurla başa çatır. Dustaqlar azad edilir, pullar götürülür.
Soso Cuqaşvili də biləndə ki, qaçaqlar kəndlilərin haqqı uğrunda mübarizə aparır, o da Süleymanın dəstəsinə qoşulur. 7 ay bu dəstədə olur. Qaçaq Kərəmlə Soso arasında dostluq yaranır.
Onun qorxmaz igid olduğunu eşidən Kərəm ona xəncər və tapança hədiyyə göndərir. Çarizim onu aradan götürmək üçün min bir fitnə, fəsadlara əl atsa da istədiyinə nail ola bilmir. Qazax qəza rəisi İosif Qançeli, Gəncə qubernatoru Nakaşıdze, Polis dəstəsinin rəisi Hüseynbəy İsrafilbəyov, Ağstafa pristavı Aleksandr Yüzbaşov, Dağıstan süvari alayının komandiri Arçil Cavçavadze, kazak dəstələri və yerli satqınlarla birləşərək dəfələrlə Kərəmi tutmağa və öldürməyə cəhd göstərsə də mümkün olmur.
O dövrdə Qazaxın məşhur zadəganlarından olan İsrafil ağa ilə Qaçaq Kərəm bir müddət dost olublar. Ancaq sonradan Kərəm ilə İsrafil ağa qan düşməni olurlar. Bu dostluq, eləcə də aralarında sonradan yaranan mərdanə düşmənçilik onların adına dastanlar qoşulması ilə nəticələnir.
Qaçaq Kərəm 1910-cu ildə İranda vəfat edir. O, öz əcəli ilə dünyasını dəyişən yeganə qaçaq olur… RUHU ŞAD OLSUN!
