Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Stalin repressiyasının qurbanı, 1938-ci ild….
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Stalin repressiyasının qurbanı, 1938-ci ildə güllələnən Mikayıl Müşfiqin atası barədə məlumatın maraqlı olacağını nəzərə alaraq bu kiçik qeydləri sizə təqdim edirik. Mirzə Əbdülqədir Vüsaqi və ya Əbdülqadir İsmayılzadə 1865-ci ildə Xızının Sayadlı kəndində doğulub. Atası Molla İsmayıl Xızı kəndinin tanınmış məktəbdarlarından olub.
İbtidai təhsilini öz atası Molla İsmayıldan alıb. Sonra ərəb dilinə daha ətraflı bələd olmaq üçün Quba qazısı Axund Zəkidən ərəbcə təhsili alıb. Bir müddət Xızıda atasının yerində əski üsulda məktəbdarlıq edib. 1902-ci ildə Bakıya köçub və burada müəllimlik fəaliyyətini davam etdirib.
Hətta Cəfər Cabbarlıya da dərs deyib. 1905-ci ildə "Nəşri-maarif" cəmiyyətinin açdığı yeni üsul ilə iki illik pedaqoji kursa daxil olaraq oranı bitirib, əski üsulu buraxaraq şagirdlərinə yeni üsulda dərs verməyə başlayıb. 1908-ci ildə Bakıda fəaliyyət göstərən "Səadət" məktəbinə dəvət olunub və ömrünün sonuna kimi burada çalışıb. Eyni zamanda yaşlılara məxsus axşam məktəbi də yaradıb. Mirzə Əbdülqədirin "Vüsaqi" təxəllüsü ilə yazdığı şeirlər o dövrün qəzet və jurnallarında çap olunurdu.
Müslüm Maqomayev "Şah İsmayıl" operasını Mirzə Əbdülqədirin “Şahzadə İsmayıl” adlı poemasının əsasında yaradıb. O, həm də "Şah İsmayıl" operasının librettosunu, "Seyfəl-mülk", "Yusif və Züleyxa" operalarının mətnini yazıb. İlk iki operanı yazıb bitirsə də, "Yusif və Züleyxa" və "Əli xan" operaları yarımçıq qalıb.
Mirzə Əbdülqədir Vüsaqi 1914-cü ildə Bakıda dünyasını dəyişib. Qeyd edək ki, 4 iyun 1937-ci ildə Mikayıl Müşfiq həbs edildikdən sonra evindən onlarla kitab, yüzlərlə əlyazma da müsadirə edilir. Sonradan həmin müsadirə olunan əsərlər "əhəmiyyətsiz" hesab olunduğu üçün 13 oktyabr 1937-ci ildə yandırılıb.
Çox güman ki, həmin kitablar və əlyazmalar içində Mirzə Əbdülqədir Vüsaqinin də əsərləri məhv olub. 1904-cü ildə Züleyxa İsmayılzadə ilə ailə həyatı qurub. Bu evlilikdən Mirzə, Böyükxanım, Balacaxanım və Mikayıl İsmayılzadə (Mikayıl Müşfiq) adlı uşaqları dünyaya gəlib.
Xızı şəhərində Mirzə Əbdülqədir Vüsaqi adına küçə var… RUHU ŞAD OLSUN!
