Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar, bu yazını adının çəkilməsini istəməyən təvazökar və alicənab bir izləyic….
Dəyərli dostlar, bu yazını adının çəkilməsini istəməyən təvazökar və alicənab bir izləyicimizin istəyinə əsasən paylaşırıq və belə maraqlı bir mövzuya görə ona öncədən təşəkkürümüzü bildiririk. Əvvəla qeyd edək ki, Astara rayonunun Pensər kəndində 1896-cı ildə inşa edilmiş məscid var. Bu məscid xeyriyyəçi Hacı Teymurun vəsaiti ilə Cənub memarlıq üslubunda, qırmızı kərpicdən tikilib və Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunan abidələrin siyahısına daxildir.
Hacı Teymur məscidinin həyətində iki qəbir yerləşir. Onlardan biri Hacı Teymurun oğlu Hacı Osmanın qəbridir. Hacı Osman ali təhsilini Türkiyədə alıb.
Pensər kəndində xeyriyyəçilik və maarifçiliklə məşğul olub. Təxminən 1912–1913-cü illərdə Pensər kəndində Astara rayonunun ilk orta məktəbini açıb. Məşhur Azərbaycan müəllimi, tərcüməçisi, yazıçısı, İkinci Dünya müharibəsinin iştirakçısı, Hacı Osmanın oğlu Şəhub Mürsəlov da bu məktəbi bitirib.
(Yeri gəlmişkən, Şəhub Mürsəlov 1942-ci ildə Bakı şəhərindən Böyük Vətən müharibəsinə çağırılır, 88-ci ehtiyat atıcı alayına, 1943-cü il yanvarın 1-də isə sanitar-təlimatçı kurslarına göndərilir. Krasnodar diyarında döyüşdə həlak olur. Onun ölüm tarixi döyüşçü siyahısından çıxma tarixi hesab edilə bilər- 7 may, 1943-cü il.
Çavuş Mürsəlov Krasnodar diyarının Seversk rayonunun İlsk kəndindəki kənd qəbiristanlığında Sovet əsgərlərinin kütləvi məzarlığında dəfn edilib). Qeyd etdiyimiz kimi, məscidin həyətində iki qəbir yerləşir. Onlardan biri Hacı Teymurun oğlu Hacı Osmanın qəbridir.
İkinci qəbir Yusif Camal Paşaya aiddir. O, 1918-ci ildə erməni-azərbaycanlı qırğınları zamanı Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın zabitlərindən biri idi. Yusif Camal Paşa bu zaman Lənkəran ərazisində vuruşub.
1920-ci ilin dekabr ayında Camal Paşa və dostu Hacı Osman Pensər kəndindən 2–3 kilometr aralıda yerləşən Kolatan kəndi ərazisində rus-erməni ordusu tərəfindən top atəşinə tutulublar. Hacı Osman son vəsiyyətində deyib: "Bizi, atamın kəndimizdə tikdirdiyi məscidin həyətində dəfn edərsiniz". Sovet dövründə Hacı Osman və Camal Paşa haqqında çox mənfi fikirlər söylənilib ki, bu da o vaxtki hakimiyyətin tələbi idi.
Astara rayonu, Pensər kənd sakini İntizar Mürsəlov mətbuata açıqlamasında deyirdi ki: “Hacı Teymurun oğlu Hacı Osman, mənim ulu babam, İstanbulda təhsil aldığı illərdə Yusif Camalla tanış olub. Sonradan bu tanışlıq dostluğa çevrilib”. Yusif Camal 1918-ci ildə Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın sərkərdələrindən biri olub.
Onun sözlərinə görə: “Hacı Osman vətənə qayıtdıqdan sonra Yusif Camal onu bir neçə dəfə ziyarət edib. Mənim ulu babam Hacı Osman Camal Paşaya bələdçilik edib, son nəfəsinə kimi onunla birlikdə vuruşub. İntizar Mürsəlov bildirirdi ki, SSRİ dağılan dövrə qədər babasının qəbrinin yeri bilinmirdi: “Sonradan Astaranın Telmanlı kəndindən olan Molla Rəhim adlı bir şəxsin babamın dəfnində iştirak etdiyini öyrəndik.
O, mənə dedi ki, məscidin günbəzinin altından 30 addım say, sonra da oraya bax. Orada baban Hacı Osmanın qəbri var. Biz onun dediyi kimi etdik və orada bir qəbir aşkarlandı.
Sonradan biz orada başdaşı qoyduq”. 1920-ci ilin dekabrında Hacı Osman və dostu Camal Paşa Pensər kəndində, Hacı Teymur məscidinin həyətində dəfn olunublar. 2017-ci ildə onların baş daşları yenilənib, müəyyən çətinliklərdən və uzun müddət aparılan müzakirələrdən sonra xatirə lövhəsi vurulub, indiyə qədər də orada yerləşir…
ALLAH RƏHMƏT ELƏSİN!
