Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cəmaləddin Maqomayev — həyatı və yaradıcılığı.
Cəmaləddin Maqomayev 1910-cu il mayın 28-də Lənkəran şəhərində görkəmli bəstəkar Müslüm Maqomayevin ailəsində doğulub. Bakıda orta təhsil aldıqdan sonra Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirib. 1932-ci ildə Leninqraddakı "İjora" ağır maşınqayırma zavoduna göndərilib, orada mühəndis-texnoloq vəzifəsində işləyib.
1934–1936-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Bakıya qayıtdıqdan sonra Azərbaycanın neft-maşınqayırma sistemində işləyib. 1936–1937-ci illərdə Lenin adına zavodda baş mexanikin müavini, 1937–1939-cu illərdə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin baş mexaniki, 1939–1941-ci illərdə Kirov adına zavodun direktoru, 1941-ci ildən isə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin ("Azərneftmaş") baş mühəndisi olub.
Böyük Vətən Müharibəsi illərində Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin silah və döyüş sursatı üzrə müvəkkilinin müavini işləyən Cəmaləddin Maqomayev orduya döyüş silahlarının fasiləsiz göndərilməsində iştirak edib. O, 1943–1948-ci illərdə Azərbaycan KP MK-da sənaye-nəqliyyat şöbəsinin, neft sənayesi şöbəsinin müdiri, Mərkəzi Komitənin yeyinti sənayesi üzrə katibinin müavini işləyib. 1948–1952-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1952–1953-cü illərdə Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olub.
1953-cü ildə Azərbaycan SSR Yerli sənaye naziri təyin edilib, 1953–1957-ci illərdə yenidən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləyib. 1957–1962-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədrinin birinci müavini vəzifələrində çalışıb. 1962-ci ilin fevralından ömrünün sonunadək SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi olub. 1940-cı ildən Sov.
İKP-nin üzvü olub, SSRİ Ali Sovetinin (3–4, 7–8-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (2–3, 5–6, 9-cu çağırış) deputatı seçilib. 1954–1961-ci illərdə Azərbaycan KP MK üzvü, 1961–1964-cü illərdə üzvlüyə namizəd, 1964-cü ildən isə yenidən üzvü olub. Cəmaləddin Maqomayev 5 oktyabr 1977-ci ildə Moskvada vəfat edib və 8 oktyabrda Fəxri Xiyabanda dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!
