Mustafa Topçubaşov — həyatı və yaradıcılığı

Şrift
Mustafa Topçubaşov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mustafa Topçubaşov — həyatı və yaradıcılığı.

Mustafa Topçubaşov 1895-ci ildə İrəvan şəhərində doğulub. Dünyaya göz açdığı Göykümbət kəndi Topçubaşovların ata-baba malikanəsi idi. Onların İrəvan şəhərində də mülkü olub.

Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və 3 qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub. 1904-cü ildə ibtidai təhsilini başa vurub, gimnaziyaya daxil olub. 1914-cü ildə İrəvan kişi gimnaziyasını bitirib.

Valideynlərinin onu uzağa buraxmağa ürəkləri gəlməsə də, Mustafa Kiyevə gedib və orada universitetin tibb fakültəsinə qəbul olunub. 3-cü kursda oxuyanda Oktyabr inqilabı baş verib. O, həmin dövrdə Kiyevdə dövlət imtahanlarına hazırlaşıb. 1919-cu ildə təhsilini başa vuran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edir.

1920–1923-cü illərdə ADU-nun tibb fakültəsinin fakültə cərrahlığı klinikasında ordinator, 1923–1930-cu illərdə assisent işləyib. 1930-cu ildə doktorluq dissertasiyası müdafiə edir. Bu işin əhəmiyyətinə görə M.

Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri seçilir. Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu-analgeziya üsulunu kəşf edir. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, narkoz zamanı rast gəlinən bir sıra mənfi halların aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı.

Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verilir. M. Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb.

O, SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib. Müharibədən sonra professor M. Topçubaşov 1945–1950-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olub. 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilir.

1945–1948-ci illərdə Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951–1956 və 1969–1981) Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyır. Azərbaycan SSR Ali Sovetinin sədri (1955–59 və 1967–71), Azərbaycan SSR Ali Sovetinin (1–10-cu çağırış) deputatı olub.

Əməkdar elm xadimi adını 1940-cı ildə alır. 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilir. O, 1943-cü ildə Stalin mükafatı laureatı olur və 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülür.

1981-ci il noyabrın 20-də Bakı şəhərində vəfat edib. ● Bakı, Gəncə, Tovuz, Bərdə, Şirvan və Mingəçevir şəhərlərində mərkəzi küçələrdən biri Mustafa Topçubaşovun adını daşıyır. ● 31 iyul 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Mustafa Topçubaşovun anadan olmasının 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

● 1995-ci ildə "Azərpoçt" tərəfindən Mustafa Topçubaşovun 100 illik yubileyinə həsr olunmuş poçt markası buraxılıb. ● Bakı şəhərində yerləşən Elmi Cərrahiyyə Mərkəzi Mustafa Topçubaşovun adını daşıyır. ● Kinorejissor Yalçın Əfəndiyev onun haqqında "Mustafa Topçubaşov.

Əsrin fonunda portret" sənədli filmini çəkib… ● 10 iyun 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mustafa Topçubaşovun 130 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗