Kəsəmənli Şirin bəy Cəfər oğlu — həyatı və yaradıcılığı

Şrift
Kəsəmənli Şirin bəy Cəfər oğlu — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Kəsəmənli Şirin bəy Cəfər oğlu — həyatı və yaradıcılığı.

Kəsəmənli Şirin bəy Cəfər oğlu 1887-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində doğulub. Ümumi təhsilini Tiflis Kadet Korpusunda alıb. Tiflisdə hərbi gimnaziyanın bitirdikdən (1905) sonra Qusar alayında qulluq edib, Kiyevdə 2-ci Konstantin topçu məktəbində hərbi təhsilini davam etdirib.

I Dünya müharibəsində (1914–18) "Vəhşi diviziya"nın tərkibində vuruşub, "İgidliyə görə" medalı və 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunub. Podporuçik Kəsəmənli I Dünya müharibəsi başlayan zaman Sarıqamışda cəmləşmiş 39-cu Piyada Diviziyasının 156-cı Yelizavetpol Piyada Alayında xidmət edirdi. Hərbi xidmətlərinə görə, o, artıq III dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə mükafatlandırılmışdı.

1916-cı il mayın əvvəllərində o, döyüşlərdə yaralandı və bundan sonra müalicə almaq üçün Tiflisə göndərildi. O, burada rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın hesab edilən Qeysər Kaşıyeva ilə evlənir. Bu evlilikdən Leyla adlı qızları dünyaya gəlir.

O, AXC Milli Ordusunun qurulmasında aktiv iştirak edib, Əliağa Şıxlinskinin komandanı olduğu Azərbaycan Korpusuna daxil olan II Qarabağ Süvari Alayında komandan müavini vəzifəsində xidmət edib. O, daşnakların işğalçı qüvvələrinə qarşı Qarabağda, Zəngəzurda və Qazaxda bir sıra uğurlu əməliyyatlarda iştirak edib və türk hərbi qüvvələri Azərbaycanı tərk etdikdən sonra Praporşiklər məktəbinin ilk azərbaycanlı rəisi olub. Hərbi nazirin 1919-ci il 8 aprel tarixli əmri ilə 2-ci Bakı piyada alayı (sonralar 4-cü Quba piyada alayı adlandırılıb) komandiri təyin edilmişdi.

Şimal sərhədlərinin müdafiəsi üçün yaradılmış Xaçmaz dəstəsinə rəhbərlik də Şirin bəy Kəsəmənliyə həvalə olunmuşdu. O, 1919-cu ilin 9 aprelində polkovnik rütbəsinə yüksəlir. Vəzifə başında olarkən Şirin bəy Kəsəmənli ağır şəkildə malyariya xəstəliyinə tutulur və 1919-ci il sentyabnn 29-da müalicə üçün Tiflisə göndərilir, müalicədə ikən hərbi nazirin 1919-ci il 7 dekabr tarixli əmri ilə 2-ci piyada diviziyası komandirinin müavini təyin edilir.

1920-ci il yanvarın 10-da 17 saylı hərbi idarənin əmri ilə hərbi nazir vəzifəsini icra edən artilleriya generalı Şıxlinski elan etdi ki, yanvarın 4-də Tiflisdə ağır xəstəlikdən sonra 2-ci piyada diviziyasının komandirinin köməkçisi polkovnik Şirin bəy Kəsəmənli vəfat edib. Sərəncamda mərhumun müstəqil Azərbaycanın silahlı qüvvələri qarşısında xidmətləri yüksək qiymətləndirilirdi və onun bütün dəfn xərclərinin dövlət tərəfindən qarşılanacağı bildirilirdi. Şirin Kəsəmənlinin dəfn mərasimi Gəncədə keçirilir və o, öz doğma kəndində dəfn edilir…

RUHU ŞAD OLSUN!!!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗