Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Gülarə Qədirbəyova — həyatı və yaradıcılığı.
Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində doğulub. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib, doğma kəndində müəllimlik edib. Sonra ictimai-siyasi fəaliyyətə cəlb olunub, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib, Şəki, Şamxor (indiki Şəmkir), Quba və Bakıda Qadınlar şöbəsinə rəhbərlik edib, 1927-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib.
"Şərq qadını" jurnalının redaktoru olub. 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində çalışıb."Şərq qadını" jurnalı fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olub. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparıb, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olub.
1936-cı ildə Əli Bayramov adına Qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilib, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi "müsavatçı" ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H. Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilib.
1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilib, 3 gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunub O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunub, hər dəfə də günahsız olduğunu qeyd edib. 1939-cu il yanvarın 20-də Gülarə Qədirbəyovanın istintaq işinin bitməsi haqqında protokol tərtib edilib, protokolla tanış olan müttəhim ora bu sözləri əlavə edi : "Mən partiyanın namuslu və sadiq üzvü olaraq qalıram". 1939-cu il fevralın 1-də Azərbaycan SSR Prokurorunun müavini Selivestrov və martın 28-də XDİK yanında Xüsusi Müşavirə Katibliyinin müvəkkili leytenant Xolodirov, Xüsusi Müşavirə Katibliyinin I müavini leytenant Borovkov qərara razılıq verdilər.
Beləliklə, Xüsusi Müşavirənin 1939-cu il 9 iyul tarixli (protokol №14) qərarı ilə Gülarə Qədirbəyova 5 il müddətinə Sibirə sürgün edilib. 1942-ci ildə Sibirdə sürgündə vəfat edib. 1957-ci il oktyabrın 30-da Azərbaycan SSR Ali Məhkəməsi onun haqqındakı 1939-cu il 9 iyul tarixli qərarı cinayət tərkibi olmadığına görə ləğv edib və ona bəraət verilib.
Gülarə Qədirbəyovanın həyat yoldaşı Asəf Rəhmanov 1938-ci il yanvarın 3-də güllələnib, qardaşı Kərim Qazıyev isə Müsavat Partiyasının fəal üzvü kimi sürgün edilib. Şəkidə Baş Göynük kəndindəki 1 saylı orta məktəb Gülarə Qədirbəyovanın adını daşıyır. 2025-ci ilə qədər Heydər Əliyev Mərkəzinin önündə, Qərbi Azərbaycan İcmasının binasının yerləşdiyi küçə Gülarə Qədirbəyova adına idi.
Həmin il XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamın anadan olmasının 200 illiyi münasibətilə küçənin adı Mirzə Qədim İrəvani olaraq dəyişdirilib…
